İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağılmış məzarlar, silinmiş adlar: Sumqayıtın gizli qəbiristanlığından REPORTAJ, FOTOLAR

 Sumqayıtın 11-ci mikrorayonunda, yeni binaların kölgəsində qalan köhnə bir ərazi var. Buradan keçənlərin çoxu bilmir ki, kolluqların, paslı darvazaların və dağılmış hasarların arxasında bir zamanlar şəhərin “beynəlmiləl qəbiristanlığı” adlandırılan məzarlıq yerləşir.

Bura yerli əhali arasında “rus–erməni qəbiristanlığı” adlanır.

Bir vaxtlar burada ruslar, ermənilər, yəhudilər, gürcülər və azərbaycanlılar yan-yana dəfn olunub. İndi isə bu məzarlar illərin tozuna bürünüb, pas basmış çarmıxlar və sınıq mərmər daşlar arasında tək-tük adlar oxunur.

Dar, kolluq basmış  yolla içəri keçəndə dərhal bir sükut səni qarşılayır. Qəbirlər kolluqlar arasında itib, bəzilərinin üzərində yazılar artıq görünmür.

Bir küncdəki paslı dəmir çarmıxda cəmi bir söz oxunur – “Анна”. Yanında uçulub-dağılmış mərmər daş... Heç kim bu məzarın kimə aid olduğunu dəqiq bilmir.

Bir az irəlidə köhnə rus familiyası olan “Петровы” yazısını görürsən. Onun yanında isə balaca daşda qeyri-adi bir soyad – “Григорян”.

Ərazidəki nəzarətçi deyir ki, bu qəbirlər uzun illərdir buradadır:

“Bura 60-cı illərdə salınıb. Hər millətdən adam dəfn olunub. Ermənilərin də bir neçə qəbri var, amma onlara heç kim toxunmayıb. Sadəcə vaxt və baxımsızlıq hər şeyi dağıdıb".

1988-ci ilin hadisələrindən sonra erməni mediası iddia etmişdi ki, guya Sumqayıtdakı erməni qəbirləri dağıdılıb. Amma biz gördüklərimiz bunun əksini göstərir – qəbirlər yerindədir, sadəcə zamanın təsirindən aşınıb.

Məzar daşlarının çoxunda illərin izləri görünür. Hərfi yazılar silinib, bəziləri torpağa batıb, bəziləri də kolluqlar altında itib.

Mənbələrə görə, bu qəbiristanlıq sovet dövründə “beynəlmiləl” adlandırılıb. Sumqayıta köç edən müxtəlif xalqlar üçün vahid dəfn yeri kimi istifadə olunub. İndi isə həmin birgəyaşayışın izləri təkcə bu köhnə qəbirlərdə qalıb.

Məzarlığın içi demək olar ki, baxımsız vəziyyətdədir. Kol-koslar o qədər sıxdır ki, bəzi yerlərdə məzarlara yaxınlaşmaq mümkün olmur.

Təmizləmə işləri isə bəzən kol-kosun yandırılması ilə aparılıb ki, bu da qədim məzarların qorunmasına təhlükə yaradır.

“Heç kim gəlmir artıq. Əvvəllər yaşlı rus qadınlar gələrdi, gül-çiçək qoyardılar. İndi onlar da yoxdur,” – deyə nəzarətçi əlavə edir.

Tarixi və mədəni baxımdan dəyərli olan bu məzarlıq nə qorunur, nə də qeydiyyata alınıb.

Əgər tədbir görülməsə, illər sonra bu yerin harada olduğunu xatırlayan da qalmayacaq.

Məzarlığın sükutu içində bir an dayanıb fikirləşirsən: əgər bu daşlar danışa bilsəydi, bəlkə də Sumqayıtın ən maraqlı hekayələrini danışardılar. Bir vaxtlar eyni şəhərdə, eyni küçədə yaşayan fərqli insanların hekayələrini...

İndi isə onların hamısı bir yerdə – bu unudulmuş torpağın qoynunda dincəlir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR