İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İraqın şimalında PKK-çıları məhv edir, Finlandiya və İsveç isə... - ŞOK DETALLAR

“Pençe-Kilit” əməliyyatında şəhid olan türk hərbçilərinin sayı 5-ə çatıb, Şimal Alyansına üzvlük niyyətində olan skandinav dövlətləri terrorçuları təhvil verməsə, proses uzana bilər; ekspert: “Vaşinqtonun Ankaraya güzəştə getməsi mümkündür”

İraqın şimalında keçirilən “Pençe-Kilit” antiterror əməliyyatında şəhid olan Türkiyə əsgərlərinin sayı 5-ə çatıb. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə İraqın şimalında PKK-çıların axırına çıxmaqla məşğuldur. Hazırda antiterror əməliyyatları kürd silahlılarının Türkiyənin sərhədlərindən daha da uzaqlaşdırılmasına hesablanıb. Bu terror birləşməsi ölkənin daxilində kifayət qədər zərərsizləşdirilib və demək olar ki, indi PKK-çılar Türkiyənin içində “meydan sulaya” bilmirlər.

Türkiyənin indi növbəti hədəfi NATO-ya üzvlük niyyətinə düşən İsveç və Finlandiyada yuva salmış PKK-çıları bitirməkdir. Hər iki ölkə Şimal Atlantik Alyansına üzvlük istəyini ortaya qoyub, Finlandiya artıq NATO ilə texniki saziş də imzalayıb,  amma Ankara buna qarşıdır. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, PKK-çılara qucaq açmış bu dövlətlər terrorçuları Ankaraya təhvil verməlidir, daha sonra hərbi bloka qoşula bilərlər. NATO baş katibi Yens Stoltenberq isə insafa gələrək qeyd etmişdi ki, hərbi alyansda terrordan ən çox əziyyət çəkən ölkə Türkiyədir.

O halda Finlandiya və İsveçin üzvlüyə qəbul olunmasına qədər bu iki skandinav dövlətdə Türkiyənin düşmənləri təmizlənməli, təhvil verilməlidirlər. Bu azmış kimi, Türkiyə İraqın şimalında PKK-çılara “qan uddurur”, təbii ki, bu əməliyyatlarda qardaş ölkənin də itkiləri var, faktiki 5 şəhid verib. Ancaq görünən budur ki, Qəndil dağlarında bir kürd silahlısı belə qalmayana qədər antiterror əməliyyatları davam etdiriləcək. “Bloomberg” Türkiyənin üç rəsmisinə istinadən Finlandiya və İsveçin NATO üzvlüyünə razılıq qarşılığında Ankaranın nə tələb etdiyini dərc edib: Hər iki ölkə PKK və PYD/YPG-ni terror təşkilatı elan etməlidir, Türkiyəyə qarşı silah embarqosu ləğv olunmalıdır, F-35 proqramına yenidən daxil edilməli və F-16 təyyarələrinin yeni alış paketi təsdiq olunmalıdır, “S-400"-lə bağlı sanksiyalar qaldırılmalıdır.

Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib ki, PKK terror qruplaşmasını yaxından izləməklə bağlı Türkiyəyə təminat verə bilərik. İsveçin paytaxtı Stokholmda isə bir qrup PKK/PYD tərəfdarı ölkənin NATO-ya müraciətinə etiraz ediblər. Təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər. Onu da deyək ki, Türkiyə təhlükəsizlik qüvvələri son 1 həftə ərzində 50 şəhərdə antiterror əməliyyatları keçirib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyatlar əsasən PKK/KCK-PYD/YPG, İŞİD və FETÖ terror təşkilatlarının üzvlərinə, onlarla əməkdaşlıq edənlərə və maliyyə mənbələrinə qarşı aparılıb. Ümumilikdə, 50 şəhərdə aparılan əməliyyatlar zamanı 114 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi, daha doğrusu, ABŞ və Britaniyanın bunda maraqlı olması Türkiyə üçün tarixi imkan yaradıb: “Ankara haqlı olaraq əlinə düşən fürsətdən maksimum istifadə edəcək. Türkiyə hər iki ölkənin PKK və terror təşkilatının Suriya qanadı olan PYD\YPG-yə, eləcə də FETÖ-çülərə dəstəyini kəsməsini, ”qucaq açdıqları" terrorçuları təhvil verməsini istəyir. Berlində Çavuşoğlunun fin və isveçli həmkarı ilə apardığı müzakirələr Ankaranın istədiyi kimi getmədi. Ərdoğanın Ankaraya gəlmək istəyən iki ölkə nümayəndə heyətinə “gəlməsinlər, razılaşmayacağıq” çağırışı da tələbin sərtləşdirilməsi və istədiyini almadan “hə” deməyəcəyinə hesablanıb. Və bu mesaj İsveç və Finlandiyadan daha çox Vaşinqtona ünvanlanmış kimi görünür".

Ekspertin fikrincə, illərdir neytral mövqedə dayanan bu iki ölkənin PKK/PYD terrorçularını himayə etməsi özlərinin yox, ABŞ-ın, ümumilikdə PKK kartından Türkiyəyə qarşı istifadə edənlərin istəyidir: “Ukrayna müharibəsinin yaratdığı vəziyyət Türkiyənin bu məsələdə əlini gücləndirib və ”müsbət baxmırıq" açıqlamasına “qapını da tam bağlamamışıq” sözlərini əlavə edən Ankaranın tələbi birdən çox ola bilər. Birincisi, iki ölkənin terrorçulara dəstəyini kəsməsi, onları himayə etməsi siyasətinə yenidən baxmasıdır. İkincisi, ABŞ-ın da PKK-nın Suriya qanadı olan PYD\YPG siyasətinə yenidən baxmasıdır. Vaşinqton PYD-ni terrorçu yox, bölgədəki “müttəfiqi” hesab edir.

Üçüncüsü, Rusiyanın Ukrayna müharibəsinə görə Suriyada aktivliyini azaltması və İranın güclənməsinə şərait yaratması qarşısında Türkiyənin mövqelərinin real olaraq dəstəklənməsi, güc balansının Ankaranın xeyrinə dəyişməsi şəraitinin yaradılmasıdır. Bu, məhz Vaşinqtonun PYD kartından istifadəni ən azı azaltmasından keçir. Dördüncüsü, F-35 proqramı da daxil olmaqla, qeyri-rəsmi silah embarqosunun qaldırılması və s. İsveç və Finlandiya nümayəndə heyətinin Türkiyəyə səfər planı, Vaşinqtonun “anlaşa biləcəyik” kimi açıqlamaları Ankaranın tələbləri qarşısında güzəştlərin olunacağını deməyə əsas verir".

Analitik hesab edir ki, PKK\PYD kartından nə qədər imtina ediləcəyi hələ də sual altındadır: “Vaşinqton Suriyada və Suriya üzərindən ümumilikdə Yaxın Şərqdə strateji planlarını böyük ölçüdə PYD üzərindən qurub. İstisna deyil ki, Türkiyəni vədlərlə razı salmağa çalışacaqlar. Hərçənd Ankaranın real addımlar olmadan razılaşacağı bu dəfə daha çətin görünür. O baxımdan, hər iki ölkənin üzvlük məsələsi 29-30 iyunda keçiriləcək Madrid sammitində həll edilməyə bilər. Ankara ilə aparılan müzakirələrə paralel şəkildə Ərdoğan hakimiyyətinə müxtəlif vasitələrlə təzyiqlərin ediləcəyi də gözləniləndir. Türkiyənin ”veto" hüququndan təkcə Qərb yox, Rusiya qarşısında da istifadə imkanı var. Suriya eyni zamanda Cənubi Qafqazdakı proseslərdə bundan yararlana bilər və bunun Qərb üçün arzuolunmaz ssenari olması Ankaranın ABŞ-la danışıqlarında da əlini gücləndirəcək. Ankara böyük oynayır və geosiyasi şərtlər fonunda milli maraqlarını təmin etmək istəyində haqlıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR