Onlayn ictimai-siyasi qəzet
İyulun 30-da Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələrinin 5-ci görüşü baş tutub. Görüşlə bağlı bəyanatda diqqətə çatdırılır ki, xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
“Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Xüsusi nümayəndələr son məqsədi tam normallaşma olan bu prosesi heç bir ilkin şərt olmadan davam etdirməyə razı olduqlarını təsdiqləyiblər”. Türkiyə-Ermənistan münasibətlərində cüzi də olsa yaxınlaşma baş verib. Bu, regiona, sülh prosesinə hansı töhfələri verə bilər? Məsələlər Azərbaycanla razılaşdırılırmı?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Xarici İşlər Nazirliyinin görüşün nəticəsi haqda yaydığı rəsmi sənəddə Akyakanın açılmasının regionda proseslərin gedişindən asılı olduğu bildirilir: “Regionda proseslər isə heç də sözügedən dəmir yolunun tez bir zamanda işə düşəcəyindən xəbər vermir. Xameneinin Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına cavab vermədiyi haqda iki gün əvvəl söylədiyi diqtə xarakterli fikirlərinə Paşinyanın bir növ şərik çıxması, hayların ritorikanı dəyişdirsələr də, Azərbaycanla Türkiyəyə qarşı torpaq iddialarına və düşmənçiliyə son qoymaq istəməmələri ortadaykən hansı normallaşmadan söhbət gedə bilər?” S.Alıyev qeyd etdi ki, normallaşma normal məntiq və qonşulara normal yanaşma tələb edir: “Qarşı tərəfin hərəkətlərində hələ bu yoxdur. Üstəlik, 30 iyuldakı Tehran görüşü də təsdiqlədi ki, Ermənistana bir dövlətə forpostluğu bir neçəsinə forpostluqla əvəzləməyi düşünür. Özü də elə dövlətlərə ki, onların heç biri Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyinə son qoymasını istəmir. Həmin İran açıq dilə gətirməsə də, açığı, heç Akyakanın işə düşməsi də onun marağında deyil”.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı dedi ki, verilən informasiyalar əvvəlki açıqlamalarla ziddiyyət təşkil edir: “Türkiyə rəhbərliyi son günlərədək bildirirdi ki, Ermənistanla razılaşma yalnız Azərbaycanın haqlı tələbləri yerinə yetirildikdən sonra mümkün ola bilər. Amma indi viza rejimin yumşaldılmasından, hətta ilkin şərtlərdən imtina olunmasından bəhs olunur. Bu, doğrudanmı Ankaranın mövqeyi kimi qəbul olunmalıdır, yoxsa manevr xarakteri daşıyır, demək çətindir”.
A.Nağının fikrincə, bu mövqenin Azərbaycanla razılaşdırılması da mümkün deyil: “Azərbaycan Ermənistan qarşısında konstitusiyadakı əsassız ərazi iddialarının aradan qaldırılması və sair məsələlərlə bağlı konkret şərtlər qoyub. Yeri gəlmişkən, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını da Azərbaycan gündəmdə saxlayır. Ona görə də anlaşılan deyil ki, Türkiyə gerbində Ağrı dağının təsvir olunduğu bir ölkə ilə münasibətləri niyə normallaşdırmaq istəyir? Bu normallaşma hesab edirəm ki, mövcud şərtlər daxilində yaxşı bir şey vəd etmir”. Partiya sədri qeyd etdi ki, Azərbaycan regionda sülhün bərqərar olmasını istəyir, amma bu cür şərtlər daxilində deyil: “Məğlub Ermənistana bu cür güzəştlər sağlam məntiqə sığmır. Bizim nəyin bahasına olursa-olsun, məntiqi əldə olunacaq sülhə ehtiyacımız yoxdur. Məsələnin Azərbaycanla razılaşdırılması da inandırıcı deyil”.
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi istiqamətində aparılan danışıqlar müsbət nəticələr əldə edilməsi üçün Azərbaycanla paralel şəkildə aparılır: “Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyiş var. Prezidentin xüsusi işlər üzrə nümayəndəsi Elçin Əmirbəyov da verdiyi açıqlamada irəliləyişin olduğunu vurğulayıb. Türkiyə Ermənistanla əlaqələrin normallaşmasını Azərbaycanla əldə olunan irəliləyişə uyğun aparır. Həmçinin Ankara-Ermənistan əlaqələrinin inkişaf etdirilməsi kənar gücləri neytrallaşdıra, xüsusilə Fransanın destruktiv siyasətinin qarşısını ala bilər. Ona görə də bu, müsbət prosesdir”.
Məhəmməd Əsədullazadə
M.Əsədullazadə bildirdi ki, onsuz da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib: “Ermənistanla danışıqlarda müəyyən fikir ayrılıqları olsa da, proses davam edir. Türkiyə də çalışır ki, danışıqlar davam etsin və nəticə əldə olunsun. Xüsusilə Zəngəzur dəhlizinin açılması Türkiyənin geoiqtisadi maraqlarına cavab verir. İkitərəfli danışıqlarda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması və Ermənistanın konstitusiyasında sülhə mane olan maddələrin çıxarılması da danışılır. Çünki bu, sülhə təhdid olaraq qalır. Ona görə də Türkiyənin burada rolu vacibdir. Ermənistan da bilir ki, Türkiyə ilə əlaqələr qurulmasa, Avrointeqrasiya siyasəti mümkün olmayacaq. Qərb də Ermənistandan Türkiyə ilə münasibətlərin normallaşmasını tələb edir. Düşünürəm ki, danışıqlar prosesində irəliləyiş əldə edildikcə, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqları da aradan götürüləcək. Türkiyə prosesə belə baxır. Azərbaycanla sülh olmadan tam normallaşma ola bilməz”.
Bu arada ABŞ-dan növbəti açıqlama gəlib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen çərşənbə axşamı bildirib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir. Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar”, - O’Brayen Senatın Xarici Əlaqələr Komitəsində deyib.
İlin əvvəlində ABŞ və Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında irəliləyiş əldə olunması üçün anlaşma əldə etmişdilər. Amma sonrakı proseslərdə ABŞ-ın fərqli yanaşmalarını müşahidə etdik. Bu açıqlamanın O’Brayenin İrəvan səfərindən, özü də Türkiyə-Ermənistan danışıqlarının 5-ci raundundan sonra verilməsi diqqət çəkir. Gözləyək...
E.PAŞASOY,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ