Onlayn ictimai-siyasi qəzet
Türkiyə xüsusi xidmət orqanları ölkədə fəaliyyət göstərən ən mürəkkəb texnoloji casus şəbəkələrdən birini, Çin kəşfiyyat qrupunu aşkara çıxarıb. Bu şəbəkə saxta baza stansiyalarından istifadə edərək Türkiyə rəsmilərini izləyirmiş.
Ankarada casusların avtomobillərində adi mobil rabitə qüllələrinin siqnallarını təqlid edən “IMSI-catcher” tipli cihazlar aşkarlanıb. Bu qurğular vasitəsilə 50 metr radiusda olan mobil telefonlardan zənglər, mesajlar, yer məlumatları və digər həssas informasiyalar toplanıb. Hadisə zamanı Çin vətəndaşı olan 7 şübhəli şəxs cinayət başında yaxalanaraq saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
İstintaqın məlumatına görə, casus şəbəkəsinin lideri, baş hərfləri Z.L. olan Çin vətəndaşı beş il əvvəl Türkiyəyə gəlib. O, türk dilini öyrənib, logistika və xarici ticarət sahəsində formal şirkətlər quraraq casusluq əməliyyatları üçün zəmin hazırlayıb.
Əməliyyatın öz-özünü maliyyələşdirdiyi bildirilir. Casuslar adi Türkiyə vətəndaşlarının bank hesablarını sındıraraq oğurlanmış vəsaitləri öz fəaliyyətlərinə yönəldiblər. Əsas hədəf isə Uyğur diasporasının nümayəndələri və Çin hakimiyyətinin Pekinə qarşı simpatiyada şübhələndiyi türk məmurları olub.
Mənbələrin verdiyi məlumata görə, “IMSI-catcher” cihazları aşkarlanmamaq üçün hissə-hissə ölkəyə gətirilib: antenalar, batareyalar və digər komponentlər müxtəlif insanlar tərəfindən və müxtəlif reyslərdə daşınıb.
Casus şəbəkəsi İstanbul, İzmir, Manisa, Balıkesir və Bursa şəhərlərində aktiv şəkildə fəaliyyət göstərib, uyğurların və onlarla əlaqədə olan şəxslərin hərəkətlərini və əlaqələrini izləyib. Xüsusilə aktivistlərlə dövlət qurumları arasındakı əlaqələrin toplanmasına diqqət yetirilib.
Z.L. peşəkar şəkildə hazırlanmış agent hesab olunur, digər üzvlər Türkiyə mənbələrinin dediyinə görə xüsusi bacarıqlara malik olmayıblar. Məsələn, Z.Y.B. adlı şəxs yalnız ibtidai təhsilə malik olub və cihazların daşınması və müəyyən nöqtədə aktivləşdirilməsi işini görüb. Digər bir üzv W.R. isə özünü lift texniki kimi təqdim edib.
Şübhəlilər casus şəbəkəsinə aid olduqlarını və bir-birilərini tanımadıqlarını iddia etsələr də, istintaq onların mütəmadi görüşdüyünə və əlaqədə olduqlarına dair sübutlara malikdir.
Türkiyə hakimiyyəti bu hadisəni ölkədə indiyədək ifşa olunmuş ən genişmiqyaslı və texnoloji cəhətdən inkişaf etmiş casusluq işi adlandırır. Digər ölkələrin məsələn, İsrail və ya İranın casus şəbəkələrindən fərqli olaraq, Çin qrupu yerli agentlər və ya özəl detektivlər deyil, qabaqcıl texnologiya vasitəsilə və yalnız öz adamları ilə fəaliyyət göstərib.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ