Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi fövqəladə açıqlamada Suriyaya qarşı tətbiq olunan sanksiyaların rəsmi şəkildə ləğv edildiyini bəyan edib.
Trampın sözlərinə görə, bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlar nəticəsində formalaşıb.
Məlumatı Ağ Ev rəsmi bəyanatla təsdiqləyib. Bildirilir ki, bu addım ABŞ-Suriya münasibətlərinin normallaşdırılması istiqamətində ilk real siyasi addım olaraq qiymətləndirilir.
“Suriya ilə münasibətlərin normallaşması üçün ilk addımı atdıq. İllərdir davam edən sanksiyaları bu gündən etibarən ləğv etdik,” – deyə Tramp bəyan edib.
ABŞ liderinin Səudiyyə Ərəbistanında davam edən rəsmi səfəri çərçivəsində sabah Suriya Prezidenti Əhməd Əş-Şara ilə görüşəcəyi də açıqlanıb. Ağ Ev bu görüşün Riyad şəhərində baş tutacağını və əsas gündəmin ikitərəfli münasibətlərin bərpası, regional təhlükəsizlik, terrorla mübarizə və Suriya böhranına siyasi həll yolları olacağını bildirib.
ABŞ Prezidenti Trampın bu mühüm qərarı Türkiyə Prezidenti Ərdoğanla məsləhətləşmədən sonra qəbul etməsi, bölgədə Türkiyənin diplomatik çəkisinin artdığını göstərən əhəmiyyətli bir jest kimi qiymətləndirilir. Qeyd edilir ki, Ankara uzun müddətdir Vaşinqtonla koordinasiyada Suriya ilə bağlı yeni siyasət paketləri üzərində çalışırdı.
Trampın bu addımı həm Vaşinqton, həm də Yaxın Şərq paytaxtlarında geosiyasi balansın dəyişməsinə yol aça biləcək bir prosesin başlanğıcı kimi dəyərləndirilir. Suriya ilə ABŞ arasında diplomatik təmasların yenidən qurulması, eyni zamanda İranın bölgədəki təsirinə qarşı alternativ güc balansı yaratmaq məqsədi daşıya bilər.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ