İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təxribatlar səbəbindən qısamüddətli eskalasiyalar ola bilər” - STM-in sektor müdiri

“Ermənistanla Azərbaycan yeni qarşıdurmaya doğru gedirlər”. Amerikanın nüfuzlu “Foreign Policy” nəşrinin amerikalı siyasi analitiklərə istinadən yazıb. Nəşr ictimaiyyətin diqqətini siyasi analitiklərin araşdırdığı dünyanın ən mühüm on münaqişəsinə cəlb edib. Jurnal müasir dünyanın ən aktual problemləri kimi Ukrayna müharibəsini, Ermənistanla Azərbaycan arasındakı münaqişəni, həmçinin İran, Yəmən, Efiopiya, Konqo və Pakistandakı vətəndaş qarşıdurmasını və nəhayət, Tayvan ətrafındakı vəziyyəti qeyd edir. Nəşr xüsusi diqqət yetirərək Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti ətraflı şərh edib. Amerikalı analitiklərin proqnozlarına görə, Ermənistanla Azərbaycan arasında qaçılmaz yeni müharibə qısamüddətli, lakin 2020-ci ilindəki 44 günlük müharibədən heç də az dramatik olmayacaq. Analitiklər sülh danışıqlarının heç bir nəticə verməyəcəyini və yeni müharibənin başlayacağını proqnozlaşdırırlar. Siz necə hesab edirsiniz, bu proqnozdur, yoxsa məlumatlara əsasən verilən xəbərdarlıqdır?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov Musavat.com-a bildirib ki, Amerikanın nüfuzlu “Foreign Policy” nəşri bu tipli məlumatları dərc hər zaman ətrafında böyük izləyici kütləsi formalaşdırır və bir sıra hallarda bu məlumatlar həm də kəşfiyyat informasiyalarına söykənir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bu məlumatlar həm də manipulyativ xarakter daşıya bilər. Azərbaycanın mövqeyinə görə artıq münaqişə bitib və siyasi diplomatik danışıqlarla dövlətlər arasında sülh müqaviləsinin imzalanması ilə bir sıra ziddiyyətləri də aradan qaldırmaq mümkündür. Bu xüsusda ötən il Praqa və Soçi görüşündə tərəflərin ərazi bütövlüyünü və suverenliyini tanıması BMT nizamnaməsinə və Alma-Atı bəyannaməsinə istinadən qarşıdakı dövrü qəbul etmələri çox önəməli idi, müharibə risklərini bir qədər minimallaşdırır. Lakin istənilən halda Ermənistan sülhə açıq, şəffaf, səmimi yanaşmır, bir sıra havadarlarının köməyi ilə vaxt udmağa, bununla da prosesləri uzatmağa cəhdlər edir. Bu siyasət isə qarşıdurma, müharibə risklərini yaradır:

“Ermənistanın daxilində revanşist qüvvələrin sayı kifayət qədərdir. Bu qüvvələr iqtidarı sülhə getməyə qoymur. Bu qüvvələr Ermənistanı Azərbaycanla müharibəyə təhrik edir, sürükləyir. Həmçinin xaricdəki erməni diasporası və lobbi qrupları da sülhün deyil, müharibənin tərəfdarıdırlar. Onlar bütün fəaliyyətlərini türkəfobiya, qisasçılıq üzərində qurublar. Sülhün əleyhdarları olan erməni diasporu və lobbi qrupları Fransa ilə yanaşı, ABŞ-da da çox geniş yayılıblar. Amerikalı siyasi analitiklərin rəyinə, proqnozlarına onların da apardığı təbliğat təsir göstərir. 2023-cü ildə Azərbaycanla Ermənistan arasında müharibənin olacağını birmənalı şəkildə qeyd etmək bu gün üçün mümkün deyil, ancaq müharibənin olmayacağını da demək demək də çətindir. Çünki Ermənistan yenə də təxribatlara əl ata və Azərbaycanı ciddi cavab zərbələri endirmək məcburiyyəti qarşısında qoya bilər. İndiyə qədər yaşanılan təcrübələr də bunu deməyə əsas verir. Ona görə də hesab edirəm ki, təxribatlar səbəbindən qısamüddətli eskalasiyalar ola bilər. Bunun da məsuliyyəti Ermənistanın üzərinə düşəcək”.

Etibar SEYİDAĞA,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR