İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan Azərbaycan və Ermənistanla bağlı BƏYANAT

Gürcüstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının təşkilatçılığı ilə 20 oktyabrda Lüksemburqda keçiriləcək görüşə dəvətlə bağlı narazılıq ifadə edib.

Musavat.com xəbər verir ki, görüşə Mərkəzi Asiya və Şərq Tərəfdaşlığı ölkələrinin – Azərbaycan, Ermənistan, Türkiyə, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan – xarici işlər nazirləri dəvət olunub.

Lakin Gürcüstan yalnız səfir səviyyəsində təmsil olunmağa çağırılıb.

XİN-in bəyanatında bu addım “qəbuledilməz” adlandırılıb:

“Məsələnin əhəmiyyətini və Gürcüstanın rolunu nəzərə alaraq nazir səviyyəsində keçirilən görüşə səfir dəvət etmək qəbuledilməzdir. Belə yanaşmanın səbəbləri və əsasları başadüşülən deyil”.

Bəyanatda vurğulanıb ki, Gürcüstan regional təhlükəsizlik və Avropa ilə Asiya arasında bağlantılar məsələsində mühüm mövqeyə malikdir və bu səbəbdən də mühüm diskussiyalarda müvafiq səviyyədə iştirak etməlidir.

Rəsmi Tiflisin mövqeyinə görə, səfir səviyyəsində dəvət Avropa İttifaqı institutlarının Gürcüstana qeyri-ciddi münasibətini göstərir və bu, həm geosiyasi, həm də coğrafi reallığın nəzərə alınmaması kimi qiymətləndirilir.

Nazirlik həmçinin bu addımı Avropa İttifaqının Gürcüstanla bağlı tədbirlərdə iştirak məsələsini siyasi spekulyasiya və daxili radikal gündəmi təşviq vasitəsinə çevirməyə cəhd kimi dəyərləndirib.

“Ümid edirik ki, Aİ-nin üzv dövlətlərinin əksəriyyəti Gürcüstanla tərəfdaşlığın əhəmiyyətini dərk edir və Avropa Xarici Fəaliyyət Xidmətinin belə yanaşmasını bölüşmür”, - deyə bəyanatda bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR