Onlayn ictimai-siyasi qəzet
Tramp üçüncü müddətə namizədliyini irəli sürmək ehtimalını istisna etmir.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bazar günü səhər saatlarında media ilə danışığında üçüncü müddətə namizədliyini irəli sürməsi barədə "zarafat etmədiyini" bildirib və "bu barədə düşünmək üçün hələ çox tez olduğunu" qeyd edib.
ABŞ Konstitusiyasının 22-ci düzəlişi heç bir şəxsin iki dəfədən çox prezident seçilməsinə icazə vermir. Lakin Tramp NBC News-a verdiyi açıqlamada "bunun mümkün olması üçün müəyyən üsulların mövcud olduğunu" deyib. "Çoxları mənim bunu etməyimi istəyir", – deyə o, müttəfiqlərinə istinad edərək əlavə edib.
Jurnalistlər Trampdan üçüncü müddətə namizədliyini irəli sürmək üçün konkret planların olub-olmadığını soruşduqda, o, "bunu həyata keçirmək üçün bəzi metodların mövcud olduğunu" söyləyib. NBC News-un müxbiri onun vitse-prezident Cey Di Vensin prezidentliyə namizəd olub, sonra isə vəzifəni Trampa ötürə biləcəyi ssenarini nəzərdə tutub-tutmadığını soruşub. Tramp bu üsulun "mümkün variantlardan biri olduğunu", lakin "başqa yolların da olduğunu" bildirib. O, əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Qeyd edək ki, bundan əvvəl Tramp üçüncü müddətə prezidentliyə namizəd olmaq istəyini dilə gətirsə də, bir çox respublikaçılar bu fikirləri zarafat kimi qəbul etmişdilər.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ