İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ŞOK hədə – Ermənistan üçün “qaynar yay” başlayır

İLK YAYIM SAATI: 13:08

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı və ədalətsiz müharibəyə dünyanın əksər dövlətlərinin münasibəti məlum. Şimali Koreyadakı adamyeyən rejim xaric, aşağı-yuxarı, hamı beynəlxalq hüququn yanındadır.

Misal üçün, əgər Türkiyə, Azərbaycan, digər 13 postsovet ölkəsi, Qərb dövlətləri bunu ən yüksək səviyyədə, açıq bəyan edirsə, az sayda ölkələr susqunluq göstərir. Ancaq heç bir dövlət, BMT və ya ATƏT üzvü təcavüzə bəraət qazandırmır. Kreml Ukraynada bütün hədəflərinə çatsa belə, hazırkı münasibət ciddi dəyişikliyə uğramayacaq. Moskva “Pirr qələbəsi”nin ağır bədəlini ödəməli olacaq...

Dünyanın belə neqativ reaksiyası anlaşılandır. Özünə rəva bilmədiyini gərək başqasına da görməyəsən. Bu xüsusda ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bricit Brinkin addımı diqqətçəkicidir. Diplomat Trampın Ukrayna və Rusiya ilə bağlı siyasətinə etiraz olaraq vəzifəsindən getdiyini açıqlayıb.

30 ilə yaxın diplomatik karyerası ərzində ABŞ-ın beş fərqli prezidentinə – həm demokrat, həm də respublikaçı liderlərə xidmət etmiş Brink məqaləsində bildirib ki, Tramp administrasiyası dövründə tətbiq olunan xarici siyasət onun prinsip və dəyərləri ilə üst-üstə düşməyib. “Bu siyasət təəssüf ki, ilk gündən işğalçıya deyil, qurbana – Ukraynaya təzyiq göstərməkdən ibarət idi. Ona görə də daha bu sistemin parçası olmaq istəmədim,” – sabiq səfir vurğulayıb.

Maraqlıdır deyilmi? Eyni zamanda, normal və sağlam məntiqə uyğun mövqedir. Amma və lakin...

Əvvəla, bənzər diplomatik gedişi biz nədənsə 30 illik erməni işğalı dövründə Azərbaycanın xeyrinə hansısa amerikalı diplomatdan, məsələn, Ermənistandakı və ya Bakıdakı ABŞ səfirlərindən görmədik. Əksinə, Konqres təcavüzkar Ermənistanı qoyub (1992) Azərbaycana - işğal qurbanına sanksiya tətbiq eləmişdi. “Azadlığı Müdafiə Aktı”na edilən bədnam “907-ci düzəliş”i nəzərdə tuturuq.

“İkili standart” siyasəti? Yüz faiz. Xristian amili? Əlbəttə. Türk-müsəlman faktoru? Şəksiz.

Fəqət, Azərbaycan hər hansı təhdidə məhəl qoymadan və Putinlə imzalanmış Moskva Bəyannaməsinə (22.02.2022) rəğmən, Ukraynanın yanında yer alır. Tək səbəbə: ona görə ki, ukraynalılar haqlı tərəfdir, zülmə-zorakılığa, işğala məruz qalanlardır. Bunun nə demək olduğunu bizdən yaxşı kim bilə bilər ki?..

Deyəsən, Ukrayna gerçəyini Tramp da yavaş-yavaş anlamağa başlayıb. Ağ Ev başçısının Putin haqda paylaşdığı son status bunun bariz sübutu sayıla bilər. Kiyevə bir neçə uşağın da ölümü ilə nəticələnən axırıncı hava hücumunu sərt şəkildə qınayan Tramp Kreml rəhbərinin “dəli olduğunu” söyləməkdən belə çəkinməyib.

“Mənim Putinlə yaxşı münasibətim var, amma ona nəsə olub. Ukraynanın şəhərlərinə heç bir səbəb olmadan raketlər və PUA-lar buraxılır. Mən həmişə demişəm ki, o, təkcə bir hissəsini deyil, bütün Ukraynanı almaq istəyir və ola bilsin bu, həqiqətdir. Amma bacararsa, bu, Rusiyanın dağılmasına gətirib çıxaracaq”, - Tramp “Truth social” səhifəsində yazıb.

Bu, onun Rusiya və Putun haqda indiyə qədər dilə gətirdiyi ən ağır sözlərdir. Həm də Rusiyaya aşkar hədə və xəbərdarlıqdır. Ukraynadakı müharibənin Kremlin istədiyi ssenari ilə bitməsinə ABŞ-ın əngəl olacağı barədə ilk açıq siqnaldır.

Qalır nəhayət, sözdən əmələ keçmək. Yəni Ukraynaya hərbi, kəşfiyyat və digər köməkliyi genişləndirmək. Axı masaya təkcə Ukraynanın taleyi yox, həm də Amerikanın qlobal imici, avtoriteti qoyulub – Ağ Evdə kimin oturmasından asılı olmayaraq. Yeri gəlmişkən, Putin Rusiyasının bir hədəfi də Ukraynada ABŞ-ın beynəlxalq imicini darmadağın eləmək, sındırmaq, onu dünyanın 1 nömrəli dövləti kimi aşağılamaq və mənən əzməkdır.

Bu mənada qarşıdakı yayın bütün mənalarda qaynar keçəcəyi və həlledici olacağı gözlənilir. Elə Moskvaya təzədən təhlükəli reveranslar eləməyə başlamış Ermənistan üçün də. “Sülh göyərçini” obrazında mənasız poz vermək zamanı bitib. Bakı və Ankaranın barışıq əli sonsuzadək havada qalmayacaq. Günün birində o ƏL növbəti “DƏMİR YUMRUĞA” çevrilə və Tramp da, Putin də köməyə çatmaya bilər...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR