İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Pekinə qapını göstərdi: Çin artıq tərəfdaş deyil

"Kreml Ukraynaya təhlükəsizlik təminatı verməli olan ölkələr arasında Çini də göstərib. Yəni Qərb ölkələri ilə yanaşı Çin də Ukraynanın təhlükəsizlik təminatında iştirak etməlidir. Kreml bunu belə izah edib ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və prosesdən kənarda qala bilməz".

Bu barədə Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, əslində Kreml Çini ona görə siyahıya əlavə edib ki, Pekin Ukrayna məsələsində Qərbin planlarına mane olsun:

"Kiyev Kremlin təklifi ilə razı deyil. Ukrayna Prezidenti Volodimir Zelenski Çinin müharibənin başlanğıcında ölkəsinə dəstək göstərmədiyini açıqlayıb. Zelenski bildirib ki, Çin əksinə, Rusiyanı dəstəkləyərək ona dron bazasını açıb: “Çin müharibəni dayandırmaq üçün bizə yardım etmədi, əksinə, Rusiya üçün dron bazasını açdı. Bizə belə ölkələrdən zəmanətlər lazım deyil – onlar bizi 24 fevraldan sonra ən kritik anda dəstəkləmədilər”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti haqlıdır. Pekin müharibəni dayandırmaq üçün plan hazırlamışdı. Ancaq həmin plan Rusiyanın maraqlarını nəzərə alırdı. Bu səbəbdən Kiyev həmin planı qəbul etmədi. Aydındır ki, Zelenskinin Çin haqqında son söylədikləri Pekinin xoşuna gəlməyəcək. Çünki, Pekin Rusiyaya hərbi texnika satmadığını vurğulayır. Halbuki, Qərb və Ukrayna kəşfiyyatının yaydıqları məlumatlara görə, Çin Rusiyaya hazır hərbi texnika satmasa da, hərbi texnika istehsalı üçün gərəkli detalları və avadanlıqlar satır. Bunu isə Qərbdə və Ukraynada Çinin Rusiyaya hərbi dəstəyi kimi qiymətləndirirlər".

Pokitoloq qeyd edir ki, müharibə Rusiyanın Çindən asılılığını artırıb:

"Bu Pekinin maraqlarına cavab verir. Birincisi, Çin Rusiyadan ucuz neft və qaz alır. İkincisi, müharibənin davamı ABŞ və Avropa ölkələrinin Çinə qarşı təzyiq mexanizmini zəiflədib. Bunu çinli rəsmilər də gizlətmirlər. Təsadüfi deyil ki, Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərdə ölkəsinin Rusiyanın müharibədə məğlubiyyətində maraqlı olmadığını bildirib. Çünki, çinli diplomatın sözlərinə görə, Rusiya məğlub olarsa ABŞ bütün diqqətini Çinlə mübarizəyə yönəldəcək".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR