İnsanlara hürriyət, millətlərə istiqlal!

Turistik kəndlərin sakinləri nədən narazıdır - onlar niyə yolları kəsir?

Azərbaycanın hədəflərindən biri də turistik ölkəyə çevrilməkdir. Bəllidir ki, bu sahədə böyük gəlirlər var. Ancaq ölkəmizdə bu sahədə ciddi problemlər də var. Xidmət səviyyəsinin aşağı olması, bahalıq, vahid strategiyanın olmaması və sairə məsələlər turizmin ölkəmizdəki inkişafına mane olur. Onların sırasına son illərdə daha biri əlavə olunub. Turistik kəndlərin sakinləri turistlərin onların yaşayış yerlərinə gəlib sıxlıq yaratmalarına etiraz edirlər. 

Bir neçə gün öncə Qəbələnin Laza kəndinin sakinləri hətta yolu bağlayıb, turistləri kəndə buraxmayıblar. Səbəbi də belə göstərirlər ki, maşınlar sıxlıq yaradır, turistlər şortikdə gəlir və sairə.

Amma sakinlərdən birinin açıqlaması diqqət çəkir - o deyir ki, gələnlər maşını kəndin girəcəyində saxlasın, turistləri biz öz maşınımızda aparaq gətirək. Burada bir maddi maraq sezilir. Onlara bu şəraiti yaratmaq mümkündürmü ki, öz kəndlərində pul qazansınlar və turistlərin əraziyə gəlməsində maraqlı olsunlar? Görünən budur ki, onlar iri obyektlərin kəndlərində pul qazandığını görür, özləri isə bir qəpik qazanmamalarından rahatsız olurlar. Bu da avtomatik qıcıq yaradır.

Digər məsələ isə infrastrukturun böyük obyektlər hesabına yaxşılaşdırılması tələbinin qoyulmasıdır. Pul qazanan hotellər, əyləncə mərkəzləri həm də parkinq inşa etsinlər. Geyim məsələsi isə turizmdə bir anlayış məsələsi səviyyəsinə qaldırılmalıdır, bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Məsələn, Türkiyənin elə dini bölgələri var ki, insanlar orada turistlərin geyimini adi qarşılayır, çünki bir turistik düşüncə formalaşdırılıb, eyni zamanda onlara hansısa bir gəlir gətirən qaynaq yaradılıb. Bu prosesi kim həyata keçirsin? Turizm Agentliyimi, yerli icra hakimiyyətlərimi, QHT-lərmi?

Turizmplus.az - Azərbaycan Turizm Xəbərləri. Dünyada turizm xəbərləri.

Göydəniz Qəhrəmanov: “Kənd sakinlərini turizmə cəlb etmək müsbət nəticələr verə bilər”

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi: “Son dövrlər, pandemiya dövrü istisna olmaqla, gəlmə turizmə böyük önəm verilir. İldən-ilə onların sayı artır. Yaxın bir neçə ilə turistlərin sayı daha da artırılmalıdır. Bunun üçün həm infrastruktur baxımından, həm də əyləncə mərkəzləri, yeni hotellərin açılması baxımından hazır olmalıyıq. Amma bununla belə, xoşagəlməz hallar da baş verir. Konkret bu məsələ ilə bağlı hər iki tərəfi anlamaq olar, həm iş adamlarını, həm də yerli sakinləri. Belə halların təkrar olunmaması üçün həm turizm, həm nəqliyyat şirkətlərinə üz tuturuq ki, bu məsələlər nəzərə alınsın. Bir nəqliyyat şirkəti 2-3 turist gətiribsə, yolu bağlayırsa, bunlardan sonra gələn turizm şirkətlərinin, tur avtobuslarının keçidinə maneçilik törədir. Bir-birilərinin işini düzgün tənzimləməlidirlər. Maarifləndirmə işləri daha geniş şəkildə davam etdirilməlidir. Burada həm də yerli icra hakimiyyətləri aktiv olmalıdırlar. Eyni zamanda ictimai birliklər, elə bizim təşkilat, digər dövlət qurumları da aktiv olmalıdır. Çünki turizm bütün sahələri birləşdirən bir sektordur, burada zəncirvari bir iş görülür. Gələcəkdə ölkəmizdə daha çox turist görmək istəyiriksə, bundan daha çox mənfəət görmək istəyiriksə, bu işlər görülməlidir. O ki qaldı rayonlarda əhali ilə bağlı yaranan vəziyyətə, kənd sakinlərinin bu işə cəlb olunması çox müsbət nəticələr verə bilər. Məsələn, xaricdə bu yaxşı inkişaf edir. Bizdə də bu imkanlar var, daha da inkişaf etməlidir. COBİA və Məşğulluq Agentliyi bununla bağlı çox aktiv işlər görür. Dövlət Turizm Agentliyi tərəfindən bu ilin əvvəli subsidiyalar verilmişdi. 50-dən çox vətəndaş regionlarda öz evlərini turizm məqsədilə bu konseptə keçirmişdi. Bunu genişləndirmək lazımdır. Bütün bunlar regionlarda yaşayan vətəndaşlarımızın işlə təmin olunmasına gətirib çıxarır. Onlar bundan mənfəət əldə edir”.

Turizm eksperti, “Skal Baku” turizm peşəkarları klubunun rəhbəri Ceyhun Aşurov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Turizm sahəsi ölkəyə valyuta gətirən ən böyük iqtisadi sahələrdən biridir. Turizmdən gələn gəlirlər 2019-cu ildə təqribən 2.6 milyard dollar civarında hesablanır. Düzdür, bu, Azərbaycanın potensialına görə elə də böyük rəqəm deyil. Lakin bu rəqəm daha da böyüyə bilər, daha çox turist cəlb oluna bilər və ölkəyə valyuta axınını təmin edə bilər. Azərbaycanda böyük sayda yataq yerləri, qonaqlar üçün qalma yerləri, geniş infrastruktur və turistlər üçün istirahət yerlərinin sayı elə də çox deyil. Hotellərin sayı cəmi 700-ə yaxındır. Əlbəttə, bu böyük rəqəm sayılmır. Gələcəkdə bunun artımı təşviq olunmalıdır.

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

Ceyhun Aşurov: “Araşdırılma aparılmalıdır, əsl səbəbin nədən ibarət olduğu dəqiqləşməlidir”

O ki qaldı kənd camaatının turistləri ora buraxmamasına, bu, xoşagəlməz hadisədir. Bunun əsl səbəbi araşdırılmalıdır. Təbii ki, kənd camaatı, icma da çox gözəl anlayır ki, oraya gələn turistlər əslində gəlir mənbəyidir. Ora gələn turistlər yeyəcək-içəcəklər alır, suvenirlər alırlar. Yerli camaatın istehsal etdiyi məhsullardan alırlar. Həmin zonada iqtisadi aktivlik yüksəlir, gəlirliyin artımına səbəb olar. Laza kəndində isə araşdırma aparılmalıdır, əsl səbəbin nədən ibarət olduğu dəqiqləşdirilməlidir. Cəmiyyət özü buna hazır olmalıdır, əlbəttə, turist gəlir, onun rahatlığını təmin etmək bütün cəmiyyət üzvlərinin də üzərinə düşür. Regionlarda olan obyektlər turist axınını yaradan obyektlərdir. İri infrastruktur və obyektlər var deyə ora daha çox turist gəlir. Bunu da nəzərə almaq lazımdır. Turist axını varsa, orada yaşayan əhali, insanlar iş yerləri qazanırlar. İstehsal etdikləri məhsulları satırlar, iqtisadi fayda əldə edə bilirlər. Digər məsələ isə turizm obyektlərinin digər obyektlərin hesabına infrastrukturu yaxşılaşdırılıb, böyük obyektlər bura kifayət qədər investisiya qoyublar, işlər görüblər. Ona görə də həm dövlət qurumları, həm də digər turizm şirkətləri regionlarda maarifləndirmə işlərini artırmalıdırlar".

Dövlət Turizm Agentliyinin sözçüsü Gülnar Mustafayeva bildirib ki, hadisə turistlərlə bağlı olmayıb: “Artıq məsələ həll olunub, yol açıqdır. Məsələ ilə bağlı daha detallı araşdırma aparılacaq, amma onu qeyd etmək lazımdır ki, etiraz turistlərlə bağlı deyil, kənd sakinləri və oradakı iaşə obyekti sahibləri arasında anlaşılmazlıqdan irəli gəlib”.

Arif Allahverdiyev 

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev baş verənlərlə bağlı mediaya aydınlıq gətirib: “İnsanlar avtomobillərlə istirahətə gedib. Yerli camaat isə kənddə hərəkət edə bilmirik deyərək etiraz edib. Həmin vaxt kəndə gələnlərin bir hissəsi qayıtdı. Bununla da kəndin adamgötürmə qabiliyyəti tənzimləndi”.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Laza kənd icra nümayəndəsi Nazim Cənnətəliyev də bildirib ki, kənd sakinləri ilə turistlər arasında heç bir münaqişə yaranmayıb: “Onlar yerli turistlər olublar. Turistlər kəndə buraxılıb, sadəcə, yerli sakinlər maşınların kəndə daxil olmasına etiraz ediblər. Kəndin yolu olduqca dar olduğundan, turistlərdən avtomobilləri kəndin girişində saxlayıb piyada gəzməyi tələb ediblər. Həmin yola eyni anda bir neçə maşın girəndə tıxac yaranır. Bu da kənd sakinləri üçün narahatlıq yaradır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR