Onlayn ictimai-siyasi qəzet
Elm və Təhsil Nazirliyi Azərbaycanda məktəblərin sayını azaldıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-2025-ci tədris ilində 4357 məktəb (4324 dövlət) olub. Cəmi bir il ərzində ölkədə 65 məktəb bağlanıb. Üstəlik, 2006-cı ildən etibarən məktəblərin sayında azalma tendensiyası müşahidə olunur. Eyni zamanda şagirdlərin sayı, əksinə, artmaqdadır. Ötən tədris ilində təhsil müəssisələrində 1,695 milyon şagird təhsil alırdı.
Məktəblərdə bu cür azalma şagirdlərin sayının azalması ilə əlaqələndirilə bilərdi, lakin şagirdlərin sayının son zamanlar, 2023-2024-cü illərdən etibarən nisbətən azalmağa başladığı da faktdır. Diqqətəlayiq bir məqam da müəllimlərin statistikasıdır. Məlum oldu ki, Azərbaycanda məktəblərdə çox az uşağın oxuduğu illərdə indikindən qat-qat çox müəllim işləyirdi. Məsələn, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 146 min müəllimlə əmək müqaviləsi bağlanıb. 1,324 milyon uşağın təhsil aldığı 2010-2011-ci illərdə məktəblərdə 172 min müəllim çalışırdı. Yeri gəlmişkən, məktəblərin bağlanması yalnız şagirdlər üçün deyil, müəllimlərə də ciddi problemlər yaradır. Çünki bağlanan məktəblərdə çalışan müəllimlərin iş yerlərinin itirilməsi və ya digər məktəblərdə işlə təmin olunmaq üçün uzaq ərazilərə köçməsi tələb olunur. Bu, müəllimlərin ailə və sosial mühit baxımından çətinliklər yaşamasına səbəb ola bilər. Müəllimlərin kənd yerlərindən kütləvi şəkildə şəhərlərə köçməsi isə həmin ərazilərdə təhsilin keyfiyyətinin daha da aşağı düşməsi ilə nəticələnə bilər.
Yada salaq ki, ötən il elm və təhsil naziri Emin Əmrullayev qeyd etmişdi ki, ölkədə mövcud olan 4400 məktəbin təxminən 1500-də şagird sayı 100-dən azdır və bu səbəbdən rasionallaşmaya ehtiyac var.
Unutmaq lazım deyil ki, məktəblərin bağlanması yalnız iqtisadi məsələ kimi deyil, həm də sosial və mədəni kontekstdə nəzərdən keçirilməlidir. Məktəblərin bağlanması yalnız müvəqqəti iqtisadi qənaət gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm təhsilə, həm də cəmiyyətin ümumi rifahına ciddi ziyan vura bilər.
İlham Əhmədov
Dosent İlham Əhmədov 2025-ci il dövlət büdcəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayevin dediklərini yada saldı: “Nazir demişdi ki, təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır. 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır. Ona görə nazir dedi ki, rasionallaşmaya getməliyik. Bəli, rasionallaşmaya getməliyik. Amma məktəbləri bağlamaqla yox. Məktəbin bağlanması, kənddə məktəbin olmaması sabah kəndin özünün olmaması deməkdir. Maraqlıdır, necə olur ki, təhsilin büdcəsi 1 milyard olanda, bu 1500 məktəbi saxlamaq mümkün olurdu, indi təhsilin büdcəsi 5 milyard olanda bu mümkün olmadı? Bu yolla qənaət edilən pullar elm və təhsilin inkişafına, hansı mühüm problemlərin həllinə xidmət edəcək ki, bunun naminə 1500 məktəb bağlanılır? Bu 1500 məktəbin neçəsi son 20 ildə tikilib? Əlavə olaraq xeyli modul tipli məktəblər də tikildi, bəs bu tikilən məktəblər necə olsun? Bura neçə yüz milyonlar sərf edilib? Niyə belə israfçılıq edirik ki? Bu problem 15 il əvvəl də vardı. Onda da bu məsələ gündəmə gəlmişdi. Ucqar məktəbləri bağlamaq, əvəzinə qonşu kəndin məktəbinə avtobus almaqla məsələni həll etmək istəyirdilər. O vaxt anladılar ki, qışda narahat dağ yolları ilə 1500 məktəbin 100 min şagirdini hər gün avtobusla 5-10 km. məsafədə olan qonşu kəndə və geriyə daşımaq böyük riskdir, bu məsuliyyətli addımı atmadılar”. Ekspert deyib ki, elm və təhsil naziri təhsilin, məktəbin, müəllimin, şagirdin, alimin mənafeyini müdafiə etmək əvəzinə, Maliyyə Nazirliyinin mövqeyini müdafiə edir: “İndi yaşlı müəllimlərimiz 50 il əvvəl maarif naziri işləmiş, akademik Mehdi Mehdizadəni tez-tez xatırlayırlar. Əminəm ki, rəhmətlik Mehdi müəllim heç vaxt belə təşəbbüslə çıxış etməzdi, lazım olsaydı hətta ölkə rəhbərliyinə müraciət edib, əlavə maliyyə tapıb bu məktəbləri saxlayardı. Rəhmətlik Ulu öndər Heydər Əliyev daim deyirdi ki, biz lazım gəlsə, başqa xərclərdən qənaət edib təhsilə yönəltməliyik. Əgər həqiqətən də 5 milyardlıq təhsil büdcəsindən bu məktəblərin saxlanmasına pul çatmırsa, onda başqa xərcləri azaldın, təhsilə aidiyyəti olmayan xərclərə qənaət edin, məsələn, məktəbə heç bir faydası olmayan məktəblinin dostlarına xərclənəcək milyonları kənd məktəblərinin saxlanmasına yönəldin”.
Dosent qeyd edib ki, son illər təhsilin büdcəsi beş dəfə artsa da, məktəblərin və müəllimlərin sayı xeyli azalıb: “Təqribən 10 il əvvəl hər 10 müəllimə 8 şagird düşürdü, bu gün isə hər müəllimə 12 şagird düşür. Bunun optimal həllini düşünmək lazımdır: hər 10 müəllimə 10 şagirdin düşməsi daha səmərəli olardı. Nazir isə başqa cür düşünür, deyir ki, sinifdə şagirdlərin sayı dərsin keyfiyyətinə təsir etmir. Bu çox səhv fikirdir. Təhsil haqqında məlumatı olan hər kəs bilir ki, bu, yanlış yanaşmadır. Nazir burada Sinqapur təcrübəsini misal gətirir və qeyd edir ki, orada hər sinifdə 45 nəfər var. Axı Sinqapur təhsilinin bizdə olmayan başqa özəllikləri mövcuddur. Həmin ölkədə təhsil dünyada ən yüksək rəqəmsallaşan sistemlərdən birini tətbiq edir. Orada uşaqlar məktəbə gəlməsələr də, onlayn şəkildə mükəmməl təhsil ala bilirlər. Bizdə isə distant təhsil yoxdur. Pandemiya dövründə çox böyük problemlər yaşandı, amma sonradan da bu sistemi yaratmaq haqqında düşünülmədi.
Eyni zamanda “rasionallaşma” adı ilə məktəblərin və müəllimlərin sayı azaldılır, digər tərəfdən isə universitetlərə qəbul planı artırılır. Bunların hamısı nonsensdir. Əmək bazarında sıxlıq yaranır. Məsələn, 90 baldan yuxarı nəticə göstərmiş müəllimlər işə qəbul edilmədi. Onda sual olunur: niyə ali təhsil alırıq, niyə yüksək bala hazırlaşırıq ki, nəticədə işə düzələ bilmirik? Digər tərəfdən, sertifikatlaşdırma adı ilə müəllimlər tez-tez işdən kənarlaşdırılır".
Müsahibimiz əlavə edib ki, bir çox ölkələr ucqar kəndlərdə məktəb problemini innovasiya yolu ilə həll ediblər: “Azkomplektli məktəblər yaratmaq, bu məktəblərdə hibrit təhsil - bütün siniflərdə müəllimin nəzarəti ilə distant təhsilin təşkili. Bu halda məktəbdə 32 yox, 10-11 müəllimə ehtiyac olacaq. Bu halda bir sinfə ildə 25000 manat yox, xeyli az xərc gedəcək. 1500 avtobusa və onların gündəlik benzininə verilən pula isə ölkədə ümumtəhsil sistemi üçün normal distant təhsil qurmaq olar. Bundan nəinki ucqar dağ kəndlərinin məktəbləri, eləcə də şəhər məktəbləri istifadə edə bilər. Bu halda həm də 1500 məktəbi bağlanmaqdan, 1500 kəndi boşaltmaqdan, 15-20 min müəllimi işsizlikdən , uşaqları təhlükəli yol macəralarından xilas etmək olar. Bu addım həm də regionların, ucqar kəndlərin gələcəkdə inkişafına dəstək ola bilər. Necə deyərlər, "çobanın meyli olsa, təkdən də pendir tutar". Əgər ETN də belə bir düzgün seçim etsə, buna qərar versə, bu proseslərin yol xəritəsini təqdim edə bilərik".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ