İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz əməlindən peşman deyil - 20 yaşlı bacısını belə öldürüb

20 yaşlı bacısını amansızlıqla öldürməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda Təbriz Qasımovun işi üzrə məhkəmə-tibbi ekspert dindirilib.

Məhkəmə öz təşəbbüsü ilə Səbail rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinin əməkdaşı Arif Hüseynovu şahid qismində prosesə cəlb edib. Ekspert mərhum Təhminə İsmixan qızının tibbi müayinəsini həyata keçirdiyini və rəyində ölüm səbəbinin boğaz nahiyəsinin dəsmalla sıxılması olduğunu bildirib. Ayaq nahiyəsində müəyyən izlər olduğu üçün məhkəmə həmin məsələnin dəqiqləşdirilməsini tələb edib. Ekspertiza nəticəsində məlum olub ki, xəsarətlər əsasən üst və alt dodaqda yerləşib.

Həmçinin, əl ilə boğulmağa cəhd də qeydə alınıb. Lakin əsas ölüm səbəbi dəsmal vasitəsilə boğulma olub:

“Mərhumun sifət nahiyəsində izlər müşahidə olunub, lakin digər bədən hissələrində belə izlər qeydə alınmayıb. Ekspertizanın aparılması ölümün ertəsi günü həyata keçirilib. Ola bilsin ki, mərhum yuxulu vəziyyətdə olarkən boğulub. Baş nahiyəsində də qan sızmaları müşahidə olunub. Belə hallarda ölüm prosesi təxminən bir dəqiqə ərzində baş verir. Boğazda yerləşən və başı qidalandıran yuxarı və aşağı arteriyaların sıxılması nəticəsində faktiki olaraq baş boyundan ayrılmış kimi olur. Təqsirləndirilən şəxs dəsmal vasitəsilə boğazı sıxaraq qətl törədib”.

Məhkəmədə təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrdən istifadə etdiyi də qeyd olunub. Həmçinin Təbriz Qasımov cinayət hadisəsindən əvvəl də bacısını öldürmək niyyətində olduğunu etiraf edib və törətdiyi əməlindən peşmanlıq duymadığını bildirib.

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində bacısının yüngül həyat tərzi keçirməsi və rəsmi nikah müqaviləsi olmadan biri ilə yaşamasına görə onu öldürdüyünü deyib.

Proses zamanı Təbriz Qasımovun istintaq zamanı verdiyi ifadə elan olunub. O, özünü tam şəkildə təqsirli hesab edib.

Qeyd edək ki, ötən ilin iyulun 1-də, səhər saat 07:00 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Cinayət hadisəsini törədən, mərhumun 27 yaşlı qardaşı Təbriz Qasımov hadisədən sonra könüllü şəkildə polisə təslim olub.

Araşdırmalar nəticəsində məlum olub ki, Təbriz Qasımovla bacısı arasında yaranan şəxsi münaqişə zəminində o, Təhminə Qasımovanı boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qətl hadisəsinin səbəbi mexaniki asfiksiya, yəni boğulma olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Təbriz Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İnarə Hünbət
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR