İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yeni dünya savaşını niyə başlatdı: Qlobal rəqiblər ABŞ-ı “Axilles dabanı”ndan vurur

Ağ Ev son vaxtlar dünyada dollardan imtina prosesinin intensivləşməsindən narahatdır, çünki bu, gözlənilən effekti verərsə, ABŞ-ın qlobal mövqelərində sarsıdıcı zərbələr vurulmuş olacaq... Digər tərəfdən, “dollarsız ticarət” baş tutarsa, Ağ Evin iqtisadi sanksiyaları öz indiki təsirini tamamilə itirər, ABŞ-ın qlobal imperiyası da tədricən çökərək, dağılmağa başlaya bilər...

Dünya hazırda olduqca gərgin və təhlükəli bir mərhələdən keçməkdədir. Son vaxtlarsa, ümumiyyətlə, qarşıdurma mühiti qlobal xarakter almağa başlayıb. Üstəlik, qlobal qarşıdurmanın istiqamətləri də şaxələnməkdə davam edir. Hər halda, dünyada istənilən mövcud problem hazırda ən qısa zamanda hərbi-siyasi toqquşmalar törətmək potensialına malikdir. Və belə vəziyyət dünyanın gələcək taleyi ilə bağlı ciddi narahatlıqlar üçün əsaslar yaratmış olur.

Onu da qeyd etmək lazımdır ki, köhnə qlobal siyasi-hüquqi sistemin dağılması və yeni dünya düzəninin qurulması prosesi məhz pandemiya dövrü ilə start götürüb. Üstəlik, pandemiya dövründə dünyanın daha heç vaxt əvvəlki kimi olmayacağı barədə proqnozlar da artıq tədricən özünü doğrultmağa başlayıb. Hər halda, ötən əsrin 50-ci illərindən üzü bəri mövcud olan qlobal siyasi-hüquqi sistem artıq dağılma prosesinin son mərhələsindədir. Və bunun əvəzində yeni dünya düzəninin necə olacağı hələlik tam aydınlığı ilə təsəvvür olunmur.

03719ddc26c5633e7bb522337b8c6cc6.jpg (234 KB) 

Məsələ ondadır ki, köhnə qlobal siyasi-hüquqi sistemin tamamilə dağıdılmasında Ukrayna savaşından və Yaxın Şərq böhranından da istifadə edildi. Çünki Ukrayna savaşı kollektiv Qərbin əsas hərbi-siyasi rəqiblərindən olan Rusiyanın ciddi şəkildə zəiflədilməsinə yol açıb. Bu, eyni zamanda, Çinin də Qərbə müqavimət potensialının effektivliyini azaldıb. Və bu sıraya Yaxın Şərqin yenidən dizayn edilməsi ilə bağlı cəhdləri də əlavə etdikdə, qlobal qarşıdurmanın nə qədər təhlükəli istiqamətlər aldığını təxmin etmək çətinlik törətməz.

Ancaq bütün bunlar hər şeyin sona çatması anlamı da daşımır. Çünki həlledici mərhələ hələ yeni başlayır. Belə ki, Bayden administrasiyası ABŞ-ın qlobal təsir mexanizmləri sayəsində dünyanı dərin qarşıdurma mühitinə düçar etməyi bacarıb. Bəziləri ABŞ-ın yeni prezident Donald Trampın Ağ Evə dönüşündən sonra dünyada nisbi sakitliyin yarana biləcəyinə ümid bəsləsələr də, hazırda bunun tamamilə əksi baş verməkdədir. Və hətta müşahidələr onu göstərir ki, əslində, prezident Donald Tramp Bayden administrasiyasının başlatdığı qlobal qarşıdurma prosesini nisbətən fərqli narrativlər üzərindən davam etdirir.

Bütün bunları nəzərə aldıqda, Tramp administrasiyasının qlobal hədəflərinin hazırda dünyanı dərin hərbi-siyasi, eləcə də iqtisadi xaosa doğru sürüklədiyini də düşünmək olar. Xüsusilə də, son vaxtlar Ağ Evin yeni sahibinin Kanadanı ABŞ-ın 51-ci ştatına çevrilməyə çağırması yeni qarşıdurma təhlükəsini ön plana keçirtməyə başlayıb. Hər halda, Kanada NATO-nun üzvüdür və bu ölkədən ABŞ-ın ştatlarından birinə çevrilməyin tələb edilməsi Ağ Evə yeni beynəlxalq rəqib vəd edir. Və bu baxımdan, hansısa mərhələdə NATO-nun reaksiya vermək məcburiyyətində qala biləcəyi də qətiyyən istisna deyil.

 tr-ticaret-Снимок.JPG (81 KB)

Halbuki, NATO-nun reaksiyasının NATO-ya faydalı olma ehtimalı da o qədər inandırıcı görünmür. Çünki NATO-nun mövcudluğunda, bu hərbi-siyasi alyansın avanqard üzvü olan ABŞ həlledici səviyyədə rol oynayır. Ona görə də, NATO-nun Kanada ucbatından ABŞ-la kəskin qarşıdurmaya həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Və bu baxımdan, NATO-nun baş verənlərə reaksiyası böyük ehtimalla “növbətçi bəyanatlar”la məhdudlaşa bilər.

Maraqlıdır ki, ABŞ-ın Kanada, Meksika və Çinə yönəlik iqtisadi-ticari hücumu da olduqca prinsipial xarakter daşıyır. Belə ki, prezident Tramp Kanada və Meksikadan idxal olunan mallara 25 faiz, Çinə qarşı isə 10 faiz gömrük rüsumu tətbiq edib. Böyük ehtimalla Ağ Evin yeni sahibinin atdığı bu addım hər üç ölkənin iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər.

Halbuki, prezident Donald Tramp bu ölkələrə, xüsusilə də Kanadaya xəbərdarlıq edib ki, ABŞ-a qarşı əks addımların atılmasına cəhd göstərilməsin. Çünki bu halda, ABŞ gömrük rüsumunu iki dəfə artıracaq. Eyni zamanda, Ağ Ev Kanadaya hər il ABŞ büdcəsindən göstərilən 200 milyard dollara yaxın dəstəyi də kəsməyə hazırlaşır. Və bu, o deməkdir ki, prezident Donald Tramp bu addımlarla Kanadanın “könüllü” şəkildə ABŞ-ın tərkibinə qatılmaq məcburiyyətində qalmasına yol aça biləcək prosesə artıq start verib.  

trr-dollar-brics-Снимок.JPG (64 KB) 

Ümuniyyətlə, Ağ Evin yeni sahibinin dünyanın bəzi nüfuzlu dövlətlərini və qurumlarını birbaşa hədəfə alması prezident Donald Trampın qlobal iqtisadi-ticari savaş başlatdığını düşünməyə tamamilə əsas verir. Belə ki, Ağ Ev sahibi Avropa Birliyinin ABŞ-dan enerji resursları aımasını da tələb edir. Əks halda, Avropa Birliyi ilə ticarətə də yüksək gömrük rüsumlarının tətbiq olunacağı ilə hədələyir. Və bu baxımdan, ABŞ-ın savaş açdığı növbəti istiqamət də Avropa Birliyi məkanıdır.

Digər tərəfdən, prezident Donald Tramp kollektiv Qərbin qlobal rəqiblərini də qətiyyən unutmayıb. Belə ki, Ağ Ev sahibi BRİCS ölkələrini dollardan imtina edəcəkləri təqdirdə, onlarla ticarətə100 faizlik gömrük tariflərinin tətbiqi ilə hədələyib. ABŞ siyasi dairələri son vaxtlar dünyada dollardan imtina ilə bağlı müəyyən proseslərin artıq başlanmasından ciddi şəkildə narahatdırlar. Və əgər, bu, gözlənilən effekti verərsə, onda, ABŞ-ın qlobal mövqelərində sarsıdıcı zərbələr vurulmuş olacaq.

Hələlik BRİCS ölkələrinin bu təhdidə necə qarşılıq verəcəkləri məlum deyil. Halbuki, bu ölkələrin bəziləri hesab edirlər ki, əgər, dollardan imtinaya nail olunarsa, BRİCS üzvlərinə qarşı ABŞ və Qərbin iqtisadi sanksiyaları öz indiki təsirini tamamilə itirməyə başlayacaq. Üstəlik, ABŞ-ın qlobal imperiyası da tədricən çökərək, dağılmağa başlaya bilər. Və bu baxımdan, kollektiv Qərbin qlobal rəqibləri dollardan imtina məsələsinin ABŞ üçün əsl “axilles dabanı” olduğuna tamamilə əmindirlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR