Onlayn ictimai-siyasi qəzet
“Təki mənim də dərdim sənin kimi bir abbası olaydı”
(Üzeyir Hacıbəyli, “O olmasın, bu olsun”)
Öncə bir terminoloji dəqiqləşdirmə, daha doğrusu, təklif vermək istəyirəm. Dünən DTX-nin “Qarabağ bölgəsinin erməni əhalisinə müraciəti” yayıldı. Müraciətdə deyilirdi: “Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər”. Daha sonra da mətndə bir neçə dəfə “qanunsuz erməni silahlı birləşmələri” ifadəsi keçir, nəhayət müraciət “erməni sakinləri qeyri-qanuni hərəkətlərdən çəkinməyə” çağırışla bitirdi.
Fikrimcə, daha bizim bu cür sənədlərimizdə “erməni” sözünü xüsusi vurğulamağımıza ehtiyac qalmır. İndi “qanunsuz silahlı birləşmələr” yazsaq yetərlidir, bununla dünyaya da mesaj vermiş olarıq ki, “cinayətkarın milliyyəti yoxdur” prinsipiylə davranırıq. Azərbaycan çoxmillətli dövlətdir, bizdə qanunlar qarşısında bütün millətlərin, etnik azlıqların və etnik çoxluğun hüququ eynidir - bunu elan etmiş olarıq. Antiterror əməliyyatı Qarabağda ermənilər yaşadığı üçün aparılmır, terror, qanunsuz silahlı dəstələr yaradıldığı üçün aparılır. Azərbaycanın istənilən başqa ərazisində də eyni tətbiqat yapılacaqdı, əgər hüquqpozmalar bu vəziyyətə gəlib çıxsaydı.
İkincisi, Maliyyə Nazirliyimizin bu yaxında proqnoz sənədi açıqlaması, COVİD-19-u 2024-2025 büdcə təhlükələri sırasından çıxarmasını tənqid etmişdim, yazımın mürəkkəbi qurumamış Operativ Qərargah xüsusi karantin rejimini 2024-cü ilin yanvarına qədər uzatdı. Buyurun. Deməli optimizmə ehtiyac yoxdur. Pandemiya hardasa gizlənib, hər an qayıda bilər. Şəxsən mən 2 ehtiyat maska saxlayıram.
Sözgəlişi, hələ də pandemiyanı, koronavirusu oyun sayanlar var, elə bil minlərlə tanıdığımız insanları o virusun caynağında itirməmişik. Deyirlər hamısı Qərbin, Bill Geytsin fırıldağıydı, istəyirdilər müsəlmanlar azalsın. Qəribədir. İnsanlar nə qədər unutqan olarmış... Üstəlik, bugünlərdə bir elmi araşdırma açıqlandı, sən demə, COVİD-19-un insan orqanizminə vurduğu zərbələrin miqyası daha ağır imiş. Beyində, ciyərlərdə, ürəkdə o zədələrin, ağrı-acının təsirləri bizim zənn, təxmin elədiyimizdən də dəfələrlə artıq imiş.
Optimizmə əsas verməyən detallardan biri, mühümü də tərəvəzlərin, bostan bitkilərinin qiymətləridir. Göydən iki damcı düşüb, artıq pomidorun kilosunu 5-6 manata satırlar. Hətta 8-9 manata satılan yerlər də var. 20 sentyabrda dükandan 2 manata aldığım Xaçmaz pomidorunu bu gün təsadüfən aşkar elədim, o qədər sevindim, sanarsan qızıl tapmışdım. Sevindiyimdən ağladım. Brokkolinin kilosu isə 9 manatdır, güman edirəm onu uranın zənginləşdirilməsində istifadə edirlər. Bizdə əsrlərin sınağından çıxmış bir el inancı var: əgər yağış yağırsa yolda tıxac olacaq və pomidor bahalaşacaq. Camaat qışda təzə xiyar yesə, hansısa nazir işdən çıxarılır. Eşşəyin başını yuyanda yağış yağır. Beləcə, dairəvi hərəkət yaranır. Buna təbiətdə pomidorun administrativ dövranı adı qoyulmuşdur. Kiçik, böyük, kontinental, parnik pomidor dövranları növləri vardır, oxucular arzu edərsə növbəti dərslərimizdə bunun elmi izahatını verməyə borcluyuq. Qəbula düşür, sizə zarafat gəlməsin. Yayda bir qahımın uşağı pomidorun qiymətindən kəsildi, indi əsgərliyə aparacaqlar.
Qayıdaq mövzumuza. Mövzu isə budur ki, mən Mərkəzi Bankın nikbinliyinə heyranam. Gözəl insanlardır. Vallah, səmimi sözümdür. Təsəvvür elə, təzə 5 qəpiklik buraxıblar! Nəyə görə? Sən demə, köhnə 5 qəpikliyin üzərində gerbimiz və pulun buraxılma ili yox imiş.
Sonda şagirdlərimiz üçün ev tapşırığı: “Pomidorun kilosu 8 manatdırsa, yarım kilo pomidor almağa neçə 5 qəpik lazımdır?” Düzgün cavabı ilk göndərənə brokkoli yarpağı hədiyyə ediləcəkdir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ