İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Abbaslı: “Bu qanun layihəsini yazanlar namizədlik zamanı 450 imza yığıbmı?”

“Qanun layihəsini oxudum, məndə belə praktik partiya təcrübəsi yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Ağ Partiya sədri Tural Abbaslı “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ağ Partiya sədri öz iradlarını bildirib:

“Gedin qonşuya deyin ki, şəxsiyyət vəsiqəsinin nömrəsini istəyirəm, görün verəcək? Az qala bizdən partiyaya üzv olmaq üçün ayaqqabı ölçüsünü, qan qrupunu istəyirlər. Əgər məqsəd siyasi partiyaların sıradan çıxarılmasıdırsa, təbrik edirəm, çox mükəmməl qanun layihəsidir. Hətta qanun layihəsinin dili də bərbaddır”.

Tural Abbaslı rayonlarda, iri şəhərlərdə ciddi problemlərin olduğunu deyib:

“Bu gün Azərbaycanda vətənə xəyanətlə həbsdə olan partiya sədrləri var. Belə hal neçə ölkədə var? Biz siyasi partiyalarımızı İrana, Rusiyaya, digər ölkələrə tabe etmək istəyiriksə, mükəmməl qanun layihəsidir”.

Ağ Partiya sədri siyasi partiyalara hörmətsizlikdən də danışıb: “Biz bura daxil olanda telefonlarımızı aldılar. Amma buradakı əməkdaşların hamısında telefon var. Mənim təhlükəsizliyimi dövlət təmin etməyəcəksə, biz kimə sığınmalıyıq? Nazirlərin həyat yoldaşlarına və uşaqlarına diplomatik pasportlar tətbiq olunur, amma partiya sədrləri təmin edilmir. Bu qanunu yazanlar heç olmasa namizədlik zamanı 450 imza yığıbmı? Biz siyasətlə məşğul olaq, yoxsa hesabat verməklə?”

Tural Abbaslı vurğulayıb ki, işçi qrupu təşkil olunmalıdır, partiya təcrübəsi olanlar layihə hazırlamalıdır: “Deyək ki, mən 40 min imza yığdım, Məzahir müəllim dedi “səhvdir”, onda mən siyasi fəaliyyətlə məşğul olmamalıyam?”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR