İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz Ermənistan konsulluğuna qarşı - Güney və Quzeydən etirazlar

Güneylilər hesab edirlər ki, belə bir addım atılarsa, İranın siyasi hakimiyyətinin sonu daha da sürətlənəcək 

Xəbər verildiyi kimi, dekabrın 27-də İrəvanda səfərdə olan İran baş diplomatı Hüseyn Əmir Abdullahian gələn ilin əvvəlində Təbrizdə Ermənistan konsulluğunun açılacağını anons edib. Bunu o, erməni həmkarı Ararat Mirzəyanla keçirdiyi mətbuat konfransında bildirib. “Ümid edirik ki, yeni ilin ilk günlərində həmkarımla mən Təbrizdə baş konsulluğu açacağıq”, - Abdullahian vurğulayıb. 

Bəs Təbriz əhli Ermənistan konsulluğunu istəyirmi? 

Suallardan biri də bu: Azərbaycanın Tehrandakı səfirliyi bağlı olduğu, rəsmi Tehran hələ də terrorçunu cəzalandırmadığı halda İranın Ermənistana bu reveransı nədən xəbər verir? 

Dünya Azərbaycanlıları Konqresinin sədri, deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, İran fars rejimi öz mahiyyəti ilə Ermənistanın terrorçu rejimindən çox da fərqlənmir: “İndi bir-birlərinin həvəsinə düşüblər, Qafanda səfirlik açırlar. Rusiya, Fransa, İran. Cəmi orada 5-10 min adam yaşayır. Bu qədər konsulluq kimə, nəyə lazımdır. İran üstəlik Təbrizdə Ermənistan üçün konsulluq açır. Təəssüf ki, bizim millətimizin ixtiyarı əlində deyil. Cənubi Azərbaycan üzərindən silah daşınırdı. Camaat nə etdi, maşını yandırmaqdan başqa bir şey edə bilmədilər. Ola bilsin konsulluq olacaq, amma bu vəziyyəti dəyişməz. Təbrizdə ölkəmizə düşmən ölkələrin neçə konsulluğu açılıb. İranın taleyi, qədəri məlumdur, güneylilər heç birini onlara bağışlamayacaq”. 

Sayman Aruz arvadını ETTELAAT-a niyə saxlatdırıb? -

 Sayman Aruz

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, Cənubi Azərbaycan əhli II Qarabağ müharibəsində öz münasibətini keçid məntəqəsində bildirdi: “Cənubi, Şimali Azərbaycan yoxdur. O taylı-bu taylı Azərbaycan vahid ideologiyaya, bayrağa dövlətə xidmət edən xalqdır. Cənubi azərbaycanlılar Ermənistanın Təbrizdə açılacaq konsulluq məsələsi ilə razı deyillər, heç vaxt da razı olmayacaqlar. Mən belə hesab edirəm ki, bu sadəcə olaraq Azərbaycana təzyiq vasitəsi kimi İran molla hakimiyyəti tərəfindən istifadə olunan oyundur. Hər ikisi Azərbaycan torpağıdır, Qafan da, Təbriz də. Farslarla ermənilərin həyasızlığına baxın ki, Azərbaycanın iki tarixi torpaqlarında Azərbaycana qarşı bu qədər kirli, siyasi, məkrli oyunlar oynamaqdadırlar. Bunlar görünür unudurlar ki, hər ikisi Azərbaycan torpağındadırlar. İranın Azərbaycana qarşı dostluq münasibəti ilə qətiyyən razı deyiləm. Çünki oradakı dövlətin xəmirini, kökünü yaxşı bilirəm. Onların bütün dövlətçilik təfəkkürü antitürk təbliğatı əsasında formalaşıb. Müvəqqəti olaraq üzümüzə gülməkləri o demək deyil ki, bizimlə hər hansı razılığa, barışa yaxınlaşa bilərlər. Onların ”ögey bacılığı" ermənilərlədir. Bir süfrədə, bir kasadadırlar. Azərbaycan xalqı da bu məsələ ilə bağlı həmrəy, oyaq olmalıdırlar. Biz düşmənlərimizi tarixi torpaqlarımızdan uzaqlaşdırmaq üçün hamımız dəmir yumruq ətrafında birləşməliyik. Başqa yolumuz yoxdur". 

S.Aruz onu da əlavə edib ki, İranın bu oyunu sona qədər getməyəcək: “Çünki Cənubi azərbaycanlılar bu məsələ ilə bağlı münasibətlərini artıq ortaya qoyublar. Sosial şəbəkələrdə də bu aydın görünür, hamısı buna qarşı çıxıblar. Elə bir addım atılarsa, İranın siyasi hakimiyyətinin sonu daha da sürətlənəcək. Belə görünür ki, İran siyasi çöküşü o dərəcədə sürətlənəcək ki, Cənubi Azərbaycan həm fars-molla hakimiyyəti ilə, həm də ermənipərəst dairələrlə öz hesab-kitabını dəqiqləşdirəcək. Mən bunu İranın siyasi intiharı adlandırardım. Çünki Azərbaycanın gözü qarşısında düşmənlərə nə yer, nə də torpaq var”. 

“İran Qafanda konsulluq açdığına görə, Tehran da Ermənistana Təbrizdə konsulluq xidməti açmağa şərait yaradıb”. Bu fikirləri isə siyasi şərhçi Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Təbrizdə konsulluq açmaq üçün təxminən 12 il Tehranın icazəsini gözləməli oldu: “Müxtəlif bəhanələr gətirilirdi. Ermənistan üçün isə İranda bütün qapılar açıqdır. Azərbaycanlıların şəhəri olan Təbrizdə Ermənistan konsulluğunun açılmasının Tehran və İrəvan üçün siyasi əhəmiyyəti var. Hər ikisi bölgədə azərbaycanlıların mövqelərinin güclənməsinə qarşıdır və bu mövzuda əməkdaşlıqlarını davam etdirirlər”.

 

Güney Azərbaycan Cümhuriyyət Partiyasının media təmsilçisi Barış Bozqurd isə (axar.az) bildirib ki, İranın illərdir yürütdüyü antiazərbaycan siyasətinə toxunub:  “Təbrizdə Ermənistan konsulluğunun açılması qərarı bu təxribatların növbəti nümunəsidir. Özünü şiə və müsəlman adlandırmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də Azərbaycanın deyil, Ermənistanın yanında oldu. Bu, Güney Azərbaycanda narahatlıq yaratdı. İranın belə siyasətinə qarşı güneylilər küçələrə çıxıb, öz etirazını bildirdi. İndi də İranın atdığı son addım istər xalq, istərsə də sosial mediada kəskin etiraz yaradıb. Güney Azərbaycanın siyasi təşkilatı olaraq belə bir işin olmasına qarşıyıq. Buna var gücümüzlə etirazımızı bildiririk. Çünki bütün İran ərazisində olan ermənilərin sayı 20-25 min arasındadır. Bu rəqəmlərin özü də şübhəlidir. Ola bilsin ki, daha azdır. Şərqi Azərbaycanda yaşayan erməni əhalisinin dəqiq sayına isə rast gələ bilmədim. Ermənilər, əsasən Tehran və İsfahanda yaşayır. Şərqi Azərbaycanda isə sayları o qədər deyil ki, Təbrizdə onlar üçün konsulluq yaradılsın. Biz yaxşı başa düşürük ki, bu siyasət Azərbaycanın bütövlüyünə qarşıdır. Buna isə təəccüblənmirik, İranın ənənəvi siyasəti həmişə bu cür olub. Bu addım, eyni zamanda Milli Hərəkata qarşı psixoloji təzyiqdir. Bununla da bizə qarşı savaş açdığını göstərir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR