Onlayn ictimai-siyasi qəzet
Bəzi ixtisaslar üzrə tədris müddəti azaldıla bilər - ekspert nə deyir...
Son günlər cəmiyyətdə ali təhsil müddətinin qısaldılması ilə bağlı müzakirələr artıb. Bir sıra ekspertlər hesab edir ki, bəzi ixtisaslar üzrə 4 illik təhsil çoxdur. Onlar bir sıra ixtisaslarda 2-3 illik təhsili məqbul hesab edirlər. Elm və təhsil naziri Emin Əmrullayev hələ iki il əvvəl ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı pilot layihə həyata keçiriləcəyini vəd etmişdi. Onun sözlərinə görə, bu, təhsilalanların sayının artırılmasına da səbəb olacaq: “Hesab edirəm ki, bu, faydalı olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur”.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib ki, Azərbaycanda ixtisasların yeni təsnifatı yaradılıb. Bəzi ixtisaslar üzrə tədris müddəti azaldıla bilər. O əlavə edib ki, müddətin azaldılmasının tibbi mühəndisliyə dair ixtisaslara tətbiqi gözlənilmir. Onun sözlərinə görə, bu proses icra edilərsə, qanunda dəyişiklik olmalıdır. Nicat Məmmədlinin sözlərinə görə, dəyişiklik dövlət standartlarına uyğun olaraq bütün universitetlərdə tətbiq olunacaq.
Tələbələr də bəzi ixtisaslar üzrə 4 ilin çox zaman olduğunu düşünür. Belə ki, bəzi ixtisaslar üzrə 2 illə kifayətlənəcəyini düşünən tələbələr nəzəriyyədən daha çox praktika öyrənilməsinin vacib olduğunu deyirlər.
Təhsil ekspertlərinə görə, bəzi ixtisaslar üzrə 4 il çoxdur. Proqramı qeyri-ixtisas fənləri ləğv etməklə 3 ilə yekunlaşdırmaq olar.
Bəs görəsən, ali təhsil müəssisələri bu yeniliyi necə qarşılayır? Tədris müddətinin aşağı salınması təhsildə keyfiyyətə təsir etməyəcək ki?
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, ilk olaraq, hansı ixtisaslarda bu islahatın tətbiqi mümkündür və məqsədəuyğundur sualına cavab vermək lazımdır: “Ən uyğun sahələr saf nəzəriyyə və ya tətbiqyönümlü texniki ixtisaslardır. Məsələn, kompüter elmləri, proqramlaşdırma, riyaziyyat, biznesin idarə olunması, mühasibatlıq, turizm və xidmət sahələri kimi sahələrdə beynəlxalq təcrübə göstərir ki, baza biliklərini 3 il ərzində vermək mümkündür. Bu sahələrdə tələbə üçün əsas məqsəd ilkin nəzəri baza ilə bazar ehtiyaclarına uyğun bacarıqları qazanmaqdır. Sonrakı mərhələdə isə magistratura təhsili və ya praktiki təcrübə ilə biliklər dərinləşdirilə bilər. Lakin tibb, hüquq, müəllimlik, mühəndislik, jurnalistika, memarlıq və incəsənət kimi sahələrdə bu modelin tətbiqi ciddi suallar doğurur. Bu ixtisaslar həm peşə məsuliyyətinin, həm də kompleks praktiki bacarıqların formalaşması baxımından daha uzun və mərhələli tədrisə ehtiyac duyur. Məsələn, tarix və filologiya sahələrində şagirdə məzmun ötürmək sadə görünsə də, onun təhlili, müqayisə bacarığı, mənbələrlə işləmə və tədqiqat vərdişləri zamanla formalaşır. Üçillik tədris bu proses üçün kifayət qədər dar çərçivə yarada bilər”.
Ekspert deyir ki, tədris müddətinin qısaldılması ali təhsil müəssisələri üçün həm təhlükə, həm də imkan yaradır: “Bir tərəfdən, bu dəyişiklik universitetlərə daha çox çevik və modul əsaslı proqramlar yaratmaq, əmək bazarının çağırışlarına daha tez uyğunlaşmaq imkanı verə bilər. Xüsusilə rəqəmsallaşma və texnologiya sahəsində bu çeviklik müsbət qarşılanacaq. Digər tərəfdən, bəzi ali təhsil müəssisələri üçün bu model maliyyə və reputasiya baxımından çətinliklər yarada bilər. Çünki təhsil müddəti azaldıqca, universitetin gəliri və tələbələrlə uzunmüddətli elmi əməkdaşlıq imkanları da məhdudlaşa bilər. Bu isə universitetin elm-tədris bazasını zəiflədə bilər”.
K.Əsədovun sözlərinə görə, təhsil müddətinin qısaldılmasının təhsilin keyfiyyətinə təsiri isə birbaşa tədris metodologiyasından, müəllim hazırlığından və dərs proqramlarının optimallaşdırılmasından asılı olacaq: “Əgər sadəcə fənlərin sayı ixtisar olunacaqsa, bu zaman təhsil səthiləşəcək, tələbələr yalnız imtahandan keçmək üçün öyrənəcək, lakin dərin bilik və analitik bacarıqlar formalaşmayacaq. Əgər üçillik model tətbiq olunacaqsa, proqramlar modul əsaslı, praktik yönümlü, interaktiv və layihə əsaslı olmalı, təcrübə və tədqiqat komponentləri gücləndirilməlidir. Məsələn, Almaniyada üçillik bakalavr proqramı olan texniki universitetlərdə dərslərin 40-50%-i laboratoriya, staj və sahə təcrübəsindən ibarətdir. Tələbə dərsi yalnız dinləmir, onu tətbiq edir.
Azərbaycanda isə hazırkı ali təhsil proqramlarının böyük hissəsi hələ də mühazirə və imtahanyönümlü olduğundan, bu modelin uğurla tətbiqi üçün məzmunun tamamilə yenilənməsi, müəllim heyətinin yenidən hazırlanması və universitetlərin texniki və metodoloji imkanlarının gücləndirilməsi vacibdir. Əks halda, üçillik model sadəcə “tez bitir, tez işlə” devizi ilə formalaşacaq və bu da təhsilin keyfiyyətinin daha da düşməsi ilə nəticələnəcək. Nəticə olaraq, ali təhsildə üçillik modelin tətbiqi yalnız seçilmiş ixtisaslarda, beynəlxalq təcrübəyə uyğun, gücləndirilmiş tədris proqramları ilə və magistratura pilləsinin paralel şəkildə təkmilləşdirilməsi şərti ilə tətbiq oluna bilər. Bu dəyişiklik ali təhsil sistemində çevikliyi artıra, universitetləri daha dinamik edə, əmək bazarına daha tez çıxışı təmin edə bilər. Lakin mövcud keyfiyyət problemləri nəzərə alınmadan tətbiq olunarsa, bu, həm tələbənin, həm də cəmiyyətin intellektual potensialına mənfi təsir göstərəcək. Ona görə də ali təhsil müddətinin azaldılması təhsil islahatı yox, məqsədli strateji dönüş olmalıdır. Bu dönüş isə yalnız elmi əsaslandırılmış, mərhələli və sistemli yanaşma ilə baş tuta bilər".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ