İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç nəfər bir nəfərə qarşı – Zelenski “Tramp-Putin planı”nı dəfn etdi?

Ukrayna prezidenti Volodimir Zelenski sən demə, heç də “tez sınan qoz”, “əl uşağı” deyilmiş. ABŞ lideri Donald Trampla Ağ Evdə dünənki qalmaqallı mübahisədən, həm də iki nəfərin (Tramp və Vens, Putin də nəzərə alınarsa, üç olur!) bir nəfərə qarşı olduğu “döyüş”dən sonra onun ölkə daxili və xaricində nüfuzu şübhəsiz, artacaq.

Hər necə olmasa, adekvat insanlar öz xalqının və dövlətinin maraqlarını inadla müdafiə edən liderlərə hörmət və rəğbət bəsləyir. Ukrayna isə hazırda torpaqlarının 20 faizinə yaxını işğal edilən və ərazində işğalçı müharibənin bilmədiyi bir ölkənin prezidenti...

Əlbəttə, keşkə bu müharibə heç olmasaydı. Fəqət, olan oldu. Ukrayna xalqı ağır müsibətlərə, çətin sınaqlara tuş gəldi və gəlməkdədir. Bəs görəsən “aktyor” Zelenskinin yerinə tutaq ki, aktyor Ronald Reyqan Ukrayna prezidenti olsaydı, Rusiya yenə təcavüzə cəsarətlənərdimi? Yəni müharibənin başlanmasında Zelenskinin günah payı nə qədərdir? Varmı?

Yəqin ki. Ancaq varsa da, Putin ondan yüz qat çox günah yiyəsidir. Bu yerdə təkrarçılıq olsa da, yazaq ki, əgər ev sahibi möhkəm yatıbsa, öz həyətinin qapısını yaxşı bağlanmayıbsa, hasar çox hündür deyilsə, həyətdə mühafizəçi it saxlanılmırsa, bu oğruya o evə girməyə haqq vermir...

Dünyada müharibə arzulayan normal insan tapmaq yəqin ki, mümkünsüzdür. Bu qanlı, amansız müharibəyə də tezliklə son qoyulmaldır. Ancaq Ukrayna xalqının da qəbul edə biləcəyi, onun aşağılanmayacağı, qüruru ilə oynanılmayacağı şəkildə. Bu yolda kim dəstəkçi olacaqsa, buyursun, nəinki biznes maraqları naminə ukraynalıların iztirabları ilə alver etmək istəyən qərbli “sülhpərvərlər”.

Bundan sonra nə olacaq, Ukrayna xalqı onun evinə girən silahlı “oğru”ya qarşı millət olaraq toparlanıb da nəhayət, böyük vətən savaşına başlayacaqmı? Avropanın aparıcı dövlətləri onların birbaşa qonşuluğunda yaşanan taleyüklü olayları necə, bütün ciddiliyi ilə dərk edəcəkmı? Görəcəyik...

“Zelenskinin Vaşinqton səfəri Ukraynanın və şəxsən onun özünün diplomatik və siyasi qələbəsi ilə bitib”.

Bu sözləri amerikalı politoloq Yuri Felştinski Oval kabinetdə Tramp-Zelenski görüşünü şərh edərkən deyib (Haqqin.az).

Politoloq hesab edir ki, Zelenski Amerikanın, Kanadanın və Avropanın demokratik yarısının dəstəyini saxlayır. “Ümid edək ki, Ukrayna prezidenti onun vasitəsilə Trampın və tərəfdarlarının Ukraynanı Putinə təslim etməklə bağlı ümidlərini birdəfəlik basdırmış oldu. Əslində ötən gün Ağ Evdə başqa bir şey də yaşandı: Zelenski Putin-Tramp “sülh planını” Tramp-Putin görüşü baş tutmadan dəfn etdi”, - analitik qeyd edib.

Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri arasında görüş reallaşmayacaq, çünki Putin-Tramp “sülh planı” iflasa uğrayıb: “Təəssüf ki, Amerika növbəti 4 il üçün etibarlı müttəfiq və tərəfdaş kimi unudulmalıdır. İndi ABŞ-ın yeni tərəfdaşı və müttəfiqi var - Putin. Trampın ötən gün Zelenskiyə təsdiqlədiyi də elə bu idi. Bu, şübhəsiz, Ukraynanın mövqeyini sadələşdirir, çünki müharibə zamanı boş ümidlərdən daha təhlükəli heç nə ola bilməz. Ukrayna ABŞ-ın iştirakı olmadan özünə və müttəfiqlərinin köməyinə arxalanmalıdır. Bütün Amerika isə Trampın xəyanətinin əvəzini çox tezliklə ödəməli olacaq”...

Bu qənaətlərlə razılaşmamaq çətindir. Xüsusən də Zelenskinin siyasi-diplomatik qalibiyyəti ilə bağlı məqamla. Ukraynanın uduşu olan yerdə isə Putinin qələbəsindən danışmağın anlamı qalmır.

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

BÜTÜN XƏBƏRLƏR