Onlayn ictimai-siyasi qəzet
Amerikalı jurnalist Taker Karlson Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibə almaq məqsədilə yenidən Moskvaya gəlib. O, müsahibənin çox vacib və maraqlı olduğunu vurğulayıb, çünki bu, Rusiya ilə Qərb arasındakı münasibətlərin gərgin olduğu bir dövrdə baş tutacaq.
T.Karlson vurğulayıb ki, ABŞ-nin Kiyevdəki səfirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin onun müsahibi almasına icazə verməyib. Amerikalı jurnalistin sözlərinə görə, səfirlik V.Zelenskidən tələb edib ki, müsahibə verməsin. Nəticədə T.Karlsonun Ukrayna lideri ilə birbaşa əlaqə qurması mümkün olmayıb.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev bilə-bilə ki, Qərb mediasını təmsil edən jurnalistlər haqlı davamıza dəstəkçi olmaqdansa, əsl həqiqəti beynəlxalq auditoriyaya çatdırmaqdansa, daha çox ittiham edici tərəf kimi çıxış edəcək, təxribatçı suallar verəcəklər, yenə də onlarla müsahibədən imtina etməyib, informasiya müharibəsində milli maraqlarımız naminə mübarizə aparıb.
Amma Rusiya ilə müharibə aparan Ukrayna prezidenti ABŞ səfirinin qadağası ilə xarici mediaya müsahibə verməkdən imtina edir. Ümumiyyətlə, xarici dövləti təmsil edən səfirin, bir diplomatın ölkə prezidentinə nəyisə diktə etməsi, qadağalar qoyması nə dərəcədə doğrudur? Adi bu mənzərə Ukrayna və onun prezidentinin vəziyyəti barədə nəyi ifadə edir?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, İkinci Qarabağ müharibəsi günlərində Prezident İlham Əliyev dünyanın ən aparıcı televiziya kanallarına, informasiya agentliklərinə müsahibələr verib və beynəlxalq ictimaiyyət tərəfindən bu müsahibələr çox maraqla qarşılanıb.
Onun sözlərinə görə, o dövrdə Azərbaycan Prezidenti həm də informasiya savaşının önündə gedib: “Prezident İlham Əliyev sadəcə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı kimi deyil, ümumiyyətlə, bütün sahələrdə ən öndə gedirdi. Təbii ki, bu da bizim qələbələrimizin şərtlərindən biri idi. Yəni, Cənab Prezident bu sahədə də böyük töhfə vermiş olurdu. Müstəqil dövlətin rəhbəri belə hallarda qərarı özü verir və buna görə kimdənsə icazə almalı deyil. Yaxud da kiminsə iradəsi onun üzərində deyil ki, qalxıb yasaq gətirsin. Belə bir şəraitdə Ukrayna prezidenti ilə bağlı bu vəziyyəti üzülərək izləyirik. Bir ölkənin prezidenti niyə hansısa xarici ölkədən, hətta onun səfirindən asılı olsun? Yaxud da ki, başqa bir ölkənin səfirinin tapşırıq, tövsiyə, istiqamətləndirməsi ilə hərəkət etsin? Halbuki, indinin özündə Ukrayna prezidentinin belə müsahibələrə çox ciddi ehtiyacı var. Yəni, Ukrayna davasını, özü də haqlı davasını dünyaya çatdırmaq üçün təbii ki, ona verilən media imkanlarından gen-bol istifadə etməlidir. Amma bu halda biz görürük ki, Ukrayna prezidenti ABŞ-nin səfirinin bir növ əngəlləməsi ilə üzləşib, ona da baş əyib. Bu, çox ciddi bir məsələdir”.
Siyasi şərhçi vurğulayıb ki, əgər həqiqətən də belə bir hadisə baş veribsə, Ukrayna prezidentinin ən azından öz xalqına hesabat verməsi lazımdır ki, niyə o, başqa bir dövlətin səfirinin təlimatı ilə hərəkət edir: “Belə müstəqillik, dövlət idarə etməsi olmur. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev qalxıb hansısa ölkənin səfirindən, yaxud da ki, başqa bir şəxsdən təlimat alsaydı, Azərbaycan buralara gəlib çıxa bilərdimi? Əlbəttə ki, bilməzdi. Bir dövlət başçısı bütün qərarlarında sərbəst, müstəqil olmalıdır ki, nəticə əldə edə bilsin. Cənab İlham Əliyev bunun ən yaxşı örnəyidir. Amma Ukraynanın belə bir vəziyyətində prezidentin durub ABŞ səfirinin təlimatı ilə xarici mediaya müsahibədən imtina etməsi anlaşılan deyil. Özü də Taker Karlsonun müsahibələri bütün dünyada maraqla izlənir, səs gətirir. Həmçinin təbliğat effekti çox yüksəkdir. Ümumiyyətlə, gerçəkləri dilə gətirmək üçün əvəzolunmaz bir tribunadır. Təəssüf ki, Ukrayna prezidenti belə çətin şəraitdə durub o cür tribunadan imtina edir, özü də hansısa səfirin təlimatı ilə. Açığı deyim ki, çox rəğbət bəslədiyim Ukrayna üçün bu vəziyyətə mən şəxsən üzülürəm”.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ