Onlayn ictimai-siyasi qəzet
Havadarlarının təhriklərindən stimul alan Ermənistanın təxribatları ara vermir. Eyni zamanda Qarabağdakı terrorçu-separatçı rejim də ipə-sapa yatmaq niyyətində olmadığını nümayiş etdirir və növbəti təxribatçı qərarını elan edib. Paralel şəkildə həm Ermənistan ordusu, həm də Azərbaycan ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinin aktivliyi müşahidə olunmaqdadır və hər an böyük toqquşmalar baş verə, dinc çözümə üstünlük verən rəsmi Bakının səbrinin daşması halında düşmənə sarsıdıcı zərbələr endirilə bilər.
Deputat, Tərtər bölgəsini Milli Məclisdə təmsil edən Sahib Alıyev Musavat.com-un suallarını cavablandırıb. Müsahibəni dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
- Sahib bəy, Milli Məclisdə Tərtər bölgəsini təmsil edirsiniz və doğum gününüzü də seçicilərinizlə birgə, işgüzar görüş şəraitində qeyd etdiniz. Müşahidələriniz nə deyir, çox həssas bölgələrdən olan Tərtər istiqamətində vəziyyət necədir? Bu istiqamətdə terrorçuların kökünün kəsilməsi, Sərsəng su anbarının, Ağdərə-Kəlbəcər yolunun açılması ilə bağlı əməliyyatların keçirilməsi ilə bağlı gözləntilər, xəbərlər haqda nə deyə bilərsiniz?
- Müdafiə Nazirliyinin son açıqlamaları göstərir ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr Ağdərə-Kəlbəcər istiqamətində də nələrsə planlaşdırırlar. Əlbəttə, burada hər hansı bir təxribata cəhd olarsa, digər yerlərdəki kimi qarşısı qətiyyətlə alınacaq. Sərsəng su anbarına gəldikdə, bununla bağlı hər hansı əməliyyatın keçirilməsi planlaşdırılmır. Sadəcə, hərbi xunta o anbarı elə bir vəziyyətə salıb ki, Qarabağın elektrik enerjisi ilə təminatında o artıq əvvəlki rolunu oynaya bilmir. Yəni bizim mütəxəssislərin çalışıb anbarı əvvəlki vəziyyətinə gətirmələrinə böyük ehtiyacın olduğunu hərbi xunta da, Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingenti də bilir və görür. Ona görə də fikrimcə, qarşılıqlı razılıq əsasında biz yaxın gələcəkdə bu yöndə gərəkən addımların atılacağını görəcəyik.
- Necə bilirsiniz, Ermənistanın təxribatları, Qarabağ separatçılarının aktivləşməsi şəraitində nələr baş verə bilər: Ermənistan-Azərbaycan müharibəsi, yoxsa separatçılara qarşı təmizləmə əməliyyatı?
- Ermənistanla yenidən savaş, fərqli səbəblərdən məsələn, Rusiyanın, yaxud İran və Fransanın marağında ola bilər. Azərbaycan isə bunda qəti maraqlı deyil. Biz Qarabağdakı qanunsuz silahlı birləşmələrin tezliklə oradan rədd olub getməsini istəyirik və bu tələbimizi də bütün platformalarda açıq şəkildə dilə gətiririk. Ona görə də Qarabağdakı qanunsuz silahlı birləşmələrin oradan çıxarılması üçün ən azından lokal əməliyyatlar hər an mümkündür. Ermənistanla savaşa gəldikdə isə Azərbaycan haylardan qat-qat böyük düşmənlərimizin bizə qarşı fəaliyyət üçün əllərində hər hansı bir əsasın olmasına indiyədək yol verməyib, yəqin ki, indən sonra da verməyəcək.
- İrəvandan Rusiya əleyhinə bəyanatların intensivləşməsi Azərbaycana düşmən ölkəyə növbəti dərs vermək şansı yaradır, demək olarmı? Sizcə, bu durumda Kreml Azərbaycanın Ermənistanı cəzalandırmasını istəyirmi və daha çox hansı istiqamətdə, separatizmə qarşı, yoxsa Ermənistan istiqamətində?
- Moskvadakı bəlli çevrələrin zaman-zaman Azərbaycandan Ermənistana qarşı xoxan kimi faydalanmağa çalışdığı kimsəyə sirr deyil. Amma Azərbaycan nə xoxandır, nə də Ermənistan kimi alət. Və bir daha vurğulayıram ki, Azərbaycanın Ermənistan torpağına gözü yoxdur. Kimin nə arzulamasından asılı olmayaraq, Ermənistana qarşı savaşmaq niyyətində də deyil. Biz regional qarşıdurmanın tam aradan qalxmasını və sülh istəyirik. Amma bu, Ermənistanın torpaqlarımız üzərində suverenliyimizin tam təmininə mane olmağa qalxdığı anda qarşı tərəfin cavabının veriləcəyi anlamına gəlmir. Burada bir reallıq da unudulmamalıdır ki, aralarında ziddiyyət olsa da, Rusiyanın Ermənistana yanaşması dəyişməyib. Paşinyanın tənqid edilməsi, yaxud da Ermənistanın xəritədən silinə biləcəyi haqqında deyilənlər Rusiyanın heç də ondan daha forpost kimi faydalanmaq istəmədiyini göstərmir. Bir halda ki, Ermənistan xəritədən silinəcəyindən dəm vurulur, qoy onu bu regionda kimlər yaradıbsa, onlar da buyurub silsinlər. Niyə silmirlər? Ermənistana yanaşmasının dəyişmədiyi kimi, Rusiyanın bu regiondakı siyasəti də, bizə yanaşması da dəyişməyib. Azərbaycanın öz torpaqları üzərində suverenliyinin möhkəmləndiməsi yönündə atdığı addımlara maneçilik törədilməməsi Rusiyanın bizə yanaşmasının yox, reallığın dəyişdiyinin əlamətidir. Rusiya Qarabağdakı qanunsuz silahlı birləşmələrlə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etdiyi zaman biz onun regionla bağlı siyasətinin və Azərbaycana yanaşmasının dəyişdiyini deyə bilərik. Amma təəssüf ki, hələ bunu görmürük.
- Erməni separatçıları hədlərini aşmaqdadırlar və Arayikdən sonra daha bir qulduru rəhbər seçməkdə qərarlıdırlar. Bunun cavabı necə olmalıdır?
- Qarabağdakı hərbi xunta ilə bağlı tələbimizi artıq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib. Bizim üçün o xuntanın başında kimin dayanmasının elə də önəmi yoxdur. Biz qanunsuz rejimin tam ləğvini istəyirik və torpaqlarımızda boz zonanın olmasıyla barışmayacağıq, vəssalam!
- Azərbaycanın göndərdiyi yardımdım imtinanın ikinci həftəsidir. Sizcə, Ağdam-Xankəndi yolu ilə bağlı proseslər haradək davam edə bilər?
- Azərbaycan Qarabağın haydillilər yaşayan hissəsinə yardımı ona görə göndərməmişdi ki, orada aclıq vardı. Azərbaycan bu yardımı Qarabağda “humanitar fəlakət” şousu yaradanları və bundan Fransa kimi çirkin geosiyasi məqsədləri üçün faydalanmağa çalışanları yerində oturtmaq üçün göndərmişdi və nəticəsini də gördük. Ancaq bu, heç də o demək deyil ki, Azərbaycan Qarabağda öz vətəndaşları gözündə gördüyü haydillilərin hər hansı problemlərini həll etməkdə maraqlı deyil. Əsla! Maraqlıdır və onların ən böyük problemlərinin aradan qaldırılması üçün də nə gərəkirsə, edəcək. Ən böyük problem isə həmən adamları girova çevirən hərbi xunta, Qarabağdakı qanunsuz silahlı birləşmələrdir. Yeri gəlmişkən, qanunsuz silahlı birləşmənin üzvlərini nəzərə almasaq hazırda Qarabağda qalanların əksəriyyəti haylar yox, haydillilərdir ki, onlarla çox asan dil tapacağımıza mən tam əminəm.
- Paşinyan son bəyanatları ilə üçtərəfli formatda aparılan danışıqları sıfırlamış oldu. Ermənistanla danışıqlar aparmağın mənası qalırmı?
- Biz de-yure Ermənistanla danışıqlar aparsaq da, çox təəssüf ki, qarşımızda de-fakto ondan geosiyasi alət kimi faydalananlar durur. Ona görə də, Paşinyanın nə fikirdə olması əslində heç nəyi dəyişmir. Bizə onun dedikləri, buraxdığı səhvlər daha çox Ermənistanı geosiyasi alət gözündə görənləri arqumentsizləşdirmək üçün lazımdır və zaman-zaman da bundan faydalanırıq.
- Ən çox müzakirə olunan mövzulardan biri də Naxçıvanın blokadasına son qoyulması, Zəngəzur dəhlizinin açılmasına nail olunmasıdır. İran dəhliz ifadəsini belə, yaxına buraxmır, Ermənistan da öhdəliklərə əməl etmir. Çıxış yolu?..
- İran dəhlizin açılmasını Azərbaycanın daha da güclənməsi və Türkiyənin qlobal gücə çevrilməsi kimi qiymətləndirir ki, bunun da qarşısının alınması üçün kiminlə istəsən açıq əməkdaşlığa, yaxud da gizli sövdələşməyə hazırdır. Tehran rejiminin Avropa Birliyinin Ermənistandakı müəmmalı missiyasına loyal yanaşması, ABŞ-nin orada haylarla birgə hərbi təlim keçirməsini görməzdən gəlməsi də bununla bağlıdır. Mən istisna etmirəm ki, Tehran rejimi Türkiyənin regionda artan rolunu zəiflətmək üçün həm Fransa, həm də ABŞ ilə gizli danışıqlar aparır. Bu adı çəkilən dövlətin üçü də Rusiyanın regiondan çıxarsa, yerini Türkiyənin tutacağına narahatdırlar. Onların arasında ABŞ bütün gücüylə Rusiyanı regiondan çıxarmaq istəsə də, təəssüf ki, bunu Ermənistanın subyektliyinin artması və regionda qarşıdurmanın aradan qalxması niyyəti ilə etmir. ABŞ-də, Fransası da Rusiyanın əlindən alıb Ermənistanı özlərinin forpospostuna çevirməyə çalışırlar. Və hərəkətindən görünür ki, paradoksal təsir bağışlada da, İrana Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdıran Ermınistandansa, Fransa, yaxud da ABŞ-nin forpostu Ermənistan daha çox əl verir. Yəqin həmən ölkələr də bunu bilməmiş deyillər və son zamanlar ABŞ-nin İrana yanaşmasındakı yumşalmaların da gizli danışıqlar zamanı meydana çıxan bu mövqedən qaynaqlana biləcəyi düşüncəsindəyəm. Və bu düşüncədəyəm ki, İran çox böyük məmuniyyətlə qərbdəki bəlli çevrələr üçün ötən əsrin əvvəllərində oynadığı rolu yenə də oynamağa hazırdır. Sadəcə qarşı tərəf bəlli səbəblərdən indiki rejimlə açıq tərəfdaşdaşlıqdan çəkinərək, gizli sövdələşməyə üstünlük verir.
Türkiyəninin xarici işlər nazirinin Tehrana son səfəri də göstərdi ki, İran region dövlətlərinin 6-lıq formatında da, üçlü formatda da əməkdaşlığını istəmir Çünki burada özünü zəif bənd gözündə görür. Hakan Fidanın Tehrandan dönməsindən sonra, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailə səfəri və orada Azərbaycan-Türkiyə-İsrail üçlü əməkdaşlığından bəhs edilməsi onu göstərir ki, İran istəsə də, istəməsə də regionda proseslər məhz bizim planlaşdırdığımız yöndə gedəcək.
- Və...Bir az əvvəl separatçılar xəbər yaydılar ki, sabah, 9 sentyabrda, saat 11.00-da qondarma “parlament”də oyuncaq rejimin başçısını seçəcəklər...
-Bu, heç nəyi dəyişmir... Bu, başçı seçimi deyil, başsızlıqdır, açıq təxribatdır. Kim düşünürsə ki, Azərbaycan bu təxribatı cavabsız qoyacaq, yanılır, həm də çox.
Elşad Paşasoy,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ