İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk dünyasının inteqrasiyası üçün ideal şərtlər - Azərbaycan Prezidenti qarşılıqlı münasibətlərin yol xəritəsini açıqladı

Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşü yeni düzəninin formalaşması prosesində türk dövlətlərinin rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ukraynaya qarşı işğalçı hücumundan sonra Qərbin Rusiya ilə münasibətlərinin onilliklər boyu əvvəlkinin yarısı həddinə qədər belə yaxşılaşmayacağı hər kəsə aydın olan reallıqdır.

Siyasi-hərbi münasibətlərin belə uzunmüddətli kəskin soyuması, hətta düşmənçilik həddinə çatması iqtisadi-ticari əlaqələrdə də tamamilə yeni meyllərin, əməkdaşlıq formatlarının yaranmasını qaçılmaz edir. Qərb artıq Rusiyaya güvənmir, heç bir sahədə bu ölkədən cüzi də olsa asılılığın, hətta bu ölkə ilə bağlantının qalmasında maraqlı deyil. Bu proses yalnız dünyanın siyasi düzənində deyil, iqtisadi və ticari düzənində də radikal dəyişikliklə müşayiət olunur. Hazırda bu sahələrdə gedən prosesi yeni qlobal ticarət zəncirinin formalaşması kimi qiymətləndirmək daha doğru olar.

Və bu formalaşma prosesi türk dövlətlərinin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini dəfələrlə artırır. Məsələ burasındadır ki, Avropa uzaq Asiya ilə ticarət əlaqələrinin Rusiyadankənar ərazilərlə yenidən qurulmasında israrlıdır. Buna görə də Ukrayna müharibəsinin başlandığı ilk aylarda ayrı-ayrı böyük şirkətlər Rusiyadan yan keçməklə Asiyaya yeni ticarət yolu tapmağa çalışırdısa, indi artıq Avropa İttifaqı, onun yaxın müttəfiqi ABŞ bu prosesin ən aktiv iştirakçılarına çevriliblər. Proses beynəlxalq təşkilatlar, böyük dövlətlər səviyyəsində irəlilədilməkdədir...
Bütün tərəflərə aydındır ki, Avropa-Asiya nəhəng yükdaşımalarında ağırlığın tamamilə dəniz yoluna salınması mümkün deyil: mövcud resurslar buna imkan vermir. Üstəlik, dəniz yolu uzun vaxt tələb edir, qısamüddətli yüklərin daşınması üçün əlverişli deyil. Qısamüddətli axtarışlardan sonar diqqətlər Asiyanın türk dövlətlərindən keçərə Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Gürcüstan və qardaş Türkiyəyə çatan Orta dəhlizə yönəlib. Artıq uzun illərdir mövcud olan bu dəhlizin yükdaşımaların böyük bir qisminin reallaşmasına imkan verəcək həddə qədər genişləndirilməsi günün reallığına çevrilib. Son aylarda Avropa və ABŞ-ın bölgəyə diqqətinin, bölgə dövlətləri ilə təmaslarının dəfələrlə artmasının əsas səbəblərindən biri də məhz bu nəhəng yükdaşıma marşrutunun imkanlarının artırılmasının təmin olunması, bölgənin Rusiya təsirindən mümkün qədər uzaqlaşdırılması ilə burada təhlükəsizliyin gücləndirilməsidir. Bu istiqamətdə həm Avropa İttifaqı, həm də ABŞ bölgə dövlətlərinə dəstək vermək niyyətlərini açıq elan edirlər. Oktyabrda Qazaxıstana səfər edən Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin ölkə Prezidenti Kasım-Jomart Tokayevlə müzakirələrinin əsasında məhz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu(Orta dəhlizin digər adı) dayanıb.

16681481416498811901-1000x669.jpg (463 KB)

Aİ Şurasının mətbuat xidmətinin yaydığı məlumatda tərəflərin bu marşrutun imkanlarını müzakirə etdikləri vurğulanır: “Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Prezident Tokayev və Prezident Mişel qlobal istehsal və təchizat zəncirlərini asanlaşdırmaq üçün Avropa və Mərkəzi Asiya arasında mövcud beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinin və inkişafının vacibliyini qeyd ediblər. Onlar həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təklif etdiyi imkanlar və onun daha da inkişaf etdirilməsi variantları, regionda digər nəqliyyat əlaqələrinin rolunu müzakirə ediblər”.

Bu marşrutu əslində Türk dəhlizi də adlandırmaq mümkündür: əsas hissəsi Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçir. Son illərdə türk dövlətləri arasında getdikcə yaxınlaşan münasibətlərə yeni regional reallıqlar çox güclü təkan verməkdədir. Dövlət arasında münasibətlər böyük sürətlə inkişaf etdirilir və artıq onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini rahatlıqla söyləmək mümkündür. Xəzərin o tayındakı 3 ölkə artıq Orta dəhlizlə yükdaşımalar üçün infrastrukturun genişləndirilməsinə başlayıblar. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi sürətlə həyata keçirilir. Özbəkistan prosesdən bir qədər kənarda qalmış kimi görünən Türkmənistanla dəmiryol bağlantısını nizama salıb. Eyni zamanda Qazaxıstan Xəzərlə yükdaşımaları artırmaq üçün müvafiq limanların, terminal və dəmiryol xətlərinin yaradılması prosesinə başlayıb. Bu ölkə öz neftinin nəqli üçün də Rusiyadan kənardan keçən yola kəskin ehtiyac duyur: Ukraynada müharibə başlayandan bəri Qazaxıstan neftini Rusiya ərazisindən Qara dəniz limanlarına daşıyan Xəzər Boru Xətti ilə nəql 5 dəfə müxtəlif bəhanələrlə dayandırılıb. Öz neftini tətbiq olunacaq tavana uyğun qiymətə satmaq istəməyən Rusiyanın dekabrdan etibarən Qazaxıstan neftinin dünya bazarına çıxışını əngəlləyəcəyi heç kimdə şübhə doğurmur. Bu baxımdan, Tokayevin iyulda imzaladığı Xəzər dənizi üzərindən Azərbaycanın nəql sistemi ilə neft daşımalarının təmin olunmasna dair qərar göstərir ki, Qazaxıstan hökuməti real təhlükəni görür və ona hazır olmağa çalışır.

Ötən ay Azərbaycan gündəlik neft hasilatı nə qədər olub? - Açıqlama

Bu arada Azərbaycanda neft hasilatının təbii səbəblərdən azalması əsas ixrac boru kəməri olan “Bakı-Tiflis-Ceyhan”da boş nəql potensialının artmasını şərtləndirir. Bu isə Xəzərin o tayından - Qazaxıstandan neftin Azərbaycanın ixrac şəbəkəsi ilə dünya bazarına çıxarılması üçün əlverişli şərait yaradır. Artıq Qazaxıstan və Azərbaycan arasında bununla bağlı razılıq əldə olunub və Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tiflis-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.

Bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək: “Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik”. 

Baş nazir qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.

Hazırda Azərbaycanın ildə 40 milyon tona yaxın əlavə neft nəql etmək imkanı var. Bu imkanları Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri təmin edir. Oktyabrda Prezident İlham Əliyev Gürcüstanda olarkən illik ötürücülük gücü 7 milyon ton olan Bakı-Supsa kəməri ilə daşımaların bərpa olunacağını bəyan edib. O, həmçinin BTC ilə də neft nəqlinin artacağını açıqlayıb. Bu artımın bilavasitə Xəzərin o üzündən gələcək neft həcmləri hesabına baş verəcəyi heç kimdə şübhə doğurmur.

Azərbaycan Prezidentinin Gürcüstana səfər zamanı verdiyi açıqlamalardan aydın olur ki, Bakı Orta dəhlizin zamanın tələbi olduğunu görür və onun oturuşması üçün real addımlar atır: “Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz”. 

Orta dəhlizə tələbatın kəskin artımı türk dövlətlərinin inteqrasiyasının sürətlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu ilin birinci yarısı üçün türk dövlətlərinin ÜDM-i 1 trilyon 138.48 milyard ABŞ dolları, ticarət dövriyyəsi 536,08 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin ilk altı ayında Türkiyə iqtisadiyyatı 7,6 faiz, Azərbaycan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,4 faiz, Qırğızıstan iqtisadiyyatı 6,3 faiz, Qazaxıstan iqtisadiyyatı isə 3,4 faiz böyüyüb. Dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 100.6 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 75 milyard 955 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 13 171.6 milyon ABŞ dolları) və Qazaxıstan (ticarət balansı 20 788.8 milyon ABŞ dolları) malikdir. İlin ilk altı ayı ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanla TDT-yə daxil olan dövlətlər arasında 4,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları həyata keçirilib. Bu dəyər Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 13 faizini təşkil edir. Bu ticarətdə Türkiyə Cümhuriyyəti 84 faizlə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8 faiz), Türkmənistan (5 faiz), Özbəkistan (3 faiz), Macarıstan və Tacikistan (birgə 1 faiz) tutur”.

16681643912367063876-1000x669.jpg (433 KB)

Türkiyə Cümhuriyyətinin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Habelə, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir.

Azərbaycanın Macarıstan istisna olmaqla digər Türk dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur. Türkiyə və Macarıstan Türk Dövlətləri Təşkilatı arasında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran əsas ölkələr sırasındadır. Belə ki, 2022-ci ilin ilk 6 ayı ərzində Türkiyə Cümhuriyyəti Azərbaycan iqtisadiyyatına 480,8 milyon, Macarıstan 5,1 milyon, Qazaxıstan isə 3,5 milyon ABŞ dolları birbaşa xarici sərmayə yatırıb.

Azərbaycanlı investorlar tərəfindən isə Türkiyə Cümhuriyyətinə 59,7 milyon ABŞ dolları, Özbəkistan iqtisadiyyatına isə 8 milyon ABŞ dolları sərmayə yatırılıb.

Bu rəqəmlər türk dövlətləri arasında iqtisadi əlaqələrin mövcud potensial baxımından yüksək inkişaf etdiyini söyləməyə imkan vermir. Orta dəhlizin reallaşması bu mənada türk dövlətləri üçün böyük imkanlar açır. Bu imkanlardan yüksək səviyyədə bəhrələnmək üçün türk dövlətlərinin birgə hərəkət etməsi, necə deyərlər, külüngü bir yerə vurması son dərəcə vacibdir.

16681481423087757254-1000x669.jpg (308 KB)

Prezident İlham Əliyevin IX Zirvə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Azərbaycan Prezidentinin bu fikirləri türk dövlətlərinin bundan sonrakı əməkdaşlığı üçün yol xəritəsi də hesab oluna bilər. Çünki onlar zamanın tələbidir…

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR