Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ukrayna dairəsi”ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən yeni layihə bir sıra üstünlüklərlə yanaşı problemlər də yaradıb. Bəzi sürücülər dairə ətrafındakı yolların vəziyyətinin əvvəlkindən fərqlənmədiyini, əksinə daha da pisləşdiyini deyirlər. Onların sözlərinə görə, inşaat işlərindən sonra yollar daralıb, bu da öz növbəsində daha böyük tıxacın yaranmasına səbəb olub. Xüsusilə dairəyə Məhəmməd Hadi küçəsi istiqamətindən gələn avtomobillər tıxacın artmasından, nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış zolağın darlığından şikayətçidir.
Sürücülərin digər qismi isə düşünür ki, yeni layihə dairə ətrafında təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olub. Onlar bildirir ki, əvəllər burada hər ay 10-dan çox yol qəzası olurdu və insanalr tez-tez belə hadisələrin qurbanına çevrilirdi. İndi isə bu cür hallar aradan qalxıb, piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib.
Onlar deyir ki, “Ukrayna dairəsi”ndə yaranan böyük tıxacları yalnız işıqforlar vasitəsi ilə tənzimləmək olar.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, dairədə yeni layihəyə qədər 173 konfilikt nöqtəsi var idi ki, onlar tez-tez qəza şəraiti yaradırdı. Bu da insan ölümləri ilə nəticələnirdi. Onun sözlərinə görə hazırda konfilikt nöqtələrinin sayı 23-ə endirilib, risklər miniumuma salınıb.
“5 istiqamətdə fərqli küçələrdən oraya giriş nizamlı təşkil olunub. Bunun yan fəsadı kimi yanaşı yollarda sıxlıq artıb. İşıqforla bu nizamlansa müsbət təsir edər. Ümumi olaraq bu şəhər üçün ən önəmli olan təhlükəsizlikdir. İnsanların həyatından ən dəyərli heç nə ola bilməz.
Əsas axın Məhəmməd Hadi, Neapol və Aşıq Ələsgər küçələrindən olur. Bu istiqamətdə işıqfor qoyula bilər, amma orada təhlillər aparılmalıdır. Metronun təmir məsələsi də qismən təsir edir. Məhəmməd Hadi küçəsi uzadılsa və 8 Noyabr prospekti ilə əlaqələnsə, vəziyyət indikindən yaxşı olar”.
Şahanə Rəhimli
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ