Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi prosesinə başlanması haqqında fərman imzalayıb.
"Təhsil Nazirliyinin yaradılmasından ötən 45 il sonra Birləşmiş Ştatlar təhsilə və bir şagirdə digər ölkələrdən daha çox pul xərcləyir. Buna baxmayaraq, biz uğur baxımından siyahının ən aşağısındayıq", - Ağ Ev sahibi qeyd edib.
Bəs Azərbaycanda bu tip struktur dəyişikliyi mümkündürmü?
Musavat.com-un xəbərinə görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, Trampın ABŞ Təhsil Departamentini ləğv etmək ideyası onun prezidentliyi dövründə və sonrakı siyasi ritorikasında tez-tez səsləndirdiyi bir məsələdir:
"Bu yanaşmanın arxasında daha dərin bir ideoloji və maliyyə düşüncə sistemi dayanır. Tramp və onun kimi mühafizəkar siyasətçilər hesab edirlər ki, federal hökumətin təhsilə müdaxiləsi mərkəzləşməni artırmaqla yanaşı, həm də ideoloji yönlü qərarların qəbuluna səbəb olur. Onlar düşünür ki, təhsil məsələləri ştatların və yerli idarəetmə orqanlarının səlahiyyətində olmalıdır, bu zaman məktəblər daha müstəqil, təhsil daha effektiv ola bilər.
Bu iddiaların əsassız olduğunu demək olmaz. ABŞ-da 1979-cu ildən fəaliyyət göstərən Təhsil Departamenti illərdir yüksək maliyyə vəsaiti alsa da, PISA kimi beynəlxalq qiymətləndirmələrdə ABŞ şagirdlərinin nəticələri bir çox inkişaf etmiş ölkələrlə müqayisədə geridə qalır.
2018-ci il PISA nəticələrinə görə, ABŞ riyaziyyat üzrə 37-ci, təbiət üzrə 18-ci, oxu bacarığı üzrə isə 13-cü yeri tutmuşdu. Bu göstəricilər ABŞ iqtisadiyyatının böyüklüyü və texnologiyada liderliyi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən Tramp kimi siyasətçilər federal nəzarətin faydasız olduğunu əsas gətirərək bu departamentin ləğvini və təhsilin ştatlara verilməsini müdafiə edirlər".
Təhsil ekspertinin fikrincə, Trampın təklif etdiyi model reallaşarsa, ABŞ-da təhsil sistemi parçalanmış bir struktura çevrilə bilər:
"Hazırda federal səviyyədə mövcud olan kurikulum istiqamətləri, müəllim hazırlığı standartları və maliyyələşmə prinsipləri ortadan qalxacaq. Bu zaman zəngin və kasıb ştatlar arasında təhsil imkanlarında fərq daha da dərinləşəcək. ABŞ Təhsil Departamentinin 2023-cü il üçün büdcəsi 82 milyard dollar idi. Bu vəsaitin ləğv olunması və ya ştatlara verilməsi aztəminatlı bölgələrdə təhsilin maliyyə dayanıqlığını sual altına sala bilər. Federal proqramlarla təmin olunan Pell Grant və xüsusi təhsil yardımları kimi sosial mexanizmlərin taleyi də bu prosesdə qeyri-müəyyən ola bilər.
Bu cür yanaşmalar, əslində, təhsildə keyfiyyətin artırılmasına yox, ideoloji və inzibati sərhədlərin gücləndirilməsinə xidmət edir. Təhsilin yerli səviyyəyə verilməsi təşəbbüskarlığı artsa da, sistemli koordinasiyanın pozulması və nəticələrin monitorinqi imkanlarının zəifləməsi təhsilin ümummilli səviyyədə daha da bərabərsiz olmasına gətirib çıxara bilər. Xüsusilə, aztəminatlı və azsaylı etnik qrupların yaşadığı bölgələrdə bu dəyişiklik sosial bərabərsizliyi dərinləşdirə bilər".
Kamran Əsədov hesab edir ki, Azərbaycanda bu tip struktur dəyişikliyinin mümkünlüyü real görünmür:
"Hazırda Elm və Təhsil Nazirliyi bütün təhsil pillələrini vahid mərkəzdən idarə edir. Bu mərkəzləşmiş model müəyyən sahələrdə effektivlik gətirsə də, digər tərəfdən çeviklik və innovasiyanı məhdudlaşdırır. Nazirliyin ləğv edilməsi və təhsil idarəçiliyinin regional strukturlara verilməsi üçün ciddi hüquqi, maliyyə və institusional bazanın qurulması tələb olunur. Hazırda rayon və şəhər təhsil idarələrinin səlahiyyət və resurs imkanları buna imkan vermir. Əgər belə bir model tətbiq olunsa, ucqar rayonlarda keyfiyyətli təhsilin təmin olunması ciddi suallar doğurar.
Maliyyə baxımından da bu dəyişikliklərin nəticələri risklidir. 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyinin büdcəsi 4.1 milyard manat təşkil edir. Bu vəsait məktəblərin saxlanması, müəllimlərin maaşları, dərsliklərin hazırlanması və digər təhsil xidmətlərinə sərf olunur. Nazirliyin ləğv olunması bu vəsaitin idarə olunmasında xaotik vəziyyət yarada bilər. Eyni zamanda, nəticəyə əsaslanan monitorinq sistemlərinin zəifləməsi, keyfiyyətin qiymətləndirilməsi və standartların təmin olunması məsələlərini çətinləşdirər.
Təhsilin idarə olunmasında mərkəzləşmiş və ya yerli modelin üstünlükləri hər ölkənin sosial, iqtisadi və inzibati reallıqlarından asılıdır. Trampın təşəbbüsü daha çox ideoloji və bürokratik tənqidə əsaslansa da, bu qərarın təhsil sisteminə verəcəyi zərər uzunmüddətli və çoxistiqamətli ola bilər.
Azərbaycan üçün isə bu tip dəyişikliklər real və effektiv deyil. Ən uyğun yanaşma mərkəzi idarəetmənin saxlanılması ilə yanaşı, məktəblərə və regional strukturlara daha çox muxtariyyət verilməsi, nəticəyönümlü idarəetmə sisteminin tətbiqi və müəllimlərin peşəkar inkişafına sərmayə yatırılması ola bilər. Təhsildə islahatlar strukturun deyil, məzmunun dəyişməsindən başlamalıdır".
Xalidə Gəray
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ