Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi Tərtər şəhərinin girəcəyində, Tərtər çayının mühafizə zolağında qanunsuz tikinti aparılıb.
Musavat.com-a daxil olan məlumatda deyilirdi ki, iş adamı Həsən Məmmədov çayın mühafizə zolağını zəbt edərək ərazidə qanunsuz tikinti işləri aparıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsindən Musavat.com-a bildirilib ki, Tərtər çayı ətrafında aparılan tikintinin qarşısı alınıb.
"Baş İdarə əməkdaşlarının şəhərsalma nəzarəti çərçivəsində apardıqları monitorinq nəticəsində tikinti obyektinin Tərtər çayının mühafizə zolağında inşa edildiyi aşkarlanmış, sahibkara tikintinin dayandırılması barədə xəbərdarlıq edilsə də işlər dayandırılmamışdır. Bunu nəzərə alaraq aidiyyəti üzrə müvafiq qurumlara məlumat verilmiş və lazımi tədbirlərin görülməsi üçün hərəkətə keçilmişdir.
Qeyd edilən obyekt mühafizə zolağına daxil olduğundan 18 fevral 2025-ci il tarixində onun söküntüsünün həyata keçirilməsi təmin edilmişdir" -deyə qurumdan verilən açıqlamada bildirilir. Tərtər İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov Musavat.com əməkdaşına deyib ki, zamanında sözügedən qanunsuz tikinti ilə bağlı müvafiq qurumlara tədbir görülməsi üçün məlumat verilib.
Qeyd edək ki, Musavat.com-a daxil olan son məlumatda deyilir ki, iş adamı Tərtər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində saxlanılıb.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ