Onlayn ictimai-siyasi qəzet
Suriya böhranı ətrafında yaranmış situasiya hələlik olduqca qəlizləşmiş kimi görünür. Çünki Əsəd rejimi devrilsə də, Suriyanın bərpa olunması prosesi ilə bağlı kəskin ziddiyyətlər eynilə qalmaqdadır. Bəzi dünya dövlətlərinin Suriyada olan geopolitik maraqları bərpa prosesi qarşısında əsas əngəllərin sırasına daxildir. Üstəlik, bu ziddiyyətlər zəifləmək əvəzinə daha da dərinləşir. Və belə situasiyanın Suriya üçün yeni ölkədaxili qarşıdurmalar da vəd etdiyi inkaredilməz reallıqdır.
Onu da qeyd etmək lazımdır ki, Suriyada qüvvələr nisbətinin yenidən formalaşdırılmasına yönəlik cəhdlər də müşahidə olunur. Belə ki, müvəqqəti keçid hökumətinin lideri Əhməd Əl-Şəraa prezident elan olunsa da, keçmiş müxalif silahlı qruplaşmaların bəziləri Suriyanın deyil, daha çox özəl maraqları ön plana keçirtməyə cəhd göstərirlər. Nəticədə bu ölkədə yenidən hakimiyyət uğrunda mübarizəyə bağlı daxili qarşıdurma təhlükəsi artır. Və bu prosesdə kənar güclərin müdaxilə təsiri də mövcuddur.
Məsələ ondadır ki, bəzi dünya dövlətləri Suriyanın bərpa prosesində həlledici iştirak payı qoparmaq üçün müvəqqəti keçid hökumətinin nəzarətindən kənar silahlı qruplaşmalara dəstək verməyə başlayıblar. Əsas məqsəd isə bu silahlı qruplaşmalardan müvəqqəti keçid hökumətinə təzyiq mexanizmi kimi istifadə etmək imkanı qazanmaqdır. Və hələlik buna nail olduqlarından Suriya üçün daha çətin bir mərhələnin hələ irəlidə olduğunu düşünmək də olar.
Ancaq Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şəraa bəzi kənar dövlətlərin nəzarətdən kənar silahlı qruplaşmalar üzərindən "siyasi bazarlıq" məkanı açmaq cəhdlərinə sərt reaksiya verib. Suriyanın yeni lideri bildirib ki, ölkənin ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi müvəqqəti keçid hökumətinin əsas prioritetləri sırasına daxildir. Və bu məsələ heç bir halda, kənar dövlətlərlə "siyasi bazarlıq" mövzusuna çevrilə bilməz.
Təbii ki, Suriya liderinin bu açıqlaması ilk növbədə bu ölkənin üçdə birini hələ də işğal altında saxlayan PKK/YPG terror təşkilatına ciddi xəbərdarlıq mesajı sayıla bilər. Çünki hazırda Suriyanın ərazi bütövlüyünə qarşı ən ciddi təhdid məhz PKK/YPG terror təşkilatının Əsəd rejimi dönəmindəki kimi hərbi cinayətlərə bağlı fəaliyyətini davam etdirmək niyyətində israr etməsidir. Və bu, ilk növbədə Suriyanın bərpa prosesinə sarsıdıcı zərbələr vura biləcək faktordur.
Suriyanın müvəqqəti hökumətinin bu önəmli problemə qarşı mübarizədə əsas müttəfiqi rolunda isə məhz Türkiyə çıxış edir. Belə ki, rəsmi Ankaranın PKK/YPG terror təşkilatına yönəlik mövqeyi konkret və prinsipial xarakter daşıyır. Türkiyə bu terror təşkilatının Suriya kürdlərini təmsil etmək bəhanəsi ilə ölkənin bərpa prosesində iştirakına qarşı çıxır. Və rəsmi Ankara əmindir ki, Suriyanın gələcək təhlükəsizliyinin təmin olunması üçün PKK/YPG terror təşkilatı ümumiyyətlə, tərksilah olunaraq, məhv edilməlidir.
Onu da qeyd etmək lazımdır ki, PKK/YPG terror təşkilatının gələcək taleyinin müəyyən olunması hazırda ABŞ-ın mövqeyindən də asılıdır. Belə ki, Bayden administrasiyası dönəmində Ağ Ev PKK/YPG terror təşkilatını ABŞ-ın Suriyadakı əsas strateji tərəfdaşı elan etmişdi. ABŞ bu terror təşkilatını maliyyələşdirməklə yanaşı, həm də silahlandıraraq, hərbi təlimlər də keçirirdi. Və ABŞ-ın Suriyadakı hərbi kontingenti PKK/YPG terror təşkilatının toxunulmazlığını da təmin edirdi.
Təbii ki, məhz bu səbəbdən iki NATO üzrə hərbi müttəfiq - Türkiyə və ABŞ arasında olduqca ciddi ziddiyyətlər yaşanmaqdaydı. Rəsmi Ankara Türkiyəyə qarşı geniş miqyaslı terror savaşı aparan PKK/YPG-nin ləğvini tələb edirdi. ABŞ isə bu terror təşkilatını himayə edərək, Türkiyənin antiterror əməliyyatlarının qarşısını almağa çalışırdı. Və nəticədə iki hərbi müttəfiqin qarşılıqlı münasibətlərində gərginlik qaçılmaz olurdu.
Ancaq ABŞ-ın yeni prezidenti Donald Tramp seçkilərdən sonra PKK/YPG terror təşkilatına dəstəyin geri çəkilə biləcəyi ilə bağlı önəmli mesajlar vermişdi. Ağ Evin yeni sahibi PKK/YPG terror təşkilatına görə ABŞ hərbi kontingentinin Suriyada əbədi dislokasiyasının mümkün olmadığını da birmənalı şəkildə vurğulamışdı. Türkiyə siyasi dairələrində məmnunluqla qarşılanan bu mesajlar PKK/YPG terror təşkilatı daxilində ciddi narahatlıq doğurmuşdu. Çünki terrorçular ABŞ-ın birbaşa dəstəyi və himayəsi olmadan Suriyada mövcud ola bilməyəcəklərini anlayırdılar. Və bu baxımdan, PKK/YPG terror təşkilatının sonuna o qədər də çox qalmadığı barədə qənaətlər indi daha ön plandadır.
Məsələ ondadır ki, prezident Donald Tramp ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə mesajlarını artıq icra etmək niyyətini qətiyyən gizlətmir. Yəni, Ağ Evin yeni sahibi üçün PKK/YPG terror təşkilatının gələcək taleyi elə bir ciddi əhəmiyyət daşımır. Əksinə, indi prezident Rəcəb Tayyib Ərdoğanın dünyanın önəmli liderlərindən biri olduğunu vurğulayan Ağ Ev sahibi Donald Tramp ABŞ-ın yeni dönəm hədəflərinə çatmaq üçün Türkiyənin dəstəyini almağa üstünlük verir. Və bu, rəsmi Ankaranın strateji maraqlarına böyük ölçüdə cavab verən yeni situasiya hesab oluna bilər.
Bununla belə, prezident Donald Tramp ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması ilə bağlı məsələdə Ağ Evin əsas beynəlxalq müttəfiqi İsrailin geopolitik maraqlarını da nəzərə almaq niyyətində olduğunu qətiyyən gizlətmir. Çünki ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması barədə mesajlar İsraili də ciddi şəkildə narahat edir. Xüsusilə də, Türkiyə ilə münasibətlərin korlanması kontekstində rəsmi Təl-Əviv ABŞ-dan atacağı addımlarla bağlı regional təhlükəsizlik təminatı istəyir. Və bu, Ağ Evin rəsmi Ankara ilə siyasi təmaslarında bu mövzunun ön plana keçməsinə yol açır.
Maraqlıdır ki, prezident Donald Tramp ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması üçün rəsmi Ankaraya Türkiyə-İsrail münasibətilərinin bərpası ilə bağlı şərt irəli sürüb. Eyni zamanda, diplomatik mənbələrin verdiyi məlumata görə, Ağ Ev sahibi Donald Tramp ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması ilə bağlı planı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdırmağa da xüsusi önəm verir. Və bu baxımdan, Türkiyə-İsrail münasibətlərinin dərhal da olmasa, tədricən normallaşa biləcəyi qətiyyən istisna deyil.
Göründüyü kimi, Türkiyənin əsas təhlükəsizlik problemlərindən biri olan PKK/YPG terror təşkilatının tamamilə sıradan çıxarılma ehtimalı artıq çox yaxındır. Üstəlik, Bayden administrasiyasından fərqli olaraq, prezident Donald Tramp Türkiyənin ABŞ-la strateji müttəfiq kimi yaxınlaşmasına xüsusi önəm verir.
Ona görə də, Ağ Evin yeni sahibi Türkiyə-ABŞ yaxınlaşmasını sürətləndirmək üçün PKK/YPG terror təşkilatının gələcək taleyinin müəyyən edilməsini məhz rəsmi Ankaranın öhdəsinə buraxmaq niyyətini sezdirir. Və bu, Suriyanın bərpa prosesinə, eləcə də, Yaxın Şərqin yenidən dizayn edilməsinə birbaşa təsir göstərəcək önəmli mərhələyə də çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ