Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, qardaş ölkə Türkiyədə 1 milyon insanın qatıldığı səsvermədə 2024-cü ili xarakterizə edən kəlmə seçilib.
Türk Dil Qurumu (TDK) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə keçirilən səsvermə nəticəsində “2024-cü ilin sözü” olaraq “kütləvi yalnızlıq” ifadəsi seçilib.
Türk Dil Qurumu və Ankara Universiteti İletişim Araşdırmaları və Tətbiq Mərkəzinin (İLAUM) əməkdaşlığı ilə təşkil edilən yarışmada 7 söz və ifadə xalq səsverməsinə təqdim edilib. Səsvermədə aşağıdakı ifadələr yer alıb:
• Kütləvi yalnızlıq,
• Mərhəmət,
• Yadlaşma,
• Alqoritm,
• Dekadensiya (yozlaşma, deqradasiya),
• Süni intellekt,
• Rəqəmsal yorğunluq.
Təxminən 1 milyon insanın iştirak etdiyi bu səsvermədə “kütləvi yalnızlıq” ifadəsi birinci yerə çıxıb və “2024-cü ilin sözü” seçilib.
“Kütləvi yalnızlıq” nədir?
Mütəxəssislər bildirir ki, bu ifadə insanların böyük kütlələr içərisində belə özlərini yalnız hiss etdiklərini təsvir edir. Bir-birinə zidd kimi görünən “yalnızlıq” və “kütləvi” anlayışları eyni zamanda mövcud ola bilir. Bu fenomen əsasən sosial, psixoloji və kommunikativ səbəblərlə izah edilir. İnsanların gündəlik həyatlarında, münasibətlərində və əlaqələrində bu vəziyyət özünü büruzə verir.
Rəqəmsal texnologiyalar yalnızlığı artırır
Aparılan araşdırmalara görə, sosial media və rəqəmsal texnologiyaların artan istifadəsi insanlarda yalnızlıq hissini daha da dərinləşdirir.
Türk Dil Qurumunun açıqlamasında deyilir:
“Sosial media mühitində izləyici və bəyənmə saylarının önəm qazanması saxta ‘kütləvi’ bir mühit yaratsa da, nəticədə yalnızlıq hissini daha da artırır. Rəqəmsal dünyanın keçici əlaqələr təklif etməsi yalnızlıq hissini daha dərinləşdirir".
Bununla yanaşı, həyatın artan tempi və insan hərəkətliliyinin çoxalması ilə ictimai bağların zəifləməsi, insanların özlərini kütlələr içində belə yalnız hiss etməsinə səbəb olur. Mütəxəssislər qeyd edir ki, bir insanın ətrafında çox sayda insanın olması, onun özünü yalnız hiss etməməsi demək deyil. Hətta eyni evdə yaşamağa və eyni masa ətrafında yemək yeməyə baxmayaraq, insanlar özlərini yalnız hiss edə bilərlər.
Türkiyədə bu seçimin, xüsusilə müasir dövrdə artan sosial izolyasiya və əlaqəsizlik problemlərinə işıq tutacağı gözlənilir.
Musavat.com
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ