İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti meydançasından nazir kürsüsünə - “xruşşovka”ların müəllifi sonda Xruşşovun qəzəbinə tuş gəlib...  

 

Nikita Xruşşovun hakimiyyəti illərində yadda qalan hadisələrdən biri də ölkədə kütləvi şəkildə 4-5 mərtəbəli yaşayış binalarının tikintisi olub. Həmin binalar bu günə qədər də “xruşşovka” adı ilə tanınır. Mövcud dövrdə bu cür binaların inşası ölkə vətəndaşları üçün böyük hadisə sayılıb. Belə ki, kommunal evlərdə, yataqxanalarda, heç bir şəraiti olmayan daxmalarda yaşayan insanlar üçün yeni mənzillərə köçmək böyük sevinclə qarşılanıb.

Yeni yaşayış binalarının inşası Xruşşovun ideyası olsa da, onların tikintisinin müəllifi Nikolay Dudorov olub. Ümumiyyətlə, dövrün ən tanınmış inşaatçısı sayılan Dudorov ölkənin tikinti sahəsində bir çox uğurlara imza atıb. Ancaq onun bu sahədəki fəaliyyətini Xruşşov yarımçıq qoyub, sovet liderinin heç kimin ağlına gəlməyəcəyi bir təyinat Dudorovu tikinti meydançasından nazir kürsüsünə aparıb.

Maraqlıdır, bir gün də olsun belə daxili işlər orqanlarında xidmət etməyən Dudorovu Xruşşov hansı səbəbdən daxili işlər naziri təyin edib?

Qeyd edək ki, Dudorov 1906-cı ildə Vladimir quberniyasının Kovrovski kəndində anadan olub. İlk əmək fəaliyyətinə Moskva Büllur Zavodunda fəhlə kimi başlayan Dudorov sonralar Menedeleyev adına Kimya Texnologiya İnstitutunda ali təhsil alıb. 1937-ci ildə o, SSRİ Ağır Sənaye Komissarlığına (nazirliyinə) şöbə müdiri vəzifəsinə təyinat alıb. Müharibə dövründə Dudorov komissarlığın müdafiə sənayesi profili üzrə işləyən zavodlarına başçılıq edib, ordunun texniki təminat məsələlərində fəallığı ilə fərqlənib.

Дудоров_Николай_Павлович.jpg (31 KB)

Xruşşovla Dudorovun tanışlığı 1950-ci illərin əvvəllərindən başlayıb. Xruşşov Moskva vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyəndə Dudorov komitənin tikinti şöbəsinə rəhbərlik edib. Xruşşov onun işindən həmişə razı qalıb, Dudorov idarəetmə qabiliyyəti, iş bacarığı, tikintisi sahəsinin mükəmməl bilicisi kimi fərqlənib.

Xruşşov ölkə rəhbərliyinə gəldikdən sonra da Dudorovu unutmayıb. 1956-cı ildə Dudorov Kremlə dəvət olunub və onu Xruşşovun qəbuluna aparıblar. Sovet lideri heç bir ümumi giriş etmədən birbaşa mətləbə keçib:

-Sizin üç gün vaxtınız var. Bütün işlərinizi müavinə təhvil verin. Siz bu gündən daxili işlər naziri təyin olunursunuz. Təyinat müzakirəyə açıq deyil. Gedə bilərsiniz.

Sözsüz ki, belə bir təyinat Dudorov üçün gözlənilməz olub. Xruşşovun bu təyinatı isə səbəbsiz olmayıb. Belə ki, daxili işlər naziri vəzifəsində çalışan Sergey Kruqlov Xruşşov üçün arzuolunmaz kadr sayılıb. Kruqlov Lavrenti Beriyanın həbsində fəal iştirak etsə də, onun üstündən “Beriyanın adamı” damğası götürülməyib. Elə bu səbəbdən də Xruşşov onu bu mühüm postdan uzaqlaşdırıb. Boş qalan nazir vəzifəsinə can atan namizədlər az olmayıb. Daxili qoşunlar və sərhəd qoşunlarının bu nazirliyin tabeliyində olması ilə Daxili İşlər Nazirliyi ölkənin ən mühüm güc strukturlarından biri sayılıb. Elə buna görə də Xruşşov təyinat məsələsində tələskənliyə yol verməyib. Kremldəki mövqeyini daha da möhkəmləndirmək üçün Xruşşov ona son dərəcə sədaqətli olacaq kadr axtarıb və nəhayət, seçimini edib. O, bütün namizədlərin üstündən xətt çəkərək Dudorovu bu vəzifəyə təyin edib.

Nikolay Dudorov nazir kimi fəaliyyətinin ilk günlərindən bir çox yeniliklərə imza atıb. O, ilk növbədə bu sistemdə kadr islahatlarına başlayıb. Stalin hakimiyyətindən sonra yaranan mürəkkəb vəziyyətdə köhnə kadrların fəaliyyəti onu qane etməyib. Cinayətkarlığın sayının artdığı bir dövrdə Dudorov müşavirələrdə cinayətkarlara daxili işlər orqanları əməkdaşlarının hamilik etməsi fikrini söyləməkdən çəkinməyib. Fəaliyyətinin birinci ilində o, nazirliyin strukturunda böyük dəyişikliklərə nail olub, idarə və şöbə rəislərinin 70 faizdən çoxu dəyişdirilib.

p_271512_1_slidertop2.jpg (85 KB)

Nazirliyin şəxsi heyətində savadsızlıq, bütövlükdə şəxsi heyətin 52 faizdən çoxunun orta təhsili olmaması məsələsi də yeni nazirin diqqətindən yayınmayıb. Bu məqsədlə o, ölkənin ayrı-ayrı bölgələrində, müttəfiq respublikalarda bir illik kursların açılması ilə bağlı əmr imzalayıb və orta və kiçik milis heyətinin əməkdaşlarını bu kurslara cəlb edib.

Nikolay Dudorov ondan əvvəlki dövrdə nazirliyin fəaliyyətindəki buraxılmış səhvlərə də qayıdıb. O cümlədən əvvəlki dövrlərdə yüksək çinli dövlət məmurlarının sovet qanunlarını kobud şəkildə pozmalarını da aşkarlayıb. Bu məsələdə dövlət təhlükəsizliyi naziri İvan Serov və müdafiə naziri Georgi Jukov da hədəfə düşüb. Dudorov mövqeyindən dönməyib və konfliktdən qalib çıxıb. Jukov və Serov vəzifələrindən uzaqlaşdırılıb. Düzdür, onların siyasi müstəvindən getmələrinin başqa səbəbləri də olub, amma hər halda Dudorovun da Kreml çəkişmələrində rolu az olmayıb.

Çox keçməmiş Dudorovun kifayət qədər fəallığı Xruşşovu ciddi şəkildə narahat etməyə başlayıb, hətta o, naziri özünə rəqib kimi qəbul edib.  Amma heç bir səbəb olmadan onu nazir kürsüsündən uzaqlaşdırmağın siyasi müstəvidə yetərincə böyük qalmaqala, növbəti mübarizələrə səbəb olacağını anlayan Xruşşov fərqli bir varianta əl atıb.

1960-cı ildə Xruşşovun təşəbbüsü ilə SSRİ Daxili İşlər nazirliyi ləğv edilib, onun funksiyalarını Rusiya və digər müttəfiq respublikaların Daxili İşlər Nazirlikləri icra edib. Araşdırmaçıların qənaətinə görə Xruşşov nazirliyin ləğv olunmasını məhz Dudorovun vəzifədən getməsi üçün edib. Beləliklə də, nazirliyin ləğv olunması ilə Dudorov nazir vəzifəsini itirib.

Sabiq nazir sonrakı fəaliyyətini öz sahəsində davam etdirib, Moskva şəhər Baş Tikinti Materialları idarəsinin rəisi vəzifəsində işləyib, 1972-ci ildə təqaüdə çıxıb. Ömrünün son illərində o, memuarlarını qələmə alıb. Dudorov öz xatirələrində Xruşşovu öz mənafeyini dövlət mənafeyindən üstün tutan yarıtmaz siyasətçi kimi xarakterizə edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR