Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Maltada ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş təşəbbüsünü rəsmi Bakı rədd etdi. Bunu da haqlı olaraq, Birləşmiş Ştatların, daha dəqiqi, Bayden hökumətinin Azərbaycana ədalətsiz münasibəti ilə izah etdi.
Gerçəkdən də Bayden administrasiyası 4 il ərzində Azərbaycana qarşı ədalətsiz, haqsız mövqedən çıxış etdi. O sırada 22 ildən sonra “Azadlığı Müdafiə Aktı”na Azərbaycanla bağlı edilmiş bədnam “907-ci düzəliş”in tətbiqinin ABŞ prezidentləri tərəfindən hər il aradan qaldırılması ənənəsinə son verdi. Ölkəmizə qarşı erməni lobbisinin təhriki ilə qəbul edilmiş bu qadağanı təzədən bərpa etdi.
Bəs yeni seçilmiş prezident Donald Tramp Baydenin Azərbaycanla bağlı səhvlərini düzəldəcəkmi? O sırada 2025-ci il üçün “907-ci düzəliş”in tətbiqi təzədən dondurula bilərmi?
Fikrət Yusifov
Keçmiş maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Blinkenin bu istəyini, sadəcə, həyasızlıq kimi qiymətləndirir: “İnanırıq ki, Donald Tramp hökuməti Azərbaycana qarşı münasibətdə Co Bayden hökumətinin yol verdiyi kobud səhvləri təkrarlamayacaq. Biz son 4 ildə Bayden hökumətinin Azərbaycanla bağlı atmaq istədiyi addımlarda pozitiv heç nə görə bilmədik. Otuz il torpaqlarımızı işğal altında saxlamış erməni vandallarının əməllərini görməzdən gələn ABŞ hökumətinin başında dayananlar otuz ildə bu münaqişənin həlli istiqamətində bir dəfə də olsun normal addım atmamış ATƏT-n Minsk Qrupunu yenidən diriltmək və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların bu qurumun müstəvisində aparılmasını təklif edirlər. ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan hökumətinin və vətəndaşlarımızın nifrətindən başqa heç nə qazana bilmədi. Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirdiyi 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatından sonra ATƏT-n Minsk Qupunun da fətvasını verdi. Bu təşkilat artıq bizim üçün ölüb. Lakin onun yaradıcıları hələ də bu qrupun yaşamasına çalışır, hər vəchlə onu diriltməyə cəhd edirlər. Təbii ki, bu məsələdə Ermənistan da Minsk Qrupuna yeni nəfəs vermək istəyənlərin yanında dayanır. Qarabağ probleminin həllini həzm edə bilməyən və bu məsələdə Azərbaycan hökumətinə qarşı kəskin bir mövqedən çıxış edən Co Bayden hökumətinin yarıtmaz fəaliyyəti bizim yaddaşımızdan silinməyəcək.
Bayden hökuməti seçkiləri uduzduqdan sonra belə Azərbaycana qarşı fəaliyyətlərindən əl çəkmək istəmir. Dövlət katibi Entoni Blinkenin Maltada ATƏT-in Nazirlər Şurasının ənənəvi illik iclası keçirilən zaman Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü istəməsi də siyası həyasızlığın son həddi kimi dəyərləndirilməlidir. Təbii ki, Azərbaycan ABŞ dövlət katibinin belə bir görüşün keçirilməsi təklifini rədd etdi".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Bayden administrasiyasından fərqli olaraq, Tramp administrasiyasının Azərbaycanla əlaqələrə ciddi yanaşacağını proqnozlaşdırır: “Maltada Azərbaycanla Ermənistanın baş diplomatlarının görüşünün baş tutmamasının iki günahkarı var. Birinci günahkar Co Bayden administrasiyası və onun anti-Azərbaycan qərarlarıdır. Co Baydenin hakimiyyəti dönəmində Vaşinqton Bakıya qarşı indiyə qədər görülməmiş sərt mövqe nümayiş etdirdi. Bayden hökuməti açıq formada işğalçının mövqeyini müdafiə etməklə məşğul oldu. Bu da Bakının Vaşinqtona qarşı sərt təpkisinə gətirib çıxardı. Belə olan halda Azərbaycan hakimiyyəti ABŞ-la münasibətlərini qapı kandarındakı asılqandan asdı. Bayden administrasiyasının bu prosesdəki ermənipərəst üzü isə Entoni Blinken idi. Doğrusu, Vaşinqton Bakıdan belə bir sərt təpki gözləmədiyini sonrakı addımları ilə göstərdi. Münasibətləri düzəltməyə çalışsa da, hələlik bu barədə sükunətdən tərpəniş hiss olunmur. Malta görüşünün baş tutmamasının ikinci əsas günahkarı İrəvandır. Nikol Paşinyan hakimiyyəti Bakı ilə əldə olunmuş razılaşmalara məhəl qoymur. Ermənistanda yenidən revanşist qüvvələrin baş qaldırmasına imkan yaradır. Bu azmış kimi, Ermənistan son on ayda revanş üçün sürətli silahlanmaya girişib. Fransanın, Yunanıstanın və Hindistanın istismar müddəti bitmiş silahlarını öz arsenalına toplayır. Ermənistanın bu addımı sülh çağırışlarının ofsaytında qalan hərəkətlərdir. Ona görə də Azərbaycanın xarici işlər naziri iki avantürist siyasətçi ilə eyni masada oturmağı özünə və dövlətimizin nüfuzuna sığışdırmadı. Bayden bədnam "907-ci düzəliş"i dondurmamaqla Azərbaycanla münasibətlərdə soyuqluq yaratdı. Baydendən fərqli olaraq Donald Tramp daha praqmatik siyasətçidir. Düşünürəm ki, Trampın prezidentliyi dövründə bu münasibətlər bir qədər yumşalacaq. Ən azından Azadlığı müdafiə aktına məlum və bədnam “907-ci düzəliş” ənənəyə uyğun olaraq dondurulacaq. Eyni zamanda iki ölkə arasında iqtisadi, hərbi əməkdaşlıq sahələrində ciddi irəliləyişlər mümkündür. ABŞ Orta Asiyaya doğru hərəkətlənmək, Rusiyanı buradan vurub çıxarmaq istəyir. Ona görə də Azərbaycanla münasibətlər Vaşinqton üçün bu baxımdan olduqca vacibdir. Üstəlik, Azərbaycan Türkiyə və Rusiyanın müttəfiqi olan yeganə Cənubi Qafqaz ölkəsidir. Deməli, Güney Qafqazın açarı rəsmi Bakının əlindədir. Bu baxımdan, Tramp hökumətinin Azərbaycanla əlaqələrə ciddi yanaşacağını düşünürəm".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ