Onlayn ictimai-siyasi qəzet
Ötən gün Əfqanıstanla Pakistan arasında yerləşən Durand xətti boyunca ciddi hərbi toqquşmalar baş verdi.
Məlumatlara görə, “Taliban” hərəkatının silahlı qüvvələri Pakistan ordusunun sərhəd postlarına bir neçə istiqamətdən hücum ediblər. Nəticədə Pakistan ordusu bəzi mövqelərdən geri çəkilməyə məcbur olub. Xüsusilə Kunar, Nangarhar və Hilmənd vilayətlərində döyüşlər intensivləşib.
Lakin bir müddət sonra qarşıdurmaların dayandırıldığı açıqlandı. Bununka belə, bölgədə gərginliyin hələ də yüksək olduğu vurğulanır.
Əfqanıstan tərəfi iddia edir ki, bu hücumlar Kabildə həyata keçirilən Pakistan hava zərbəsinə cavab olaraq baş tutub. Rəsmi Kabildən verilən açıqlamada qeyd olunub ki, əgər Pakistan bundan sonra da hərbi əməliyyatlarını davam etdirərsə, Əfqanıstan “müdafiə xarakterli cavab tədbirlərinə” əl atmaq məcburiyyətində qalacaq.
Bu hadisələr iki qonşu ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da alovlandırıb və regionda sabitlik üçün ciddi təhdid kimi qiymətləndirilir.
Bəs Əfqanıstanla Pakistan arasında baş verən bu toqquşmalar regionda yeni müharibənin başlanğıcı ola bilərmi?
“Taliban” hökumətinin Pakistanla açıq qarşıdurmaya getməsi kimlərin maraqlarına xidmət edir? Ümumiyyətlə, Pakistan və Əfqanıstan arasında toqquşmaların kökündə nə dayanır?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, Pakistan və Əfqanıstan arasında baş verən son döyüşlər ilk növbədə “Taliban”ın dırnaqarası hökumətinin “Təhrik-i Taliban Pakistan” (TTP) adlı terror təşkilatına göstərdiyi dəstəkdən qaynaqlanır:
"Məlumdur ki, TTP Pakistanda puştun icmasını “təmsil etdiyini” iddia edir və ölkədə hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Necə ki, Əfqanıstanda “Taliban” hakimiyyəti ələ keçirib və Kabil bu rejimin mərkəzinə çevrilib.
Pakistan ordusu son vaxtlar məhz “Təhrik-i Taliban Pakistan” təşkilatının liderlərini hədəfə alaraq Kabil və onun ətrafında hava zərbələri endirib. Buna cavab olaraq, Əfqanıstan tərəfi Durand xətti boyunca Pakistan hərbi postlarına hücumlar həyata keçirib.
Durand xətti uzunluğu 2.800 km-dən çox olan mübahisəli sərhəddir və “Taliban” hökuməti bu xətti rəsmən tanımır. Bu səbəbdən sərhəd boyunca tez-tez silahlı insidentlər, qaçaqmalçılıq və nəzarət uğrunda qarşıdurmalar yaşanır".
Politoloqun fikrincə, hadisələrin digər tərəfi isə geosiyasi müstəvidə daha dərindir:
"Qeyd etmək lazımdır ki, “Taliban” hökuməti ABŞ-a məxsus Baqram hərbi bazasının yenidən Vaşinqtonun ixtiyarına verilməsindən imtina edib.
Eyni zamanda, Çin və Əfqanıstan arasında münasibətlər son dövrlərdə intensivləşib. Pekin Əfqanıstandakı zəngin yeraltı filiz yataqlarının işlənməsində maraqlıdır və artıq bu istiqamətdə bir sıra layihələrə start verib.
Pakistanın həm Çin, həm də ABŞ-la əlaqələri yüksək səviyyədə olsa da, İslamabad bir çox hallarda öz müstəqil xarici siyasət kursunu qorumağa çalışır. Bu isə bölgədəki maraqlar toqquşmasını daha da kəskinləşdirir.
Əslində, baş verənlər böyük güclər arasında geosiyasi mübarizənin təzahürüdür. Məqsəd Çin təsirini regionda sıxışdırmaq və Mərkəzi Asiya üzərindən yeni təsir mexanizmləri qurmaqdır".
Məhəmməd Əsədullazadənin fikrincə, əgər müharibə baş verərsə, Pakistan hərbi baxımdan Əfqanıstan üzərində parlaq qələbə əldə edə bilər:
"Azərbaycan isə tarixi və strateji tərəfdaş kimi hər zaman dostu Pakistanın yanında olub və bu gün də həmin mövqeyini qoruyur.
Bununla belə, qeyd edilməlidir ki, Əfqanıstandakı “Taliban” rejimi beynəlxalq ictimaiyyət tərəfindən hələ də terrorçu qrup kimi qiymətləndirilir. Onların fəaliyyəti nə Əfqan xalqının mənafeyinə, nə də insan haqlarına xidmət edir. Əksinə, bu rejim qadınların, uşaqların və ümumilikdə əhalinin əsas hüquqlarını kobud şəkildə pozmaqda davam edir".
Xalidə GƏRAY
Musavat.com
13 Oktyabr 2025
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ