İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç Aİ ölkəsinin baş naziri bombalanan Kiyevdə - nələri danışdılar?

Ekspert: “Avropa liderləri anlayırlar ki, Ukraynanın işğalının qarşısı alınmayacaqsa, sabah rus işğalı Avropanın təhlükəsizliyini təhdid edəcək”

Avropanın üç ölkəsinin lideri Rusiya qoşunlarının Ukrayna paytaxtı və ölkənin digər şəhərlərini atəşə tutduğu vaxtda - çərşənbə axşamı Kiyevə gəlib. Rusiyanın qonşu ölkəni işğal etməyə başlamasından təxminən üç həftə sonra Çexiyanın baş naziri Petr Fiala, Polşanın baş naziri Mateuş Moravietski və Sloveniyanın baş naziri Yanez Yansa Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmihal ilə görüşdə Avropa İttifaqını təmsil etmək üçün Kiyevə səfər etdiklərini bildiriblər.

“Səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə birmənalı dəstəyini təsdiqləməkdir. Bu səfərin məqsədi həm də Ukrayna və ukraynalılara geniş dəstək paketini təqdim etməkdir”, - deyə Fiala bildirib.

“Dünya üçün belə kritik vaxtlarda tarixin yazıldığı yerdə olmaq bizim borcumuzdur. Çünki söhbət bizdən deyil, zülmdən azad bir dünyada yaşamağa layiq olan uşaqlarımızın gələcəyindən gedir”, - deyə Moravietski Facebook səhifəsində yazıb.

Bəs üç Avropa İttifaqı ölkəsinin liderinin birlikdə Kiyevə gəlişinin proseslərə hər hansı təsiri olacaqmı?

İstənilən iş adamını istənilən vaxt çökdürmək mümkündür" - Taliyət Əliyev

 Taliyət Əliyev

ADP sədrinin müavini Taliyət Əliyev “Yeni Müsavat”a bildirdi ki, son günlər Rusiyanın işğalçı qüvvələrinin Ukrayna şəhərlərini bombalaması nəticəsində dinc insanlar, uşaqlar ölür: “Bu, hərbi cinayətdir. İşğalçı ordunun əsas məqsədi Kiyevi tutmaq və özünün marionet hökumətini qurmaqdır. Hadisələrin gedişatı onu göstərir ki, Putinin bu məqsədinə çatması real görünmür. Çünki Putin 3-4 günə bu məqsədlərinə nail olmağı planlaşdırsa da, artıq 20 gündür müharibə gedir və işğalçı rus ordusu böyük miqyasda itkilərlə üzləşib. Bu da Putinin planlarını alt-üst edib. Ukraynanın bu dirənişinin əsasında bütün xalqın düşmənə qarşı vahid bir cəbhədə səfərbər olması birinci səbəbdirsə, ikinci səbəb dünyanın sivil dövlətlərinin əksəriyyətinin, xüsusilə Qərb və Avropa dövlətlərinin Ukraynaya maddi, hərbi, siyasi və mənəvi dəstək verməsidir. Polşanın, Sloveniyanın və Çexiyanın baş nazirlərinin müharibənin belə bir kritik məqamında xüsusilə Kiyevə səfərləri də bu dəstəyin tərkib hissəsidir. Əlbəttə ki, 3 Avropa İttifaqı ölkəsinin liderlərinin Ukraynanın paytaxtı Kiyevə səfəri hadisələrin gedişatına təsirsiz ötüşməyəcək. Çünki Avropa liderləri anlayırlar ki, Ukraynanın işğalının qarşısı alınmayacaqsa, sabah rus işğalı Avropanın təhlükəsizliyini təhdid edəcək. Hesab edirəm ki, bu səfər həm də Qərb dövlətləri ilə əlaqəli şəkildə həyata keçirilən bir səfərdir. Bu hadisələrin fonunda ABŞ prezidenti Co Baydenin Ukraynaya 13,6 milyard dollar yardım büdcəsini də təsdiq etməsi təsadüfi deyil. Əlbəttə ki, bu səfərin bizə məlum olmayan tərəfləri də var. Əsas məsələlər də mediaya açıq olmayan görüşlərdə müzakirə olunur. Ən azı bizə məlum olanlardan çıxış edərək deyə bilərik ki, Rusiyanın bu müharibədə məğlubiyyəti qaçılmazdır”.

Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də  müsbət təsir etdi”

Araz Aslanlı

Politoloq Araz Aslanlı isə bildirib ki, adıçəkilən üç ölkənin baş nazirinin birlikdə Kiyevə gəlişi Ukraynaya ilk növbədə psixoloji dəstək kimi çox lazım idi: “Bu üç ölkənin baş nazirlərinin hərəkəti cəsarətli addım və yaxşı dəstək kimi qiymətləndirilə bilər. Eyni zamanda aydındır ki, bu səfərlə bağlı qərar, sadəcə, bu üç liderə aid deyil, Qərbin (NATO-nun və Avropa İttifaqının) ümumi qərarı və Ukraynaya dəstəyinin simvoludur. Səfər edənlər arasında Almaniya, Fransa və İngiltərədən heç olmasa birinin rəhbərinin olması daha fərqli hava da yarada bilərdi. Amma 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı olduğu kimi Qərb orta səviyyəli nümayəndə heyəti göndərməyə qərar verdi.

Eyni zamanda səfər yəqin ki, mənəvi dəstəkdən əlavə nəticələr də yaradacaq. Kiyevə baş naziri səfər edən üç ölkə səmimi şəkildə, mümkün qədər tez vaxtda müharibənin bitməsini və atılan addımların nəticə verməsini arzulayır, bu istiqamətdə əlindən gələni edir, Ukraynanın ərazi bütövlüyünü (Krım da daxil olmaqla) tam dəstəkləyir. Amma eyni zamanda ehtimal olunur ki, Şərqi Avropa dövlətləri hazırda Ukraynada müharibənin dayanmasını Ukraynanın ərazi bütövlüyündən daha çox önəmli görürlər. Bu, tərəflər arasında azacıq da olsa fikir ayrılığına səbəb ola bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR