Onlayn ictimai-siyasi qəzet
İki gündür dünya xəbər gözləyir: Putin İstanbula gələcək, yoxsa yox? Doxsan doqquz faizin rəyi də budur ki, gəlməyəcək. Əksəriyyətin bu qənaətə gəlməsinin əsas səbəbi odur ki, Putinin səfəri barədə Kremldən rəsmi münasibət bildirilməyib, ikincisi Putin Zelenski ilə bir masada istənilən məsələni müzakirə etməkdən imtina edir. Bir faizi ümidləndirən isə, Trampın İstanbula səfər etməsinin mümkünlüyü haqqında açıqlaması oldu. Təbii ki, Trampın da şərti məlumdur- Putin gələrsə.
Əlbəttə, kimin gəlib-gəlməməsindən çox, dünyanı atəşkəsin və sülhün yaranacağı maraqlandırır. Yəni, liderlər iştirak etməsələr də olar, amma müharibə dayansın. Liderlərsiz atəşkəsə, sülhə nail olmaq mümkündürmü? Rusiyadan fərqli olaraq Ukrayna nümayəndə heyətini təmsil edəcək tərkib açıqlanıb. Tramp dövlət katibi Marko Rubio ilə yanaşı, hələ danışıqlarda heç bir diplomatik uğur qazanmayan xüsusi nümayəndəsi Stiv Uitkofu və Ukrayna məsələləri üzrə nümayəndəsi Kit Kelloqu da danışıqlarda iştirak etmək üçün İstanbula göndərir.
Putin İstanbula gəlməsə, o zaman məlum nümayəndə heyətləri səviyyəsində danışıqlar böyük ehtimalla heç bir nəticə verməyəcək. Məsələ bundadır ki, Putin gəlsə daha pis vəziyyət yaranacaq. Niyə? Ona görə ki, Putin gələrsə sülh üçün yox, Ukraynanın kapitulyasiyası üçün gələcək. Putin İstanbula gələrsə, ən azı bu günədək irəli sürdüyü tələblərin böyük bir hissəsinin qəbul edilməsində israrlı olacaq və qarşı tərəfi buna məcbur etmək xəttini yeridəcək. Yəni, Putin atəşkəsə yalnız öz şərtləri ilə razılaşacaq. Ukrayna buna razı olmayacaq və müharibə daha da şiddətlənəcək. Putin isə sülh üçün guya addım atdığı təbliğatına başlayacaq və Ukraynanı ittiham edəcək. Trampın da Putinə qismən dəstək verəcəyi mümkündür, çünki 100 gün ərzində Putinə xeyli stimul verdiyi məlumdur. Ona görə də, Putinin İstanbul səfəri Ukrayna və avropalılar üçün “təhlükə siqnalı” olmalıdır. Putin və Tramp İstanbulda Trampın imzasını tələb edəcəyi razılaşma ilə görünsələr, Zelenski və Avropa liderlərinin manevr etmək imkanları məhdud olacaq. Amma, Putin əzəli rəqibi olan ABŞ-yə və onun prezidenti Trampın ilk xarici səfərində uğurlu bir sənədə imza atıb diplomatik qələbə ilə qürurlanmasına razı olmaz. Eyni zamanda, müharibə başlayandan dəfələrlə, hətta ən ümidsiz vəziyyətlərdə belə güc və bacarıq nümayiş etdirmiş Ukrayna prezidenti üçün də belə bir sonuc.., sarsıdıcı ola bilər.
Putin gəlməməklə güc nümayiş etdirir, amma, eyni zamanda Ukrayna və Avropa liderlərinin daha sərt mövqe sərgiləcəyinə şərait yaratmış olur. ABŞ da, hər halda Rusiyanın yanında yer almayacaq və Avropa liderləri ilə koordinasiyalı siyasət aparıb yeni sərt sanksiyalar tətbiq etməklə yanaşı, Ukraynaya silah, maliyyə yardımını da artırmış olacaqlar. Anti Rusiya təbliğatı da müharibədən bezmiş Avropa daxili auditoriyası üçün də sakitləşdirici rol oynayacaq. “Putin mənimlə birbaşa danışıqlardan qorxur”- deyən Zelenskinin də nüfuzu bir daha artmış olacaq.
Əlbəttə, Ukraynada müharibəni Putin başlayıb və Zelenskinin sözü ilə desək “bu müharibə Putinin müharibəsidir”. Bu mənada müharibəni də o dayandıra bilər. Amma, Putinin istədiyi kimi müharibənin dayandırılması yalnız Ukraynanın məğlubiyyəti deyil, haqqın, ədalətin, beynəlxalq hüququn məğlubiyyətidir və presedent olaraq bəşəriyyət üçün daha böyük təhlükələrin, fəlakətlərin başlanğıcıdır. İstanbul görüşü ərəfəsində Rusiya qoşunları açar rol oynayan cəbhə xətlərində xeyli canlı qüvvə toplayır.
Putin İstanbula gəlməsə yaxşıdır.
İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ