İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə yaxınlaşma Ermənistana nələr vəd edir - İrəvan 13 il öncəki səhvi təkrarlasa...

Xəbər verildiyi kimi, Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da görüş olub. Görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.

Qeyd edək ki, ondan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Ardınca müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.

Xatırladaq ki, sonuncu dəfə iki ölkə arasında liderlər səviyyəsində görüş 2009-cu ildə, ‘’futbol diplomatiyası" çərçivəsində reallaşmışdı. Amma sonrakı dönəmdə Ermənistan nə əldə olunan razılaşmaya əməl etmişdi, nə də Sürixdə imzalanmış protokolları ratifikasiya etmişdi. Ermənistan hətta onun xilasına yönəlmiş addımlara belə, normal qarşılıq verməmişdi, Türkiyənin uzatdığı əli öpüb, gözü üstə qoymaqdansa, saxta “soyqırım” və ərazi iddialarını növbəti dəfə səsləndirmişdi. 

Son iki il ərzində Ankara ilə İrəvan arasındakı təmasların ən yüksək səviyyədə davamı müəyyən ümidlər yaradır. Hesab olunur ki, ermənilər ötənlərdən dərs çıxaracaqlar. Praqa görüşündən sonra isə liderlər bir sıra açıqlamalar veriblər.

‘’Ermənistan Baş naziri Nikol Paşinyanla görüşümüz səmimi şəkildə keçdi’’.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı söyləyib. O deyib ki, görüş əsnasında bəzi tələblər müzakirə olundu və bununla bağlı hər iki ölkənin xüsusi nümayəndələri və xarici işlər nazirliklərinə təlimatlar verildi. Türkiyə Prezidenti mətbuat konfransında açıq ifadə edib ki, Türkiyə Ermənistan-Azərbaycan münasiblərinin isinməsini, həll olunmasını istəyir. O həmçinin qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir.

Sitat: “Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq, Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, qara və dəmir yollarımızı açarıq”.

Ermənistanın baş naziri isə hələlik Türkiyə ilə bağlı ehtiyatlı mövqe sərgiləyir. Amma onun Avropadakı türk düşmənlərindən, yaxud digər havadarlarından aldığı təlimata uyğun davranıb da, Türkiyə ilə əməkdaşlıqda atılan kövrək addımlara xələl gətirməyəcəyinə təminat da vermək olmaz. Paşinyan, ya da bütün mənası ilə Ermənistan yenə prosesi, sülh gündəliyini poza bilərmi?

“Cənab Ərdoğanın açıqlamasından belə anladım ki, görüşlər səmimi atmosferdə keçib və tərəflər əlaqələrin normallaşmasında irəli getmək əzmindədirlər”.

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev: “Rusiya heç bir halda Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında çox maraqlı olmayıb”

 

Deputat Sahib Alıyev bunu “Yeni Müsavat”a açıqlamasında söylədi.

Millət vəkili bildirdi ki, açığı, “əzmindədirlər” deyəndə daha çox Türkiyəni nəzərdə tutur: “Ermənistana gəldikdə, o ölkənin bizimlə danışıqlar təcrübəsindən bilirik ki, bu gün səmimiyyətlə dedikləri bir fikrin sabah eyni səmimiyyətlə tam əksini söyləyə bilərlər. Məsələ burasındadır ki, Türkiyə-Ermənistan əlaqələrinin gələcəyi açıq şəkildə dilə gətirildiyi kimi təkcə hayların Azərbaycanla danışıqlarının nəticəsindən asılı deyil. Hər kəs bilir ki, Ermənistan öz addımlarında müstəqil deyil, Rusiya, ABŞ və Fransadan asılıdır”.

Deputat dedi ki, Rusiya heç bir halda Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında çox maraqlı olmayıb: “Amma Azərbaycanın torpaqları işğal altında olanda qərbdəkilər bunu əbədi etmək, iki türk dövlətini üz-üzə qoymaq üçün Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında maraqlı idilər. İndi isə verdikləri bəyanata, əvvəlki kimi maraqlıymışlar görüntüsü yaratmalarına baxmayaraq, onların Ermənistanda türk düşmənçiliyinin aradan qalxmasını istədiklərinə inanmıram. Diplomatik əlaqələrin qurulmasını istəyə bilərlər, düşmənçiliyin aradan qalxmasını isə yox. Belədə Ermənistan onlara elə də lazım olmur axı”.

Heç kim dövlətin diqqətindən kənarda qalmır”- Tural İsmayılov

Tural İsmayılov: “Türkiyə ilə yaxınlaşma hazırda Ermənistana hava-su qədər lazımdır”

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bildirdi ki, Türkiyə ilə yaxınlaşma Ermənistanın yeganə qurtuluşudur: “Bu gün Ermənistan böyük bir iqtisadi və ictimai xaos içərisindədir. Ölkənin düşdüyü rəzil durum ac-yalavac insanların İrəvan küçələrində kütləvi etirazları və Ermənistandan qaçmağı daha qabarıq ortaya çıxır. Türkiyə ilə yaxınlaşma hazırda Ermənistana hava-su qədər lazımdır. Ermənistanın iqtisadi dayanıqlığı, dövlət olaraq gələcək mövcudluğu məhz Azərbaycan və Türkiyə ilə normal münasibətləri yaratmaqdan asılıdır”.

T.İsmayılov qeyd etdi ki, Türkiyə ilə əlaqələr Ermənistana yeni iqtisadi gəlirlər, regional və beynəlxalq layihələrə çıxış imkanları vəd edir: “Eyni zamanda sərhədlərin açılmağı da baş verə bilər ki, bu Ermənistan əhalisinin güzəranına çox ciddi töhfələr verəcək. Düzdür, Ermənistan müstəqil dövlət olmadığı üçün hər zaman provokasiyalar etmək ehtimalı böyükdür. Amma Azərbaycan da, Türkiyə də Ermənistan üzərində üstünlüyü olan ölkələr olduğu üçün təxribatlar nəticəsiz qalacaq. Sülh gündəliyi artıq regionun reallığıdır, Ermənistanın boyun qaçırmaq şansı demək olar ki mövcud deyil”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR