İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə sərhədlərin açılmasına Ermənistandakı etirazların pərdəarxası - 3 rəy

Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasına etirazlar var. Yada salaq ki, martın 12-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədi açmağa hazır olduğunu açıqlayıb: “Türkiyəli həmkarımdan prosesin bu məqsədə doğru aparılması üçün siyasi iradənin olduğunu eşitməkdən məmnunam. Hesab edirəm ki, biz sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik”, - deyə XİN rəhbəri əlavə edib.

Bəs görəsən bu, təbii etirazdır, yoxsa arxasında hansısa gizli qüvvə dayanır?

Ekspertlər hesab edirlər ki, əslində Ermənistanın Türkiyə ilə sərhədləri açması ermənilərin xilası deməkdir. Buna qarşı çıxmaq isə ağılsızlıqdır. Türkiyə ilə Ermənistan nümayəndələri arasında görüş davam etdirilirmi? İki dövlət arasında barış, anlaşma mümkün olacaqmı?

Siyasi ekspert Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Ermənistanda Qarabağdakı müharibədən sonra Türkiyə ilə münasibətlərin də normallaşmasına qarşı əvvəllər də etirazlar var idi. Amma bu son etirazlar Ermənistanın xarici işlər naziri Arorat Mirzoyanın Antalya Diplomatiya Forumunda iştirakından, xüsusilə Çavuşoğlu ilə görüşdə ermənilərin təbirincə desək, verdiyi ”poza"lardan sonra narazılıq artdı. Görüşün atmosferi, çəkilən kadrlardan da görünür ki, kifayət qədər normal keçirilib. Ermənistan tərəfi bildirir ki, Türkiyə və Ermənistan ilkin şərt olmadan münasibətlərin normallaşmasını razılaşdırıblar.

Təbii ki, burada Azərbaycanın iştirakı, razılığı olmadan məsələnin həlli mümkün deyil. Bunu Çavuşoğlu da bildirir, Azərbaycan tərəfi də bilir. Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasında əsas fakt Ermənistanın müharibədən sonrakı şərtlərin yerinə yetirməsidir. İlkin şərtin olmadığını qeyd etmək daha çox Ermənistan ictimaiyyətinə hesablanmış fikirdir. Ermənistan hakimiyyətini çətin vəziyyətə salmamaq üçün belə bir giriş etdilər. Ermənistanda etirazlar daha çox forumdan sonra başladı. Təbii ki, Ermənistan əhalisində şovinist kəsimin buna etirazı var. Bu cür təşkilatlanmış formada kampaniyanın başlanması artıq sadə əhalinin yox, daha çox siyasi qüvvələrin atdığı addım kimi görünür. Çünki Mirzoyanın forumda iştirakı ilə bağlı xəbərlər çıxanda da, forum zamanı və sonrası müxalifət partiyaları kampaniyaya başlamışdılar. Etiraz çağırışları da əsasən onlardan gəlirdi.

Moskva artıq “təhlükə zəngini” çalır - Asif Nərimanlı

Asif Nərimanlı: “Azərbaycanla sülh imzalanmayınca, Türkiyə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz”

Bu kampaniyanın arxasında erməni millətçiləri və diasporu dayanır. Onların əsas narahatlığı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından sonra qondarma erməni soyqırımı kartının sıradan çıxarılmasıdır. Bilirik ki, Ermənistan tərəfi üçün ən böyük hədəf Amerika prezidentlərinin qondarma soyqırımla bağlı “soyqırım” ifadəsinin işlədilməsi idi. Ötən il ABŞ prezidenti C.Baydenin o ifadəni işlətməsi ilə bir növ onlar bu hədəfə çatdılar. Amma bunun heç bir hüquqi tərəfi yoxdur. Əslində bu neqativ məsələdir. Buna siyasi baxımdan yanaşdıqda isə bir növ Ermənistan da çatmaq istədiyinə çatdı. Türkiyə də bu məsələdə ən “dibi” gördü. Bundan sonra başqa ölkənin soyqırımla bağlı fikri artıq əhəmiyyətli deyil. Bunun fonunda Ermənistan Türkiyə münasibətlərinin normallaşması həm də bu soyqırım məsələsinin iki ölkə arasında artıq arxa plana keçməsinə gətirib çıxaracaq. Çünki əgər iki ölkə diplomatik münasibətlər qurursa, sərhədləri açırsa, bir-birinə qarşı ərazi iddialarını kənara qoymalıdır. O cümlədən, bir-birinə qarşı digər iddialardan əl çəkməlidirlər.

Burada faktiki olaraq Türkiyə qazanan tərəfdir, Ermənistanın iddialarını sıradan çıxara bilər. Təbii ki, prosesin belə inkişafı erməni diasporunun əlindəki böyük “rıçaqı” sıradan çıxarır. Çünki tarix boyu bunların millətçiləri, diasporu həmin qondarma soyqırımı üzərində qurulub. Bu kartın sıradan çıxması erməni ideologiyası üçün zərbədir. Onları narahat edən əsas faktor budur. Bu həm də erməni diasporunun 100 il qurduğu fəaliyyətin arxa plana keçməsi onların məramının dəyişməsidir. Etirazlar da bununla bağlıdır". 

Nərimanlı əlavə edib ki, Türkiyə ilə sərhədlərin açılması Ermənistan üçün taleyüklü məsələ sayılır: “Ermənilər məcburdurlar ki, sərhədləri açsınlar. Azərbaycanla da məsələni həll etməlidirlər. Çünki bu məsələdə Bakı və Ankaranın gündəliyi eynidir. Öncə sülh müqaviləsi imzalanmalıdır ki, Türkiyə ilə münasibətlər də normallaşsın və sərhədlər açılsın. Bunlar bir-birinə paralel proseslərdir. Fikrimcə, çətin proses olacaq, xüsusən Ermənistan hakimiyyəti üçün. Bununla bağlı qərarların verildiyi ortadadır. Yalnız bu forum deyil, hər iki ölkənin rəsmiləri arasında qeyri-rəsmi görüşlər də keçirirlər. Danışıq prosesi davam edir”.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə: “Rusiyanın regionda rolunun zəifləməsi fonunda ermənilərin etiraz etməsi başa düşülən deyil”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də “Yeni Müsavat”a fikrilərini açıqlayıb: “Erməni cəmiyyəti məntiqlə başa düşə biləcək bir cəmiyyət deyil. Son illər bu cəmiyyətin bütövlükdə hadisələrə münasibəti, Azərbaycanla Türkiyə cəmiyyətinə qarşı aparılan siyasət, regionda Azərbaycanla Türkiyənin əhatəsində olmasına baxmayaraq hər iki dövlətə qarşı düşmən mövqedə dayanılması heç bir halda başa düşüləcək formada deyil. İndi açılım baş verdiyi üçün Azərbaycan öz torpaqlarının əsas hissəsini işğaldan azad etdiyi üçün xüsusilə də Rusiyanın regionda rolunun zəifləməsi fonunda ermənilərin etiraz etməsi başa düşülən deyil. Hazırkı erməni hakimiyyətinin yürütdüyü siyasət bir qədər fərqlidir. Mütəmadi olaraq Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqlarını bildirirlər. Təbii ki, fərqli siyasət də yürüdürlər. Türkiyə ilə münasibətlərin normallaşmasında birmənalı olaraq maraqlı olduqlarını dilə gətirirlər. Təbii ki, onun fərqindədirlər ki, bölgədə Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşması ermənilərin özlərinin iqtisadi blokadadan çıxmasına, Ermənistanın çökmüş olan iqtisadiyyatının nisbətən dirçəldilməsinə səbəb ola bilər.

Amma görünən ondan ibarətdir ki, erməni cəmiyyətində Daşnaksutyun partiyasının, daşnak ideologiyasının hələ də hökmran mövqedə olması bu cəmiyyəti, toplumu fərqli istiqamətdə aparmağa davam edir. Yenə də biz köhnə ritorikanın şahidi oluruq. Yenə də Azərbaycana və Türkiyəyə qarşı nifrətin şahidi oluruq. Torpaq iddialarının hələ də səngimədiyinin şahidi oluruq. Təbii ki, bütünlükdə bunlar ermənilərin özünə daha ziyan vura biləcək məsələlərdir. Ermənilər bir qədər olmayan ağıllarını yerinə qaytarsalar, başa düşməlidirlər ki, həm Türkiyə ilə, həm də Azərbaycanla münasibətlər normallaşmalıdır ki, heç olmasa düşdükləri bu çətın durumdan çıxa bilsinlər. Nə Rusiya, nə də Qərb dövlətlərinə arxalanmaqla bölgədə Azərbaycana və Türkiyəyə qarşı bu cür siyasət yürütmək mümkün deyil".

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov: “Sərhədlər açılacaqsa, diaspor təşkilatlarının mövcudluğu...”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə hesab edir ki, Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasına etirazların yaranmasında maraqlı olan qüvvələr var: “İlk maraqlı olan qüvvə Ermənistanın xaricdə fəaliyyət göstərən lobbi və diaspor təşkilatlarıdır. Çünki onların mövcud olma səbəbi məhz Ermənistanla Türkiyə arasında olan münasibətlərin gərginliyi, qondarma soyqırım məsələsinin mövcud olması ilə bağlı gündəmin yaradılmasıdır. Əgər Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşacaqsa, sərhədlər açılacaqsa, eləcə də iqtisadi əlaqələr bərpa olunacaqsa, lobbi, diaspor təşkilatlarının mövcudluğuna ehtiyac qalmayacaq, onlar kütləvi şəkildə qazanclar əldə etməyəcəklər. Ermənistanın daxilində də buna maraqlı olan qüvvələr var ki, iqtidara müxalifət olan Ermənistanın keçmiş Qarabağ klanından olan şəxslərdir. Onların nüfuzu sürətli şəkildə aşağı düşsə də, hələ də mövcuddurlar. Onlar da ciddi mübarizə tədbirləri ortaya qoyurlar.

Amma diqqət edək, Ermənistanın siyasi rəhbərliyi özü də bu məsələdə səmimi deyil. Onlar da mümkün qədər sanki Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmağa çalışırlar. Əslində Azərbaycanla münasibətdə real addım ortaya atmırlar. Sülh sazişinin imzalanması məsələsində real addım atmırlar. Bu da onu göstərir ki, Türkiyənin prinsipial addımı indiyə qədər bundan ibarətdir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər normallaşmayacaqsa, Ermənistanın ərazi iddiaları gündəmdə olacaqsa, sərhədlərin açılması və münasibətlərin tam şəkildə normallaşması prosesi reallaşmayacaq. Yəni bunlar bir-birinə bağlı olan proseslərdir".

Bəşirov qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfindən, eyni zamanda, haqlı mövqeyimizə siyasi, diplomatik dəstək göstərən qüvvələr tərəfindən, habelə Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin, sabitliyin, dayanıqlı inkişafın təmin edilməsində ciddi marağı olan qüvvələr tərəfindən Ermənistan artıq dalana dirənib: “Ermənistanın bu dalana dirənmə prosesi bu gün sürətlə davam etdirilməkdədir. Bunu Ermənistanın siyasi rəhbərliyi də görür. Ona görə onlar vaxtın daha da uzadılması prosesini qeyri-real olduğunu anlayırlar. Məhz buna görə də müəyyən canfəşanlıqlar göstərirlər. Hər bir halda Azərbaycanla Ermənistan arasında sülh sazişi reallaşmayınca, problemlər həll olunmayınca, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilməz. Bu, Türkiyə tərəfinin əsas şərtlərindəndir. Bu, Türkiyənin rəsmi şəxsləri tərəfindən də açıq şəkildə bildirilib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR