Onlayn ictimai-siyasi qəzet
Türkiyəni etiraz dalğaları bürüyüb. İstanbul Böyükşəhər (metropol) Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir. Səbəb martın 18-də İmamoğlunun universitet diplomu ləğv olunması, ertəsi gün isə onun müxtəlif ağır cinayətlərdə ittiham edilərək saxlanmasıdır. İmamoğlu əsasən korrupsiya və terror təşkilatı yaratmaqda şübhəli bilinirdi. İlk məhkəmədə o, korrupsiya ittihamları ilə həbs olunmuş, barəsində qaldırılmış terrorçuluq ittihamları isə rədd edilmişdi. İmamoğlunun bu şəkildə cəzalandırılması xalq tərəfindən onun zorakı üsullarla susdurulmasına cəhd kimi qitmətləndirilmiş və tərəfdarlarının küçələrə çıxması ilə nəticələnmişdi.
Bəs qardaş ölkədə cərəyan edən hadisələrin alt qatında nələr var? İmamoğlunun həbsi hansı zərurətlərdən doğub?
Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Türkiyədə yaşananlar qlobal dünyada baş verənlərin əks-sədasıdır və bunu sadəcə daxili faktorlarla izah etmək doğru deyil: “Bilirsiniz ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə qlobal səviyyədə milliyyətçilərlə qlobalistlər arasında mübarizə yeni mərhələyə - aktiv fazaya qədəm qoydu. Tramp bunu açıq şəkildə etiraf edir və uzun illər boyu qlobalistlərin əsas platforması kimi fəaliyyət göstərən Demokratlar Partiyasını tamamilə sıradan çıxarmağı qarşısına hədəf qoymuşdur. Təsadüfi deyil ki, Trampın hakimiyyət komandasının aparıcı üzvləri sayılan Elon Mask, JD Vans kimi nüfuzlu şəxslər yalnız ABŞ-la qalmamış, Avropadakı siyasi prosesləri, xüsusilə də qlobalist qüvvələri sərt tənqid atəşinə tutmuşdu. Bu da istər-istəməz Avropada da müəyyən çalxanlanmalara yol açmış, millətçi-qlobalist rəqabətini qızışdırmışdı. JD Vansın ötən ayın 15-də Münxen Təhlükəsizlik Forumunda 20 dəqiqəlik çıxışı indiyədək Avropa siyasilərinin yadından çıxmayıb və məhz bu çıxışından sonra Avropa ABŞ-dan asılılığa son qoymaq üçün öz ordusunu qurmaq qayğısına qalmış və ciddi silahlanma yarışına girmişdi. Bu istiqamətdə Avropanın böyük ümidlər bəslədiyi ölkələrdən biri də Türkiyə idi”.
Türkiyədə CHP-nin Co Bayden hakimiyyəti tərəfindən qlobalistlərin qalası sayıldığına diqqət çəkən Heydər Oğuz xatırlatdı ki, Bayden hakimiyyətə gəlməmişdən əvvəl seçiciləri görüşündə açış-aşkar Ərdoğanı “demokratik yolla” devirmək istədiyini bildirmişdi: “O demişdi ki, hərbi çevriliş yoluyla Ərdoğanı devirmək mümkün olmadı. Amma hakimiyyətə gəldikdən sonra bütün müxalif qüvvələri bir çatı altında birləşdirib onu mütləq devirəcək. Həqiqətən də biz 2024-cü ilin prezident seçkilərində Türkiyədə bir sıra müxalif partiyanın CHP ilə birləşdiyini və Ərdoğana qarşı vahid namizəd çıxardığını gördük. Hətta seçkilərin ilk turunda CHP kiçik fərqlə də olsa, AKP-dən daha çox səs alaraq seçkini birinciliklə tamamlamışdı. AKP II turda bütün qüvvələrini səfərbər edib kiçik fərqlə qalib gəldi. Beynəlxalq qlobalistlərin CHP üzərində qurduğu həmin mexanizm bu gün də özünü qoruyur və Türkiyədə İmamoğluna qarşı başlayan kampaniya da əslində onun şəxsən özündən çox, həmin mexanizmin sıradan çıxarılmasına qarşı yönəlib. Məhz bu səbəbdən məhkəmə iddiaları təkcə İmamoğluna qarşı hazırlanmayıb. Onunla bərabər 100-dən artıq şəxs göz altına alınıb və bu şəxslərdən bəziləri terror təşkilatı PKK ilə əməkdaşlıqda şübhəli bilinir. Müttəhimlərin siyahısının bu qədər geniş tutulması, zənnimcə, qlobalistlərin qurduğu güclü mexanizmi tamamilə sıradan çıxarmağa hesablanıb”.
Heydər Oğuzun fikrincə, İmamoğlunun həbsindən bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın Ərdoğana zəng etməsi də təsadüfi sayılmaya bilər: “Məlumdur ki, martın 16-da Tramp Ərdoğana zəng etmiş və onunla iki dövlət arasındakı bir çox məsələləri masaya yatırmışdı. İndiyədək liderlərin konkret hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb. Amma bu telefon danışığından cəmi 2 gün sonra İmamoğlunun diplomunun ləğv olunması, ardınca da onun həbsə atılması liderlərin Türkiyədəki qlobalist hücrələrin yaratdığı təhlükəni və bu təhlükəyə qarşı mübarizəni də masaya yatırdıqları ehtimalını müzakirə etdiklərini ağla gətirir. Başqa sözlə desək, mümkündür ki, İmamoğlu üzərində qurulan beynəlxalq qlobalist mexanizmin sındırılması Trampla da razılaşdırılıb”.
Heydər Oğuzun fikrincə, haqqında bu qədər ciddi ittihamlar səsləndirilən İmamoğluya bu günə qədər səbrlə yanaşılmasının altında yatan mübhəm onun ABŞ və Avropa tərəfindən ciddi şəkildə dəstəklənməsi idi: “Xüsusilə də Türkiyənin həssas iqtisadi vəziyyəti ABŞ və Avropa tərəfindən ona qarşı tətbiq olunacağı gözlənilən sanksiyaları qorxunc hala gətirirdi. Qardaş ölkənin rəsmi şəxsləri bu sürprizlə qarşılaşmamaq üçün CHP-nin bütün nazına dözməyə üstünlük verirdi. İndi isə ABŞ-da iqtidar dəyişilib və Baydenin yerinə dünyada inqilabi dəyişikliklərə imza atmaq, özəlliklə də qlobalistlərə öldürücü zərbə vurmaq istəyən Tramp hakimiyyətə gəlib. Mümkündür ki, Tramp da Türkiyənin qlobalist xətdən uzaqlaşmasında Ərdoğan qədər maraqlıdır. Odur ki, Türkiyədə qlobalistlərə qarşı mübarizənin başlanmasına Tramp da etiraz etməyib. ABŞ rəsmilərinin Türkiyədə baş verənlərlə bağlı səssiz qalması, bunu rəsmi şəkildə Ankaranın daxili işi hesab etmələri də bu ehtimalı qüvvətləndirir. Bunun əksinə olaraq, Avropadan tamamilə fərqli reaksiyalar gəlməkdədir. Avropa Şurası İmamoğlunun həbsini qınadı, Aİ-nin bir çox strukturları İmamoğlunu dəstəkləyən bəyanatlar verdi və s. Bu fərqli münasibətlər Qərb dünyasında qlobalist-millətçi rəqabətinin bir təzahürü kimi önə çıxır və bizim iddialarımızı dəstəkləyir”.
Heydər Oğuzun fikrincə, ABŞ-ın faktiki olaraq AKP hakimiyyətinə səssiz dəstək verməsinin başlıca səbəblərindən biri də Türkiyə-Avropa yaxınlaşmasının qarşısının alınmasına hesablana bilər: “Sirr deyil ki, Tramp hakimiyyətə gəldikdən sonra öz ordusunu qurmaq istəyən Avropanın Türkiyəyə ciddi ehtiyacı yaranmışdı. Hətta Türkiyənin bu ittifaqa daxil olması belə bəzi çevrələr tərəfindən müzakirə olunurdu. ABŞ isə bunu istəmir, Türkiyə kimi güclü dövlətləri öz yanında görməyi arzulayır. ABŞ-ın Avropadan fərqli olaraq Yaxın Şərqə daha çox yönəlməsi və Türkiyənin də bu regionda yerləşməsi onun qardaş ölkəyə münasibətinin əsl səbəbinə aydınlıq gətirir. Təbii ki, Yaxın Şərqdəki proseslərin mərkəzində yer almaq və güclü tərəflə bir yerdə olmaq Türkiyənin də marağına uyğundur. Tərəflərin bu ortaq hədəfləri onları yaxınlaşdırır və bir-birindən asılı vəziyyətə gətirir. Fikrimcə, yaxın zamanlarda İsrail də başda olmaqla bütün Yaxın Şərq məsələsi Türkiyəyə həvalə edilə və qardaş ölkə bu regiondakı proseslərin nizamlanmasında mühüm rol oynaya bilər. Nəzərə alsaq ki, yaxın zamanlarda həm də İran məsələsi gündəmə gətirilə bilər, Türkiyənin bu proseslərdən kənarda dayanması qətiyyən mümkün görünmür.
Məsələlərə bu aspektdən baxanda Türkiyənin dünya düzənində tutacağı mövqe təkcə regionun deyil, həm də dünya geosiyasətinin taleyini müəyyənləşdirə bilər”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ