Onlayn ictimai-siyasi qəzet
Astananın açıqlayacağı hesabat mühüm əhəmiyyət daşıyır; hüquqşünas: “Bu məsələdə Qazaxıstan Rusiyanın təzyiqinə boyun əyməyəcək”
Qazaxıstanın Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc olunana qədər qeyri-rəsmi məlumatı şərh etməyəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya Qəzalarının Təhqiqat Komissiyası hadisənin səbəblərini müəyyən etmək üçün işləri davam etdirir. İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə malik olmayan internet məlumatlarını şərh etməyəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, bəzi Rusiya media orqanlarında AZAL pilotlarının danışıqlarının stenoqramı dərc olunub. İddia olunur ki, Azərbaycan Hava Yollarının Embraer E190 təyyarəsinin komandiri müstəqil olaraq Bakıya geri uçmaq qərarına gəlib, Rusiya dispetçerləri isə ona Rusiya ərazisinə eniş üçün bir neçə variant təklif edib.
Rusiya XİN-in rəsmisi Mariya Zaxarova isə son brifinqdə məsələ ilə bağlı bildirib ki, faciə ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub. O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib: “Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN başçısı Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır. Qəza ilə bağlı hamıya həqiqət lazımdır”.
Gözlənildiyi kimi, ilkin hesabat Qazaxıstan tərəfindən yanvarın 25-də, yəni bir həftə sonra olacaq.
Açıqlanacaq ilkin hesabat faciənin əsas səbəbi ilə bağlı “daşlaşmış” fikri təsdiqləyəcəkmi? Qazaxıstanın Rusiyanın təzyiqi ilə üzləşməsi mümkünmü?
Xatırladaq ki, rəsmi Bakı Rusiya tərəfinin məsələni ört-basdır etməyə çalışdığını bildirmişdi...
Qulamhüseyn Əlibəyli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, Rusiya tərəfi çalışır ki, faciənin səbəblərini başqa yerlərdə axtarsın. Onun sözlərinə görə, Rusiya Ukraynanı hadisənin günahkarı kimi göstərmək istəyir. Yaxud da pilotları düzgün idarə etməməkdə təqsirləndirir: “Rusiyanın XİN başçısı S. Lavrov bildirdi ki, qara qutu ilkin versiyaları aradan qaldırır. Deməli, qara qutunun məlumatları Rusiyanın əlindədir. Rusiyanın rəsmi şəxsi bunu deyirsə, deməli, kifayət qədər əsası var. Olmasa idi, ölkənin xarici işlər naziri bu qədər açıq şəkildə açıq danışmazdı. Rusiyanın təzyiq imkanlarının genişləndiyini göstərir. Bunun özü dolayısı yolla Qazaxıstan və digər ölkələrə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
Doğrudur, Rusiya da istintaq prosesində iştirak edir. Amma bu iştirakın özü də təzyiq məqsədi daşıyır. Qara qutunun məlumatlarının necə olacağını Qazaxıstandan əvvəl qutunu açan tərəf araşdırma komissiyasının razılığı ilə açıqlamalı idi. Bir neçə gün də gözləyək, görək Qazaxıstan necə açıqlayacaq. Bundan sonra təzyiqin gücü haqqında son fikri bildirmək olar.
Fakt odur ki, Rusiya ictimai rəy və öz rəsmiləri vasitəsi ilə Qazaxıstana müəyyən təzyiqlər göstərməyə çalışır. Təyyarənin quş sürüsü ilə toqquşması ilkin versiya idi, ola bilsin ki, həmin an təyyarəçilər nə baş verdiyini anlamayıblar və sürü ilə toqquşduqlarını zənn ediblər. Ona görə də Rusiya başlanğıcda bu iddianı irəli sürürdü. Amma sonra əsaslı sübutlar göstərdi təyyarə vurulub. Və ən doğru məlumat qara qutu vasitəsi ilə açılıb ki, bu da Rusiyanın əlindədir".
Ekspert dedi ki, Azərbaycan hakimiyyəti bu mövzuda sərt mövqedədir: “Rusiyanın hadisədəki günahını boynuna almasına yönəlmiş qətiyyət göstərilir. Putinin hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəməsi yetərli sayıla da bilər, sayılmaya da. Rusiya etiraf etməli, kompensasiyanı ödəməlidir. Azərbaycan hakimiyyətinin geri çəkilmək fikri yoxdur. Rusiya isə hələ də çalışır ki, fikirləri başqa yerlərə yönəltsin. Bu məsələdə Qazaxıstandan da çox şey asılı olacaq. Düşünürəm ki, bu məsələdə Qazaxıstan Rusiyanın təzyiqinə boyun əyməyəcək. Bir neçə il bundan əvvəl KTMT ordularının Qazaxıstandan çıxarılmasına nail oldusa, deməli, Rusiyadan qorxmayacaq”.
Şahanə RƏHİMLİ,
“Yeni Musavat”
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ