İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna parçalanır? - ruslar 30 minə yaxın əsgər itirsə də...

Rusiya-Ukrayna müharibəsi dördüncü ayına daxil olub. Artıq 92 gündür ki, döyüşlər davam edir. “Yeni Müsavat”ın mayın 25-nə olan məlumatına görə, rus ordusu 4 yaşayış məntəqəsini ələ keçirib. Bu barədə qondarma “lxr”in nümayəndəsi İvan Filiponenko məlumat verib. Onun sözlərinə görə, döyüşlər nəticəsində Svetlodarsk, Luqanskoe, Mironovski və Toşkovka yaşayış məntəqələri ələ keçirilib. Svetlodarsk şəhərinin tutulması barədə separatçılar məlumat yaymışdılar. Hətta meriya binasının üzərində də Rusiya bayrağı qaldırılmışdı. Şəhərdə Avropanın ən böyük istilik elektrik stansiyalarından biri olan Uqleqorsk İES yerləşir.

Bununla belə, Rusiya indiyə qədər 29 450 hərbçi itirib. Görünən budur ki, sağdan-soldan zərbələrə, sanksiyalara və təcridə, canlı itkiyə baxmayaraq, “Z” ordusu Ukraynanın şərq cəbhəsini tamamilə yarmaq, işğal etmək hədəfindən dönmür. Bu, Putin Rusiyası üçün yeganə çıxış yoludur ki, müharibədə nəticə qazandığını nümayiş etdirsin. Ona görə Krımla Donbas arasında quru yolun təmin edilməsi üçün bütün imkanlarını səfərbər etməkdədir.

Eyni zamanda Ukraynanın Qara dənizə çıxışını bloklayıb və sularda da hakim kəsilib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Davosda çıxışı zamanı Qərb ölkələrinin Rusiyanın dəniz blokadası məsələsini güc yolu ilə həll edə biləcəyinə inanmadığını bəyan etmişdi. “Əgər müharibənin ən faciəli anlarında NATO Ukraynanın səmasını bağlamadısa, indi niyə Qara dənizi açsın ki? Ukraynadan kənd təsərrüfatı məhsullarını ixrac etmək mümkün olsun deyə? Mən bu qərarı ürəkdən alqışlayacağam, amma bu məsələnin güc yolu ilə həllini tapması üçün Qərb və digər ölkələrin kişiliyinin və gücünün çatacağına inanmıram”, - Kuleba bildirib.

Belə aydın olur ki, bu gedişatla Ukraynanın bir neçə yerə bölünməsi təhlükəsi artır. Böyük Ukrayna xəritədə dəyişikliyə uğraya bilər. Bəs Qərb bunu istəyirmi? Misal üçün, Rusiya rəsmiləri iddia edirlər ki, Polşa Ukraynanın qərb şəhərlərini özünə birləşdirmək istəyindədir. Kuleba həmçinin “Ukraynanın ehtiyac duyduğu bütün silahlara sahib olduğu qənaətinə gəlmək üçün hələ tezdir” söyləyib. Ukraynanın baş diplomatı hesab edir ki, Rusiyanın Donbasa hücumu amansız döyüş, İkinci Dünya müharibəsindən sonra Avropa torpağında ən böyük döyüşdür: “Mən tərəfdaşları silah və sursat, xüsusilə də MLRS, uzun mənzilli artilleriya, APC-lərin çatdırılmalarını sürətləndirməyə çağırıram”.

Ukrayna hərbçilərinin sayı isə daha 300 min nəfərə qədər artırıla bilər. Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç belə deyib. Zelenskinin müşaviri bildirib ki, hazırda Ukraynanın ehtiyatda 700 min hərbçisi var. Yəni daha uzunmüddətli döyüşmək imkanları və rezervləri mövcuddur. ABŞ-dan gələcək 40 milyard dollarlıq yardım da gücünə güc qatacaq. Qondarma Donetsk Xalq Respublikasının sabiq “müdafiə naziri” İqor Girkin bildirib ki, hərbi əməliyyat o qədər anlaqsız və səmərəsiz keçirilir, bütün dünya, ən azından NATO buna gülür. Sitat: “”Əgər bunu Kremldə deyə bilmirlərsə, bütün faktlara əsaslanaraq düzünü deməliyəm, xüsusi hərbi əməliyyat tamamilə iflasa uğrayıb. Tamamilə". Hazırda o, Donbasdakı separatçıları, qondarma quruluşları dəstəkləyən “Novorossiya” ictimai hərəkatının rəhbəridir.

Bu arada, Böyük Britaniya Ukraynaya işğalçılar tərəfindən bloklanmış limanlardan buğda daşıyacaq gəmiləri müşayiət edə biləcək hərbi gəmilər göndərməyə hazırdır. Artıq müxtəlif ölkələrdən ibarət, necə deyərlər, “koalisiyanın” yaradılması barədə danışıqlar aparılır - onlar Britaniyanın təşəbbüsünə qoşulacaqlar. Bu barədə “The Times” qəzeti xəbər verib. Nəşrin məlumatına görə, Böyük Britaniya müttəfiqlərlə Qara dənizə hərbi gəmilər göndərmək barədə danışıq aparır. Bu gəmilər Ukrayna buğdası daşıyan yük gəmilərini müdafiə edə biləcəklər.

Son olaraq, Avropa Sülh Proqramı çərçivəsində Ukrayna üçün daha 535 milyon dollar ayrılması qərara alınıb. Üzv ölkələri təmsil edən Aİ Şurasının bəyanatına görə, bu məbləğlə birgə blokun Ukraynaya ümumi hərbi dəstəyi 2,14 milyard dollara çatıb. Bəyanatda əlavə edilib ki, ümumi məbləğin 520 milyon dollarının hərbi texnika, qalan hissəsi isə şəxsi qoruyucu vasitələr, ilkin tibbi yardım dəstləri və yanacağın təmin olunmasına xərclənməsi planlaşdırılır.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Rusiyadan neft alacaq şirkətləri ABŞ-ın sərt sanksiyaları gözləyir”

Politoloq Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya açıq-aşkar Ukrayna limanlarından taxılın ixracatına mane olur: “Digər tərəfdən, Rusiya Ukraynanın işğal etdiyi ərazilərindən taxıl oğurluğu ilə məşğuldur, kosmosdan çəkilən şəkillər də buna dəlalət edir. Avropa Mərkəzi Bankının proqnozlarına görə, dünyada ərzaq məhsullarının qiyməti artmaqda davam edəcək. Çinin xarici işlər naziri ”yaşıl dəhlizdən" danışarkən bunun həm Ukraynaya, həm də Rusiyaya tətbiq edilməsini təklif edib. Qərb bu təkliflə razılaşa bilməz. ABŞ və Avropa İttifaqı “yaşıl dəhlizi” yalnız Ukrayna üçün nəzərdə tutublar. Qərbin işğalçı müharibəyə görə Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur. Misal üçün, Rusiya neftinin alıcıları o qədər azalıb ki, neftlə dolu tankerlərə müştəri tapılmır. Çünki Rusiyadan neft alacaq şirkətləri ABŞ-ın sərt sanksiyaları gözləyir", - deyə E.Şahinoğlu müharibənin hazırkı gedişini belə şərh edir.

Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az

Qabil Hüseynli: “Müharibənin sonuncu mərhələsinə daxil olunur, uzağı ilin axırınadək davam edə bilər”

Professor Qabil Hüseynlinin fikrincə, bu gün Rusiyanın əlində Donetsk və Luqanskin müəyyən hissələri, eləcə də Krım əraziləridir: “Lakin müharibə hələ başa çatmayıb. Müharibənin ən qızğın dövrü yaxın vaxtlarda - uzağı beş-on gün ərzində başlaya bilər. Çünki bu müddət ərzində Ukrayna ordusu yenidən komplektləşdiriləcək, ordunun sayı bir milyon nəfərə çatdırılır, ən mühümü isə ordu Qərbdən müasir və öldürücü silahlar alır. Bu o deməkdir ki, Ukrayna ordusu təxminən 200-250 km-lik məsafədən Rusiya ordusuna öldürücü zərbələr vura biləcək. İndiyə qədər müharibədə əsasən atıcı silahlardan, artilleriyadan, imkan olduqca hərbi təyyarələrdən və digər silahlardan istifadə edilirdi. İndi Ukraynanın sərəncamında mükəmməl raket sistemləri, Amerika istehsalı olan silahlar var”.

Q.Hüseynli hesab edir ki, Ukrayna artilleriyası tamamilə təkmilləşdirilib: “Hava hücumundan müdafiə sistemi yenidən qurulub. Artıq Rusiyanın təyyarələri əvvəlki kimi Ukrayna səmasında hökmranlıq edə bilmir. Ruslar özləri də başa düşürlər ki, məğlubiyyət ərəfəsindədirlər. Müharibənin sonuncu - həlledici mərhələsinə daxil olunur. Bu müharibə payızın sonlarına, uzağı bu ilin sonlarına qədər davam edə bilər”.

Ramiyə Məmmədova: “Türkiyə ABŞ-la problemi həll edib”

Ramiyə Məmmədova: “Qərbin yardımları rus ordusunu şərq cinahından çıxara bilsə, Putin Ukraynanı üzüqara tərk edəcək”

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikincə, müharibə sonu görünməyən bir dalana dirənməkdədir. Ekspert rus ordusunun şərq bataqlığında çabaladığını düşünür: “Böyük iddialarla gələn Rusiya Kiyev və Çerniqovdan çəkilərək şərq bölgəsində qüvvələri cəmləşdirməyə üstünlük verdi. Əgər Qərbin yardımları rus ordusunu bu cinahdan da çıxarmağa müvəffəq olacaqsa, deməli, Putin üzüqara şəkildə Ukraynanı tərk edəcək. Amma Rusiya hakimiyyətinin Donbasda nəticə qazanmayınca, geri addım atmayacağını fikirləşirəm. Tarixdə bu şəkildə qeyri-müəyyən görünən müharibə olmamışdı. Kimin harada və nə vaxt dayanacağını təxmin etmək çətindir, amma aydın proqnoz budur ki, ruslar Donbası tam götürməyi hədəfləyib. Kiyev siyasətçiləri anti-Rusiya koalisiyasının verdiyi dəstəyin səviyyəsindən narazıdırlar. Çünki güclü texnika olmadıqca əks-hücum əməliyyatları apara bilmirlər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR