İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə ilə Rusiya qarşı-qarşıya gətirilir – Brüsseldəki toplantının arxa planı  

 

“Türkiyə Xarici İşlər Nazirliyinin bu gün Brüsseldə keçiriləcək Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatı ilk öncə bir sıra müxalif qüvvələrin iki qardaş ölkə arasında son zamanlar anlaşılmazlıqlar yaranması barədə mülahizələrinə verilmiş ən gözəl cavabdır”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib. Türkiyə XİN-in məlum bəyanatını şərh edən Heydər Oğuz xatırladıb ki, son zamanlar başı seçkilərə, ölkə daxili və xarici problemlərə, xüsusilə də iqtisadi böhrana qarışan Ankaranın Qarabağdakı proseslərlə bağlı açıq mövqe sərgiləməməsi xüsusilə müxalif liderlər və analitiklər tərəfindən az qala iki qardaş ölkə arasında yaranmış ixtilaf kimi təqdim edilirdi: “Onların iddialarına görə, guya, rəsmi Bakı Rusiyanın yanında yer aldığından Türkiyə cizgisindən aralanmış, bu da Ankaranın səssiz təzyiqinə yol açmışdır. Qeyd olunurdu ki, guya, Azərbaycan Moskvanın təhriki ilə Ermənistanla müharibəyə hazırlaşdığından, bu mövqe Türkiyənin milli maraqlarına cavab vermirdi. Məhz bu səbəbdən Ankara rəsmi Bakını dəstəkləmirdi. Türkiyə XİN dünənki bəyanatında Brüsseldə keçiriləcək toplantının sülhə və sabitliyə xidmət etmədiyini, yaranmış tarixi fürsəti zədələdiyini, regiondan kənar qüvvələrin prosesə müdaxiləsinin ciddi problemlər yaradacağını bildirməsi  qardaş ölkənin məsələyə nə dərəcədə həssas yanaşdığını göstərir. Və bir daha sübut edir ki, Türkiyə də regionda sülh arayışlarında ən azı Azərbaycan qədər maraqlıdır”.

Siyasi şərhçinin fikrincə, bəzi müxalif qüvvələrin sırf merkantil siyasi maraqları naminə mövcud xarici siyasətimizi Rusiya ilə əlaqələndirməsi və Kremlin sifarişi kimi qiymətləndirməsi Azərbaycanın dövləti maraqlarına zərbə vurur: “Xüsusilə də Azərbaycanın müharibə tərəfdarı kimi göstərilməsi erməni təbliğatını gücləndirir. Halbuki prezident İlham Əliyev dəfələrlə çıxışlarında Azərbaycanın Ermənistanla savaşa hazırlaşmadığını, aparılan sülh danışıqlarına sadiq qaldığını, hətta Avropanın təklif etdiyi bəzi formatlarda belə danışıqlar prosesini davam etdirə biləcəyini olduqca aydın şəkildə dilə gətirmişdir. Xatırlayırsınızsa, ABŞ-ın dövlət katibi Antoni Blinkenlə son telefon danışığında da İlham Əliyev bu mövqeyini ortaya qoyaraq demişdi ki, xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqlar prosesi faydalıdır və onu sürətləndirmək lazımdır. O, həmçinin 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata prinsiplərinə sadiq olduğunu vurğulamışdı. Azərbaycan tərəfinin yalnız Fransanın iştirakı ilə aparılan danışıqlara etirazı var və bunun da səbəbi bəllidir; Makron açıq şəkildə ermənipərəst mövqe tutur, onun populist mövqeyi Azərbaycanın milli maraqlarına cavab vermir və ədalətli də deyil. Üstəlik, bunu təkcə biz və ya Türkiyə, yaxud Rusiya da demir. Hətta Avropa İttifaqının ən güclü dövlətlərindən olan İtaliya xarici işlər nazirinin müavini  Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin aprelin 2-də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin bölgədə gərginliyi artırdığını gizlətməmişdi.  Bu durumda kimlərinsə israrla Azərbaycan-Ermənistan danışıqlarını Fransanın himayəsi altında aparılmasını tələb etməsi başadüşülən deyil. Xüsusilə də özünü milli azadlıq hərəkatının varisi hesab edən siyasi partiyaların və ya doğmaları müqəddəs torpaqlarımız uğrunda canını fəda edən şəhid balalarının bu tələbi tez-tez dilə gətirməsi heç bir sağlam məntiqlə izah oluna bilməz”.

Siyasi şərhçinin sözlərinə inansaq, Türkiyə XİN-in həmin bəyanatının zamanlaması da təsadüfi seçilməmişdi: “Maraqlıdır ki, bəyanat verilməmişdən cəmi bir neçə saat əvvəl müxalif liderlərdən biri özünə bağlı internet TV-də çıxış edərək Türkiyənin Azərbaycandan üz döndərməsindən danışırdı. Onun çıxışından az sonra isə Türkiyə XİN-in bu bəyanatı verildi. Sanki Türkiyə bu bəyanatla milli kimliyini ön plana çıxaranlara “mənim adımdan danışmayın, mən Azərbaycanın mövqeyini tam dəstəkləyirəm” mesajı verirdi. Hesab edirəm ki, Türkiyə XİN-in bu bəyanatından bizim siyasi partiya liderləri lazımi nəticələr çıxaracaq və bundan sonrakı çıxışlarında daha ehtiyatlı olacaqlar”.

Heydər Oğuza görə, Türkiyə XİN-in Azərbaycandakı onun adından danışan qüvvələrə mesajı bəyanatın yalnız qapalı hissəsini təşkil edir, bəyanatın açıq və əsas qatı isə təbii ki, Qərb ölkələrinə ünvanlanmışdı:

“Bilirsiniz ki, hazırda Azərbaycanla Ermənistan arasında həllini tapmamış çox az sayda problemlər qalıb. Bunlardan biri işğal altındakı 4 kəndimiz  və ekslavlarımızın bizə qaytarılması, digəri isə Zəngəzur yolunun açılmasıdır. Paşinyan hakimiyyəti bu kəndlərin bizim olduğunu açıq tezislə ifadə edir və onları qaytara bilmək üçün ictimai rəy hazırlayır. Zəngəzur yolunun açılması isə zatən Ermənistanı Rusiyadan ayırıb özlərinə bağlamaq istəyən Avropa İttifaqının da tələbidir. Əks halda Ermənistanı bu inteqrasiya prosesinə qoşmaq sadəcə mümkün deyil. Bu baxımdan, Azərbaycanın həqiqətən Ermənistana hücum üçün əsaslı səbəbi yoxdur. Məlumdur ki, İrəvana ən ciddi təhlükə Rusiyadan gələ bilər. Moskva açıq şəkildə Paşinyanın Brüsseldəki məlum görüşdən imtina etməsə, Ermənistanın “ukraynalaşacağı” barədə bəyanatlar verir. Zənnimcə, Türkiyəni də narahat edən əsas amil bununla bağlıdır”.

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpg (101 KB)

Türkiyənin “üçüncü ölkələrin regional parametrlərini” hesablamadan Brüsseldə üçtərəfli görüş keçirməsinin təhlükələrinə işıq tutarkən heç də Azərbaycanın müharibəyə başlayacağını nəzərdə tutmadığına inanan Heydər Oğuzun fikrincə, Ankara burada mürəkkəb kompozisiyalı ssenarindən bəhs edir: “Söhbət Rusiyanın Ermənistanı işğal etməsindən və hakimiyyətə yenidən öz qüvvələrini gətirməsindən gedir. Belə olacağı təqdirdə, hakimiyyətə gətirilən revanşist qüvvələrin təxribatı nəticəsində III Azərbaycan-Ermənistan müharibəsi başlaya, Rusiya isə bu fürsətdən istifadə edərək Cənubi Qafqazı yenidən öz nəzarətinə götürə bilər”.

Türkiyənin NATO-nun şərq cəbhəsindən birbaşa məsuliyyət daşıdığını xatırladan Heydər Oğuz Ankaranın indiki anda bu yükün altına girmək istəmədiyi üçün bu bəyanatı verdiyinə inanır: “Sirr deyil ki, Qərb dövlətləri Ukrayna savaşından əvvəl Türkiyəni Rusiya ilə üz-üzə gətirməyə çalışırdılar. Hələ 2015-ci ildə AKP hakimiyyətinin sıralarında yer tutan bəzi qüvvələr Əhməd Davudoğlunun baş nazirliyindən istifadə edib rus təyyarəsini vurmuşdular. Həmin vaxt Türkiyə ilə Rusiya arasında müharibə çıxacağı gözlənilirdi. Ərdoğanın və Putinin təmkinləri sayəsində hər iki dövlət bu gərginlikdən uzaqlaşa bildilər. Münasibətlər yenicə düzəlməyə başlayırdı ki, Ankaradakı rus səfiri qətlə yetirildi. Səfirə qarşı terror hadisəsi rəsmən canlı yayımla bütün dünyaya çatdırıldı. Yenə münasibətlər gərginləşdi və Ərdoğan Əhməd Davudoğlunu istefaya göndərmək məcburiyyətində qaldı. ABŞ-a bağlı qüvvələr Ərdoğanın bu təmizləmə siyasətinə 15 iyun 2016-cı il hərbi qiyamı ilə cavab verməyə çalışdı. Bu qiyamdan da salamat çıxan Ərdoğan hakimiyyəti FETÖ əməliyyatlarına başalayaraq, hakimiyyətdəki bütün xainləri təmizlədi. Nəticədə Türkiyə-Rusiya müharibəsinin baş tutmadığını görən Qərb imperializmi Ukrayna kartından istifadə etmək xəttini tutdu”.

Həmsöhbətimizin fikrincə, artıq Ukrayna kartı da istənilən nəticəni vermir: “2023-cü ilin yay aylarında Ukraynanın Rusiya işğalçılarına qarşı başlatdığı genişmiqyaslı hücum əməliyyatında heç bir irəliləyiş olmadı. Anlaşıldı ki, Ukraynaya nə qədər silah verilirsə verilsin, Kiyevin gücü Rusiyanı işğal etdiyi ərazilərdən uzaqlaşdırmağa yetməyəcək. Dolayısıyla, Ukraynaya çəkilən xərc Vaşinqtonun gözündə göyə sovrulan milyardlara çevrildi. ABŞ məhz bundan sonra Ukraynaya böyük silah yardımını tamamilə dayandırdı və odu Avropanın qucağına ataraq bölgəni tərk etdi. İlin axırında ABŞ-da keçiriləcək prezident seçkilərində hakimiyyətə Trampın gəlməsindən sonra ümumiyyətlə Vaşinqtonun Ukraynanı silahlandırması məsələsi tamamilə gündəmdən çıxarıla bilər. Rusiyaya qarşı müharibənin effektli alınması üçün mütləq daha güclü bir dövlətin proseslərə müdaxilə etməsi lazımdır. Üstəlik, bu dövlətin NATO müttəfiqi olması daha yaxşı nəticələrə gətirib çıxarardı. NATO-nun Avropadakı güclü ölkələri isə bunlardır: Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Türkiyə. Digər NATO müttəfiqlərinin elə ciddi qüvvəsi yox kimidir. Məsələn, Norveçin cəmi 9 min, Danimarkanın 6 min, Estoniya, Latviya və Litvanın bir neçə min əsgəri var. Bu durumda ən yaxşı seçənək Rusiyaya qarşı ikinci cəbhənin Türkiyədən açılmasıdır. Zənnimcə, Ermənistanın Aİ, xüsusilə Fransa tərəfindən dəstəklənməsinin əsas səbəbi də bununla bağlıdır. Faktiki olaraq Ermənistanı yem kimi Rusiyanın qabağına atıb regiondakı stutus-kvonu dəyişmək istəyirlər. Əmindirlər ki, Türkiyə revanşist qüvvələrin yenidən İrəvanda hakimiyyətə gətirilməsinə laqeyd qalmayacaq və situasiyaya uyğun şəkildə Rusiyanın qarşısında yer alacaq. Proseslərə özü müdaxilə etməsə belə, ən azından Qara dənizi ABŞ və Böyük Britaniya gəmilərinə açacaq. Görünür, Türkiyə də bu perspektivdən narahat olduğuna görə dünənki bəyanatı verib və Ermənistanı oyuna gətirməyin Cənubi Qafqazda sülh quruculuğuna zərbə vuracağını bildirib”.

Xüsusilə Fransanın erməniləri dəstəkləməkdə niyyətinin səmimi olmadığını vurğulayan siyasi şərhçi fransız canfəşanlığının Rusiya ilə “çəkişə-çəkişə bərkişmək” istəyindən irəli gəldiyini düşünür: “Bəllidir ki, Afrikadakı fransız müstəmləkələri Rusiyanın təhriki ilə Parisdən üz döndərib Moskvaya yönəlir. Artıq Afrika dövlətlərindən bəziləri fransız ordularını ölkədən qovub öz həqiqi müstəqilliklərini elan edib. Getdikcə, bu prosesin bütün qitəyə yayılması gözlənilir. Bu da istər-istəməz Fransa ilə Rusiya arasındakı ziddiyyətləri alovlandırır. Bununla belə, Parisin Ukrayna məsələsində Rusiya ilə hər an danışıqlara başlamaq istəməsi, ciddi güzəştə getməyə hazır olduğunu göstərməsi də müşahidə olunur. Dünən Fransa müdafiə nazirinin rus həmkarına telefon açıb 1 saatdan çox dünya proseslərini müzakirə etməsi də bunun göstəricisidir. Fikrimcə, rəsmi Paris əlindəki müstəmləkələrini özündə saxlamaq üçün Rusiya ilə münasibətləri qəsdən gərginləşdirib onu masaya oturtmaq istəyir. Arzu etdiyi güzəşti qopara bilsə, böyük ehtimalla Paris də Vaşinqton kimi müxtəlif bəhanələrlə meydandan çəkiləcək. Ermənistan da Ukrayna kimi çətin vəziyyətə düşəcək. Hələlik isə, ona Ermənistan kimi özü öz ayağı ilə qəssabxanaya gələn qurban lazımdır. Üstəlik, Paris ümid edir ki, Rusiyanın Cənubi Qafqazı nəzarət altına alması Türkiyənin də ciddi narahatlığına yol açacaq və Ankara proseslərə müdaxilə etmək məcburiyyətində qalacaq. Parisin Eçmiyazindən çox ermənipərəst olmasının səbəbi budur və tarix boyu fransızlar ermənilərin bu duyğularından faydalanıb və sonra onları taleyin ümidinə tərk edib”

Heydər Oğuz onu da qeyd edib ki, Rusiyanın aqressivləşməsi yalnız Cənubi Qafqazla da məhdudlaşmaya bilər: “Bilirsiniz ki, Rusiyanın Balkanlarda da mövqeyi güclüdür. Xüsusilə bu bölgədə yaşayan serblər Rusiyanın birbaşa təsiri dairəsindədirlər. Son zamanlar Kosovanın Aİ-yə üzvlüyünün ciddi şəkildə müzakirə olunması Balkanlarda da vəziyyəti gərginləşdirir. Serbiya prezidenti Aleksandr Viçiç bu yaxınlarda açıq şəkildə serblərin yenidən müharibəyə çəkildiyinə dair bəyanat vermişdi. Dərd burasındadır ki, Balkanlar da Türkiyənin milli maraqları dairəsindədir və o bölgədə albanlarla və digər müsəlman xalqlarla serblər arasında ixtilaflar çıxarsa, Türkiyənin prosesləri izləmək kimi bir şansı qalmayacaq. Digər tərəfdən Türkiyə ilə Rusiya Suriyada da qarşı-qarşıya gətirilir”.

Bütün bu amilləri hesaba qatan həmsöhbətimiz Türkiyə ilə Rusiyanın savaşa cəlb olunduğuna və Ankaranın dünənki bəyanatının da bu narahatlıqdan doğduğuna inanır.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR