Onlayn ictimai-siyasi qəzet
Qlobal investisiya bankı "Goldman Sachs", artıq 2025-ci ilin sonuna qədər bir unsiya qızılın qiymətinin 3 min dollara çatacağını gözləmədiyini açıqlayıb. Bank, ABŞ Mərkəzi Bankının (FED) daha az faiz endirimi edəcəyi gözləntiləri ilə bu proqnozunu 2026-cı ilin ortalarına təxirə salıb. Bankın analitikləri bildiriblər ki, 2025-ci ildə daha yavaş monetar yumşalmanın (faizlərin yavaş-yavaş aşağı salınması) qızıl ilə dəstəklənən birja fondlarına (ETF) tələbi azaldacağı gözlənilir. Bu səbəbdən də 2025-ci ilin sonuna kimi qızılın qiymətinin bir unsiya üçün 2910 dollara çatacağını proqnozlaşdırırlar. 2024-cü ildə qızılın dəyəri 26 faizədək artdığı qeyd edilirdi.
Eyni zamanda, FED-in San-Fransisko şöbəsinin rəhbəri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Adriana Kuqler inflyasiya ilə bağlı narahat olduqlarını bildiriblər, yüksək inflyasiyaya son qoyulmasının və 2 faizlik hədəfə çatmağın vacibliyini vurğulayıblar. Bu açıqlamalardan sonra külçə qızılın unsiyasının qiyməti 0,3 faiz azalaraq 2631 dollaradək düşüb. Qızıl faiz ödəmir, amma aşağı dərəcələr ümumiyyətlə qızılın xeyrinədir. Ötən ay FED 2025-ci ildə edəcəyini gözlədiyi faiz endirimlərinin sayını azaldıb. FED sədri Jerome Powell bildirib ki, borclanma xərclərini azaltmaq üçün daha diqqətli olmalıdırlar. Bu, ABŞ-da monetar ekspansiya nəticəsində keçən il rekord qıran və 27 faiz bahalaşan qiymətli metal üçün maneə ola bilər.
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, qızılın nisbətən ucuzlaşması hər hansı qeyri-adi bir vəziyyət yaratmır: “Onsuz da son dövrlərdə qızılın qiymətində kəskin artımların olması qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artmasından qaynaqlanıb. Bu, bir qədər "köpük effekti" yaradıb, yəni tələbin artması fonunda real qiymətdən daha şişən qiymət formasına səbəb olub. Lakin qlobal təhdidlərin nisbətən azalması və ABŞ-də faiz dərəcələri ilə bağlı verilən son açıqlamalar (faiz dərəcələrinin aşağı salınmaması) investorları daha çox gəlir gətirən aktivlərə, o cümlədən də səhmlərə, dövlət istiqrazlarına və digər istiqamətlərə yatırımların edilməsi qızıla olan tələbi azaldıb. Bu da təbii olaraq qiymətlərin nisbətən aşağı düşməsinə yol açıb.
Eyni zamanda, Trampın hakimiyyətə gəlməsindən sonra dolların güclənməsi qızılın qiymətinin artmasına mane olub. Çünki dolların güclənməsi, qızılı xarici investorlar üçün daha bahalı edir və bu da tələbin azalmasına gətirib çıxarır, nəticədə qiymətlər ucuzlaşır”.
İqtisadçı əlavə edib ki, bu məsələdə spekulyativ davranışların da öz təsiri var: “Çünki qiymət əvvəlki dövrlərə nisbətən kifayət qədər yüksəlib və bundan sonra təklif tədricən artmağa başlayır, bu da təbii olaraq qiymətlərə təsir edir.
O ki qaldı, "Goldman Sachs"ın proqnozuna, burada ABŞ Federal Ehtiyat Sisteminin verəcəyi qərarlar çox önəmlidir. Çünki qlobal inflyasiyanın əngəllənməsi və inflyasiya dərəcəsinin aşağı salınması üçün əgər faiz dərəcələri dəyişməzsə, qızılın qiymətində orta müddətli dövrdə dəyişiklikləri görə biləcəyik. Lakin qızılın qiyməti davamlı olaraq bu sürətlə artmaqda davam edə bilməz”.
Afaq MİRAYİQ,
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ