Onlayn ictimai-siyasi qəzet
"NATO-nun baş katibi Mark Rutte iyunun 24-də Haaqada təşkilatın zirvə toplantısındakı çıxışından əvvəl mətbuat konfransı keçirib. Baş katib bloka üzv ölkələrin ümumi daxili məhsulunun 5 faizini təşkil edən hərbi xərc planını həyata keçirməyin vacibliyini bir daha vurğulayıb. Bu mövzu illərdir müzakirə olunur. Ağ Ev sahibi Donald Tramp hələ birinci prezidentliyi dövründə Avropa ölkələrinin hərbi xərclərini 5 faizə çatdırılmasını tələb etmişdi. Ancaq Avropa dövlətlərinin əksəriyyəti hələ də hərbi xərclərini 5 faizə çatdırmayıb".
Musavat.com xəbər verir ki, bu fikirləri "Atlas" Araşdərmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Şimali Atlantika Blokunun baş katibi davam etməkdə olan Rusiya təhdidinin, Çin, Şimali Koreya və İrandan gələn təhlükələri diqqətə çatdıraraq NATO ölkələrinin hərbi xərclərini artırmaqdan başqa seçimlərinin qalmadığını xatırladıb.
Politoloq dünyada və regionda artan hərbi gərginlik fonunda Azərbaycanın müdafiə siyasətinə dair fikirlərini bölüşüb:
“Müasir müharibələrdə texnoloji üstünlükləri olan ölkələr qalib gəlir.
“Dronlar, orta və uzaq mənzilli raketlər, süni intellektə əsaslanan sistemlər artıq bahalı tank və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarır. Azərbaycanın hərbi sahədə inkişaf etmiş ölkələrlə əməkdaşlığı ordumuzun güclənməsinə ciddi töhfə verir. Dünyadakı gərginlik və yeni təhlükə mənbələri Azərbaycana da hərbi xərclərini artırmağı diktə edir".
Politoloqun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafiya, yaxın regionda baş verən müharibələr və geosiyasi risklər fonunda müdafiə sahəsinə ayırmalar artırılmalıdır:
“Rusiya-Ukrayna müharibəsi, İran-İsrail qarşıdurması və Tayvan ətrafındakı gərginlik göstərir ki, artıq dünya yeni müharibələr dövrünə qədəm qoyub. Bu reallıqdan kənarda qalmaq mümkün deyil. Ona görə də Azərbaycan öz təhlükəsizlik arxitekturasını yeni çağırışlara uyğun formalaşdırmalıdır.”
Elxan Şahinoğlu qeyd edib ki, NATO daxilində də hərbi xərclərin artırılması ilə bağlı ciddi təzyiqlər var və bu tendensiya yalnız alyans üçün deyil, bütün ölkələr üçün nümunə olmalıdır.
Afaq,
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ