İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanın sülh təkidinə Ermənistanın pozucu reaksiyası

Antalya zirvəsində səslənən mesajlar təkcə İrəvana deyil, dünyanın aparıcı paytaxtlarına da ünvanlanıb: politoloq: “Mövlud Çavuşoğlunun ”sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur" mesajı Rusiya və Avropa İttifaqına yönəlib"

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mövzusuna dair maraqlı açıqlama verib. Nazir deyib ki, İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Azərbaycan və Türkiyə gücünü sülh və sabitlik üçün birləşdirdi. O qeyd edib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir. M.Çavuşoğlu deyib ki, bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. “Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”, - nazir əlavə edib. Cənab Çavuşoğlu qeyd edib ki, Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirdik: “Erməni həmkarımla danışıq zamanı Azərbaycanla sülh müqaviləsinin bağlanması gündəmdə olan məsələlərdən idi”. Nazir qeyd edib ki, görüş zamanı Ermənistanın XİN başçısı Azərbaycanla sülhün bərqərar olunmasında maraqlı olduqlarını qeyd edib.

Diqqətçəkən budur ki, Ermənistandakı revanşist qüvvələri çıxmaqla, əksər çevrələr də Mirzoyan-Çavuşoğlu görüşündən məmnun qalıb. Elə yayılan kadrlardan da görünür ki, Mirzoyan türkiyəli həmkarı ilə görüşünün sevincini yaşayır.

Amma bu da var ki, Ankaranın Qarabağ məsələsində təşəbbüsü ələ alması uzun zaman ərzində dünyanın bir sıra paytaxtlarının müqaviməti ilə üzləşib. Belə olan təqdirdə sual olunur: Türkiyənin bu fəallığı Qərb tərəfindən dəstəklənəcək, yoxsa qısqanclıqla qarşılanacaq? Avropa İttifaqı, Avropa Parlamenti vaxtaşırı ATƏT-in Minski Qrupunun fəaliyyətindən dəm vurur. Ona görə də ABŞ da, Avropa Birliyi də Türkiyənin aktiv fəaliyyətindən məmnun qalmaya bilər. Bəs Azərbaycanın seçimi, fəaliyyəti necə olacaq? Təbii ki, rəsmi Bakının mövqeyi Türkiyə ilə bütün məsələlərdə, xüsusilə da Qarabağa dair mövzularda tam üst-üstə düşür. Bu dəfə də istisna olmayacaq. Türkiyənin danışıqlarda dominantlıq etməsinə Ermənistan əslində maraqlıdır. Çünki paraleldə Türkiyə-Ermənistan danışıqları da aparılır. Ankara 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədləri bağlayıb, siyasi-diplomatik əlaqələri kəsib. İndi bu əlaqələri bərpa etmək və sərhədi açmaq istiqamətində iki ölkə arasında danışıqlar başlayıb. Məntiqlə Ermənistan həm Azərbaycanla, həm Ermənistanla kommunikasiyaları bərpa edib, münasibətləri qaydaya salıb, sülh sazişini imzalamalıdır. Amma tərəddüd edir, kapriz yapır və fürsətləri qaçırır.

Bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında İrəvana mesaj verib. “Uzun illər ərzində Türkiyə Ermənistanla sərhədləri bağlamışdı. 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması bölgədə yeni reallıqlar yaradıb”, - deyə bildirib. “Azərbaycan dəfələrlə Ermənistana sülh müqaviləsi bağlamasını təklif edib. Bütün çətinliklərə baxmayaraq, hesab edirik ki, artıq normallaşma barədə düşünmək olar. Biz Azərbaycan və Türkiyə olaraq Ermənistana mesaj göndəririk ki, bölgədə normal qonşuluq prinsipi yaradılmalıdır. Biz bunu müsbət hesab edirik. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb. Azərbaycanla Türkiyə arasında tam koordinasiya mövcuddur”, - nazir vurğulayıb. Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. C.Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib: “Mən optimist yox, realist olmağa çalışıram. İnanıram ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəyəcək”.

Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında sülh sazişi nə zaman imzalana bilər? Danışıqlarda təşəbbüs Türkiyəyə keçə bilərmi? Bəzi müşahidəçilər hesab edir ki, Rusiyanın başı özünə qarışdığı üçün bizim bölgədəki vəziyyət sanki onun heç yadına da düşmür. Bəs müharibədən sonra başlayan, amma çox ləng gedən sülh danışıqlarına kim ev sahibliyi edəcək, təşəbbüsü hansı ölkə(lər) götürəcək? Türkiyənin bu istiqamətdə çalışmaları və bəyanatları ümidverici sayıla bilərmi?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a öncə bildirdi ki, ötən həftə reallaşan Antalya Diplomatiya Forumu bütün dünyanın siyasi ekspertlərinin, politoloqlarının diqqət mərkəzində idi: “Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş də beynəlxalq ekspertlərin nəzərində oldu və görüş haqqında təhlillər hələ də davam edir. Keçirilmiş danışıqlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq auditoriya tərəfindən də təqdir olunur. Qeyd edilməlidir ki, Vətən müharibəsindən sonra Azərbaycan və qardaş Türkiyə sülh, təhlükəsizlik və sabitlik istiqamətində səylərini birləşdirir və münasibətlərdə vahid əlaqələndirmə mövcuddur. Rəsmi Bakının mövqeyi etibarlı müttəfiqimiz Türkiyə ilə bütün məsələlərdə, xüsusilə də Şərqi Zəngəzur və Qarabağa dair mövzularda tam üst-üstə düşür və ardıcıl xarakter alıb. Ermənistan da Azərbaycanın sülh təklifinə adekvat cavab verməlidir”.

İ.Hüseynov Türkiyə XİN rəhbərinin dediklərinə xüsusi diqqət çəkməyi vacib sayır: “Mövlud bəyin ”sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur" mesajı Rusiya və Avropa İttifaqına yönəlib. Son dövrlər Avropa İttifaqı da regionda mövcudluğunu inkişaf etdirmək istiqamətində vasitəçi qismində iştirak etsə də, Avropa Parlamenti Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı müzakirələr keçirdi və böyük səs çoxluğu ilə qərəzli və ikili standartlar siyasətində çıxış edən qətnamə qəbul etdi. Bu yanaşmalar qəbul olunmazdır və sülhlə bağlı danışıqlara da təsir edir. Azərbaycan və Ermənistanın bir masa arxasında regional problemləri, iqtisadi inkişaf meyillərini, humanitar aspektləri müzakirə etmək üçün bu gün çox əlverişli zəmin formalaşmışdır. Danışıqlarla bağlı məsələləri inhisara almaq sonda arabulucuğulu edən tərəfin öz maraqlarını regiona tətbiq etməsi ilə nəticələnir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin timsalında bunu uzun illər ərzində görmüşük".

Yazı çapa hazırlanarkən xəbər yayıldı ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının təqdim etdiyi sülh təkliflərinə cavab verib. Bu barədə Ermənistan XİN-in bəyanatında qeyd edilib. Bildirilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı  ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Bakının İrəvana münasibətlərin normallaşdırılması ilə bağlı beş bəndlik yeni təkliflər paketi təqdim etdiyini və cavab gözlədiyini bildirmişdi. İrəvanın yenə də Minsk Qrupunu dövriyyəyə soxmaq niyyəti isə faktiki olaraq sülh prosesini pozmağa xidmət edir.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR