İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbələr ona görə xarici universitetlərə üz tutur ki...

Təhsil eksperti səbəblərdən danışıb təkliflərini verdi

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə xarici diplomların tanınması qaydaları təsdiqləndi. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.

Xatırladaq ki, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı ötən iyul ayı üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbi ilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) diplomların tanınmaması səbəblərini bu cür sadalayır:

- Əyani və qiyabidən başqa tədris forması;

- Tədris dili və öyrədilən bilgilərin azlığı;

- Saxta sənəd, yaxud tədrisi bitirdiyini təsdiqləyən sənədin fərqli formatı;

- Dərsdə iştirak azlığı;

- Natamam təhsil.

Qeyd edək ki, TKTA 2022-ci ildə 627, 2021-ci ildə isə 381 xarici diplomu tanımamışdı. 

Bəzi iddialara görə, xarici diplomların tanınmasında yaradılan çətinliklər sünidir,  tələbələrin ölkədə qalıb, yerli universitetləri seçməsinə hesablanıb.

Bəs tələbələrimiz daha çox hansı səbəbdən xarici universitetlərə üz tutur?

Mütəxəssislər qeyd edir ki, gənclərin xarici universitetlərə üz tutmasının bir neçə səbəbi var. İlk səbəblərdən biri budur ki, bir çoxları ölkədə keçirilən qəbul imtahanlarında yetərli bal toplaya bilmir, bu zaman daha rahat, attestatla girə biləcəyi xarici universitetlərə üz tutur. Bir qisim yerli universitetlərin təhsil səviyyəsi ilə qane olmadıqlarından, xarici ölkələrdəki universitetlərə üstünlük verir.

Digər qisim isə dövlətlərarası proqramlar sayəsində xaricdəki universitetlərdə təhsil alır. Bununla bağlı Qoşulmama Hərəkatı, Türkiyə Bursları, Macarıstanda Qarşılıqlı Əlaqə proqramları var.

Mütəxəssislərin fikrincə, daha çox yerli universitetlərin dünya təhsil standartlarına cavab verə bilmədiyi üçün tələbələr xaricə axın edir. Yəni maddi imkanı olan tələbələrin böyük əksəriyyəti çalışır ki, xaricə təhsil alsın.

Bir müddət bundan əvvəl nazir Emin Əmrullayev də mətbuata açıqlamasında bildirmişdi ki, qarşıdakı illərdə belə yerli ali məktəblərin top universitetlər siyahısına düşməsi mümkün deyil: “Ona görə ki, bizim universitetlərdə spesifik sahəyə yönəlik təhsil verilir. Bu gün top reytinq cədvəlinə düşən universitetin mütləq qaydada tibb, təbiət elmləri sahəsinə aid fakültələri olmalıdır. Bu olmadan top 500-lük siyahıya düşmək o qədər də real deyil. Bu, 2026-cı ilə qədər nəzəri mümkün olsa da, praktiki mümkün deyil”.

Nazirin sözlərinə görə, buna səbəb universitetlərin universal olmaması, əsasən dar profilli olması ilə əlaqədardır.

Mütəxəssislər də qeyd edir ki, yerli universitetlərin nüfuzunun, təhsil səviyyəsinin artması üçün universitetlərin hazırlığı aparılmalı, yeni proqramlar, layihələr həyata keçirilməlidir. Belə olduğu halda tələblər xaricə deyil, yerli universitetlərə üz tutmuş olar.

Universitetlərdə dövlət imtahanları niyə ləğv edildi? - dos. İlham Əhmədov

 İlham Əhmədov

Mövzu ilə bağlı təhsil eksperti İlham Əhmədov “Yeni Müsavat”a danışıb:  “Ümumiyyətlə, Azərbaycan universitetləri rəqabət qabiliyyətli deyil. Ona görə ki, maliyyələşmə azdır, universitetlərimiz 30 il ərzində çox cüzi şəkildə maliyyələşib. Bu maliyyələşmə ilə universitetlərimiz indiki səviyyədə ola bilərdi. Beləliklə, universitetlərimizə güclü maliyyə və güclü nəzarət lazımdır ki, ayrılan pullar təyinatı üzrə xərclənsin.

Həmçinin universitetlərdə elmi tədqiqatlar çox zəif şəkildədir, innovasiyalar yoxdur, hansı ki, rəqabət qabiliyyəti bu cür amillərlə formalaşır. Universitetlərin özləri pul qazana bilmir, çünki potensialları yoxdur, inkişaf çox zəif gedir. Vaxtilə universitetdə işləyən müəllim-professor heyətinin inkişafına, onların mütəmadi olaraq təlimlər keçməsinə, xaricdə keçirilən konfranslara getməsinə, oradan alimlər dəvət olunmasına pullar ayrılmadığına görə universitetlərimiz inkişafdan qalır.  Ona görə də xaricdən də universitetlərimzə tələbə az gəlir.

Təkcə Türkiyədə təqribən 35 min azərbaycanlı tələbə təhsil alır. Həmçinin bir o qədər də digər ölkələrdə tələbələrimizin olduğunu nəzərə alsaq deyə bilərik ki, xaricdə ümumi olaraq 60-70 min vətəndaşımız təhsil alır. Amma  bizim universitetlərdə cəmi 5-6 min tələbə təhsil alır. Onlar da ona görə gəlmir ki, kadr kimi formalaşsınlar, əsəsən ona görə gəlirlər ki, adları universitetdə getsin, özləri isə haradasa işləsinlər, biznes fəaliyyəti ilə  məşğul olsunlar. Yəni universitetlərimizin  rəqabət qabiliyyəti olmadığına görə ölkədən xaricə tələbə axını gedir, amma ölkəmizə tələbə axını gəlmir. Bunun üçün universitetlərimizlə bağlı yeni layihələr, proqramlar hazırlanmalıdır".

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR