Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini korrupsiyaya uğramış adlandırıb və onun tezliklə məsuliyyətə cəlb olunacağını bildirib.
Musavat.com xəbər verir ki, o, bunu Truth Social hesabında paylaşıb: "Bu ölkənin indiyə qədər qarşılaşdığı ən pis insanlardan biri, korrupsiyalaşmış keçmiş FTB direktoru Ceyms Komidir. Bu gün o, böyük münsiflər heyəti tərəfindən müxtəlif qeyri-qanuni və hüquqazidd hərəkətlərə görə iki maddə üzrə ittiham edilib. O, uzun müddətdir ki, ölkəmizə zərər verib və indi nəhayət, xalqımıza qarşı törətdiyi cinayətlərə görə cavab verəcək”.
Fox Newsun məlumatına görə, Konqresə yalan danışmaqda ittiham olunan Ceyms Komini, təqsirli bilinərsə, 5 ilə qədər həbs cəzası gözləyir. Telekanal qeyd edir ki, bu, Kominin 2020-ci ilin sentyabrında verdiyi ifadələrə aiddir. Fox News Kominin tabeliyində olanlara jurnalistlərə hər hansı məlumat sızdırmaq göstərişi vermədiyini bildirdiyi həmin dinləmənin səs yazısını yayımlayıb.
Ceyms Komi özünü təqsirli saymadığını və bunu məhkəmədə sübut etməyə hazır olduğunu bildirib. O, İnstaqramda yayımlanan videoda "Ədliyyə Nazirliyinə yazığım gəlir, amma federal məhkəmə sisteminə dərin inanıram və mən günahsızam, ona görə də gəlin məhkəməni gözləyək və imanımızı qoruyaq. Mən və ailəm illərdir bilirik ki, ABŞ prezidenti Donald Trampa qarşı durmağın bir bahası var. Biz başqa cür yaşamağı təsəvvür edə bilməzdik. Biz diz çöküb yaşamayacağıq. Siz də yaşamamalısınız. Mən qorxmuram və ümid edirəm ki, siz də qorxmursunuz".
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ