Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının dayandırılması ilə bağlı başladılmış proses qlobal məkanda qəliz situasiyanın yaranmasına yol açıb. Bu proses hazırda Qərb siyasi dairələrində kəskin ziddiyyətlərə səbəb olmaqla yanaşı, parçalanma təhlükəsini də maksimum səviyyədə artırıb. Hər halda, Rusiya əleyhinə kollektiv Qərb formatında ortaq fəaliyyətin olmadığı da inkaredilməz reallıqdır. Və belə davam edərsə, yaxın vaxtlarda kollektiv Qərb anlayışının yox olacağı da qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, mövcud situasiya ABŞ və Avropa Birliyinin strateji hədəflərinin artıq ayrıldığını göstərir. Avropa Birliyi Ukraynanın Rusiyaya qarşı savaşda dəstəklənməsinin vacibliyini hələ də ön planda tutur. "Qoca qitə"nin siyasi dairələri hesab edirlər ki, Kremlin bu "savaş bataqlığı"ndan qalib görüntüsü ilə çıxarılması yaxın gələcəkdə Avropa dövlətlərini təhlükəli Rusiya təhdidləri ilə üzləşdirə bilər. Və bu baxımdan, hazırda Ukrayna savaşının gələcək taleyi ilə bağlı ABŞ-Avropa Birliyi siyasi qarşıdurması yaşanır.
Məsələ ondadır ki, Tramp adminstrasiyası Ukrayna savaşının dayandırılmasına yalnız Rusiya ilə anlaşaraq, nail olmağa çalışır. Üstəlik, bu prosesə həm taleyi həll edilməkdə olan Ukrayna, həm də ABŞ-ın Rusiyaya vəd etdiyi güzəştlər ucbatından böyük risk altına düşə biləcək Avropa Birliyi buraxılmır. Yəni, Tramp adminstrasiyası bütün prosesi yalnız Rusiya ilə yürüdür. Və müşahidələr onu göstərir ki, səhnə arxası sövdələşmə birmənalı şəkildə yalnız ABŞ-Rusiya cütlüyünün maraqları üzərində qurulmaqdadır.
Hətta bəzi mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər. Ağ Evin Kremllə məxfi təmasların nəticələrindən hələlik məmnun olduğunu da müşahidə olunur. Hər halda, prezident Donald Trampın son açıqlamaları ABŞ-in Ukrayna böhranına münasibətdə tərəfsizliyini tədricən itirməyə başladığını biruzə verir. Yəni, ABŞ Ukraynanın müttəfiqindən Rusiyanın siyasi tərəfdaşına çevrilir. Və bu baxımdan, ABŞ-ın təktərəfli olaraq, öz üzərinə götürməyə çalışdığı vasitəçilik missiyası indi Ukraynanın gələcək taleyi üçün ən real təhlükə hesab oluna bilər.
Maraqlıdır ki, prezident Donald Tramp son açıqlamaları ilə müəyyən mənada, Rusiyanın qlobal məkanda rəsmi təmsilçisi kimi görünməyə başlayıb. Ukrayna prezidenti Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi Ağ Ev sahibini ciddi şəkildə qəzəbləndirib. Çünki prezident Volodimir Zelenski Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd edirsə, bu, Tramp planının pozulmasına səbəb ola bilər. Və bu səbəbdən də, Ağ Ev sahibi Ukrayna prezidentinə qarşı şantaj xarakterli sərt ittihamlar irəli sürür.
Ağ Ev sahibi açıq mətnlə prezident Volodimir Zelenskini qeyri-legitim dövlət başçısı elan edib. Eyni zamanda, prezident Donald Tramp Ukrayna liderini kollektiv Qərbin maliyyə dəstəyini şübhəli məqsədlərə yönəltməkdə, hətta korrupsiyada suçlayır. Digər tərəfdən, Ağ Ev sahibi Rusiyanın Ukraynanı cəmisi bir neçə gün ərzində darmadağın edə biləcəyini, ancaq Kremlin bunu etmək istəmədiyini də vurğulayıb. Və bu, faktiki olaraq, Ağ Ev sahibinin məhz Rusiya prezidenti Vladimir Putinin dili ilə danışması anlamı daşıyır.
Belə təsəvvür yaranır ki, prezident Donald Tramp hazırda tamamilə Kremlin siyasi iradəsinin təsiri altına düşüb. ABŞ və Rusiya təmsilçilərinin Əl-Riyadda keçirilən son görüşündə Kremlə vəd olunan güzəştlər barədə yayılan məlumatlar da bu təsəvvürləri gücləndirir. Ən əsası isə prezident Vladimir Putin ABŞ-la danışıqların nəticələrindən çox məmnun olduğunu qətiyyən göstərmir. Və Qərb mətbuatında Rusiyanın qopardığı güzəştlərin məzmunu barədə iddialar Kreml sahibinin məmnun qalması üçün olduqca ciddi əsasların olduğunu təsdiqləyir.
Məsələ ondadır ki, Qərb mənbələrinə görə, Ər-Riyadda başlayan danışıqların nəticələri Avropanın əhəmiyyətli bir hissəsində ABŞ hərbi bazalarının ciddi şəkildə azalmasına səbəb ola bilər. Çünki iki ölkə arasındakı müzakirələrə 1990-cı ildən sonra NATO-ya qoşulan Avropa ölkələrindən ABŞ qoşunlarının çıxarılması ilə bağlı Moskvanın 2021-ci ildə irəli sürdüyü tələblərin də daxil ediləcəyi gözlənilir. Bu, ilk növbədə keçmiş sovet respublikaları olan Estoniya, Latviya və Litvaya təsir edəcək. Həmçinin, Polşa üçün də mümkün təhlükə daxil olmaqla, gələcək siyasi və hərbi münaqişələrə səbəb ola bilər.
Qərb mətbuatının məlumatına görə, bu məsələ yalnız ABŞ-ın Ramşteyndəki (Almaniya) hərbi bazalarına və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə aid deyil. Ona görə də, hesab olunur ki, Tramp-Putin sövdələşməsi baş tutarsa, Avropanın geri qalan hissəsi əhəmiyyətli hərbi-siyasi dəyişikliklərə hazırlaşmalı olacaq. Bu baxımdan, hesab etmək olar ki, Putin-Tramp danışıqları Avropada “Amerika əsri”nin sonuna çatması ilə də nəticələnə bilər. Və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol iddiaları Kremlə vəd edilən güzəştlər ilə bağlı iddiaları təsdiqləyir.
Amerikalı keçmiş səfir bildirib ki, Tramp-Putin sövdələşməsinə görə, Rusiyanın işğal etdiyi Ukrayna əraziləri Kremlin nəzarətində qalacaq, Ukrayna NATO-ya üzv qəbul edilməyəcək, ABŞ qoşunları Ukraynada yerləşdirilməyəcək, Avropada isə azaldılacaq, Rusiyaya qarşı sanksiyalar yumşaldılacaq. Bu şərtlər reallaşarsa, Ukraynanın NATO-ya inteqrasiyası yolu qapanacaq, Rusiya işğal etdiyi ərazilərin qeyri-rəsmi sahibinə çevriləcək. Və bu, yaxın vaxtlarda yeni qlobal hərbi-siyasi böhranın ilkin əlamətləri də sayıla bilər.
Məsələ ondadır ki, rəsmi Kiyev Ukraynanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcəyini artıq dəfələrlə bəyan edib. Prezident Volodimir Zelenski də açıq şəkildə bildirib ki, Rusiya ilə yalnız işğal olunmuş torpaqların tam azad edilməsi şərti ilə sülh danışıqları aparıla bilər. Rusiya tərəfi isə indiyədək işğal olunmuş ərazilərdən geri çəkilmək fikrində olmadığını və Ukraynanın NATO-ya üzvlüyünü “qırmızı xətt” kimi gördüyünü bildirib. Və bütün bunlar növbəti mərhələdə daha kəskin qarşıdurma üçün real təsir faktorlarıdır.
Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, əslində, ABŞ prezidenti Donald Tramp Ukraynanın ləğvinə artıq razılıq verib. Eyni zamanda, ABŞ Avropanı da taleyin ümidinə tərk edərək, Rusiyanın təsir dairəsinə buraxmağa hazırlaşır. Ağ Ev sahibinin Avropa Birliyinə xitabən "ABŞ-ı böyük və möhtəşəm okean müdafiə edir" mesajı "qoca qitə"yə real təhlükə olan Tramp-Putin sövdələşməsinin əsas hədəflərini təxmin etməyə imkan verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ