İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaq davasında “dindaşımız haqlıdır” meyarı - O Qərb, bu Şərq...

Çağdaş Türkiyənin məşhur siyasi xadimlərindən olan Meral Akşenerin HƏMAS-İsrail müharibəsinə dair dediyi sözlər bir sıra mətləblərə işıq tutur və bu xüsusda mütərəddid durumda qalanlara öz mövqelərini müəyyənləşdirmək imkanı verir.

M.Akşenerin sözləri aşağıdakı kimidir: “Fələstin hökuməti Türkiyəyə qarşı erməni lobbisinin yanında olub; Fələstin hökuməti uyğur türklərinə qarşı Çinin yanında olub; Fələstin hökuməti Kipr türklərinə qarşı yunan administrasiyasının yanında olub”.

Bunlar həqiqətdir və bunu türk siyasiləri daha yaxşı bilirlər. Çünki Türkiyə 100 ildən artıqdır bu münaqişənin içindədir, döyüşən tərəflərin ikisi ilə də qonşudur və hər iki bir zamanlar onun tabeliyində olublar.

Əslində Fələstin hökumətinin (burada açar söz məhz “Fələstin hökuməti”dir) ermənilərin, Çinin, Kipr yunanlarının tərəfində olması, xroniki olaraq türk xalqlarına qarşı cəbhədə yer alması hadisəsi tarixdən qaynaqlanır.

Görünür, Fələstin, Səudiyyə, Yəmən ərəblərinin 100+ illər əvvəl Osmanlıya, yəni türklərə silah qaldırmasından, ingilislərin köməyi öz nisbi müstəqilliklərinə qovuşmasından sonra da bu kin-küdurət azalmayıb, ona görə də onlar harada türk varsa, ona qarşıdırlar.

Başqa sözlə, ərəbləri idarə edən hökumətlər hansısa bir bölgədə haqqı pozulan, əzilən türk xalqına münasibətdə dini birgəlik, müsəlman qardaşlığı prizmasından yanaşmırlar, sırf milli kimlik, etnik ayrıcalıq, tarixi düşmənçilik meyarı ilə yanaşırlar.

Əksinə olsaydı, onlar zamanında yunanlara, ermənilərə, çinlilələrə qahmar çıxmazdılar. Fələstin hökumətinin bizə münasibətdə ən azı məsafəli olmaları məhz ölkəmizi Türkiyənin müttəfiqi, türk millətinin ikinci dövləti saymalarına görədir.

Ancaq bu, o demək deyil ki, bizə münasibətləri dostcasına deyil deyə, bu xalqın təməl haqları pozulmalıdır. Dünyada belə bir meyar yoxdur, ola da bilməz.

Hətta o xalq bizimlə eyni dindən olmasa da, onun hökuməti bizə güllə atsa da, millətin azad, təhlükəsiz yaşamaq haqqı var və heç bir normal dövlət hansısa motivlərə görə bu haqları gözardı etməməlidir.

Bununla belə, bu tip münaqişələrə sırf dini yaxınlıq müstəvisində yanaşmaq və tərəf tutmaq yanlışdır, ədalətsizlikdir, cinayətdir. Sənin dindaşın ərazi, torpaq, birgəyaşayış məsələsində haqlı olmaya da bilər, amma o səninlə eyni şeylərə inanır, eyni cür ibadət edir deyə onu haqlı sayırsan.

Pakistan dövləti belə edir, dünyanın harasında müsəlmanlarla bağlı münaqişə vəziyyəti olursa, o, birmənalı olaraq müsəlman icmanın tərəfini tutur.

Özünü dünya müsəlmanlarının himayədarı elan edən İran isə bu cür məsələlərdə seçicidir, onun milli maraqları dini təəssübkeşliyindən ötədir. Məsələn, Çində uyğun türkləri qətliamlara, xroniki təqib-təzyiqlərə məruz qalır, Kanada, İngiltərə kimi dövlətlər özlərini buna görə ülgücləyirlər, amma İrandan səs çıxmır. Yaxud İran var gücü ilə sünni təriqətinə mənsub olan Fələstin ərəblərinin tərəfini tutur, amma xaçpərəst ermənilərlə şiə azərbaycanlıların müharibəsində ermənilərin yanında yer alır. Bu dövlət Yəməndə şiə üsyançıları (husiləri) hərtərəfli dəstəkləyərək, onların sünni hökumətə qarşı şiddətli müharibə aparmalarına kömək edir.

Başqa sözlə, İran dövlət olaraq öz imkanlarından din qardaşlarının haqqı üçün istifadə etmir, din amilindən öz dövlət maraqlarının təmin olunması üçün yararlanır, yeri gələndə də din-məzhəb birlikdəliyini axırıncı plana qoyur.

Türkiyə son 15 ildə Yaxın Şərq ərəblərinin pasibanı kimi çıxış edir. Bu dövlət 2009-cu ildə Fələstin məsələsinə görə İsrail ilə müharibə vəziyyətinə gəlib çıxanda heç bir ərəb dövləti ona lazımi dəstək verməsə də, rəsmi Ankara yeni siyasi xəttindən çəkilmədi və hələ də onu davam etdirir.

Bəzi Avropa dövlətləri də əksər hallarda lokal konfliktlərə dini təəssükeşlik prizmasından yanaşırlar. Bunun bariz nümunəsini öz təcrübəmizdə görmüşük. Ermənilər Qarabağ münaqişəsində bütün parametrlər (istər taarixi, istər insan haqları, istərsə də beynəlxalq hüquq baxımından) üzrə haqsız olasalar da, Fransa kimi dövlətlər birmənalı olaraq onların tərəfində durdular və dururlar.

Belə dövlətlərdə müsəlmanlara, türk xalqlarına qarşı qərəz o qədər güclüdür ki, ermənilər hətta Azərbaycanı tamamilə işğal edib, milyonlarla insanı qətlə yetirsələr də, o dövlətlər aşkarda susacaq, daldada “yaxşı edirlər” deyəcəkdilər. İndi bu əxlaqın yiyələri gəlib haqq-ədalətdən danışırlar.

HƏMAS-İsrail müharibəsindəki qarşılıqlı amansızlıqlar, qəddarlıqlar, “qaydasız müharibə” epizodları elə bir şiddətdədir ki, “etnik təmizləmə”dən, “ermənilərə qarşı zülm”dən danışan dairələrdə bir damcı abır-həya varsa, o mövzunu bir daha açmamalıdırlar.

Çünki 19-20 sentyabrda, cəmi 1 sutka çəkən lokal antiterror əməliyyatında mülki ermənilərin mal-mülkünə, ən əsası da canlarına ziyan dəyməyib. Ortada bir fakt belə yoxdur. Amma ara sakitləşən kimi məkrli dairələr o məsələni yenidən qaldıracaqlar. Həm də ona görə ki, HƏMAS öz ağılsız hərəkəti ilə dünya müsəlmanlarına qarşı yeni bir nifrət dalğasına səbəb olub. Azərbaycana qarşı olan dairələr isə bu dalğanın üzərində sörfinq şousu təşkil etməyə çalışacaqlar.

Hər halda, torpaq, ərazi, bir bölgədə mövcudluq uğrunda gedən mübarizələrə dini çalar vermək, qovğaya din amilini qarışdırmaq həm yanlışdır, həm də təhlükəlidir. Belə durumlarda artıq beynəlxalq qanunlara, ədalətə yer qalmır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR