İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbii inhisarçılar azaldı - yeni siyahı

 

Əksəriyyəti zərərlə işləyən bu qurumlar özəl əllərə nə vaxt veriləcək? 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti avqustun 1-də Azərbaycanda təbii inhisar subyektlərinin yeni siyahısını təsdiq edib. Rəsmi məlumata əsasən, təbii inhisar subyektlərinin yeni siyahısı 1 iyul 2024-cü il tarixdən qüvvəyə minmiş Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Belə ki, təbii inhisar fəaliyyət sahələri həmin məcəllənin 36-cı maddəsi ilə müəyyən edilib. Yeni siyahıya əsasən, Azərbaycanda təbii inhisar subyektlərinin sayı 3,9 dəfə azaldılaraq 141-dən 36-ya endirilib.

Bu azalmanın səbəbini izah edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, ləğv edilmiş siyahıdakı təbii inhisar subyektləri Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə qüvvədən düşən “Təbii inhisarlar haqqında” Qanunda təsbit edilən fəaliyyət sahələrinə əsasən müəyyən olunmuşdu: “Ötən dövr ərzində bazar konyukturasında baş verən dəyişikliklər təbii inhisar fəaliyyət sahələrinin təkmilləşdirilməsini zəruri edib. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi hazırlanarkən təbii inhisar fəaliyyət sahələrinin əhatə dairəsi üzrə beynəlxalq təcrübə araşdırılıb və milli iqtisadiyyatımızın xüsusiyyətləri əsas götürülməklə təbii inhisar fəaliyyət sahələri ilə bağlı təkmilləşdirmələr aparılıb. Bu mənada, qüvvədən düşən qanunda 12 sahə təbii inhisar fəaliyyət sahəsi hesab edilirdisə, Rəqabət Məcəlləsində bu sahələrin sayı 13 təşkil edir”.

Qeyd edilib ki, təbii inhisar subyektlərinin sayının azalmasının əsası qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır: “Belə ki, elektrik enerjisinin ötürülməsi, su təchizatı və meliorasiya xidmətləri sahəsində fəaliyyət göstərən qurumların adları yeni siyahıda saxlanılmış və onların strukturuna daxil olan və ya tabeliyində olan bölmələrin, o cümlədən regional və ya yerli bölmələrin adları siyahıdan çıxarılmışdır. Belə ki, təbii inhisar fəaliyyəti təbii inhisar subyekti tərəfindən vahid idarəetmə qaydasında həyata keçirildiyi halda, onun strukturunu təşkil edən bölmələrin qüvvədə olan siyahıda ayrıca təbii inhisar subyekti kimi qeyd edilməsinə zərurət qalmayıb.

Eyni zamanda Rəqabət Məcəlləsi ilə neft və (və ya) neft məhsullarının, təbii qazın boru vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı fəaliyyəti, habelə su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma fəaliyyəti təbii inhisar fəaliyyəti sahəsi sayılmadığı üçün bu sahədə fəaliyyət göstərən qurumların adları da qüvvədə olan siyahıdan çıxarılıb".

Xidmətdən bildirildiyinə görə, qüvvədə olan siyahıda yalnız azalmalar deyil, əlavələr də mövcuddur: “Belə ki, qüvvədə olan siyahıya magistral və ümumi əhəmiyyətli avtomobil yollarının, yol qurğu və tikililərinin saxlanması və istismarı üzrə müvafiq qurum və Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən 13 təbii inhisar subyekti əlavə edilib. Beləliklə, yuxarıda göstərilən səbəblər əsas götürülərək ləğv edilmiş siyahı ilə müqayisədə qüvvədə olan siyahıda təbii inhisar subyektlərinin sayında dəyişikliklər Rəqabət Məcəlləsinin tələbləri əsas götürülməklə bu sahədə təkmilləşdirilmə ilə bağlı olub”.(APA)

Onu da qeyd edək ki, Azərbaycanda bir çox sahələrdə dövlətə məxsus təbii inhisarların özəlləşdirilməsi, yaxud özəl şirkətlərin idarəçiliyinə verilməsi uzun illərdir zərurət olaraq qalır. Əksər müstəqil ekspertlər dövlətin boynunda ağır yükə çevrilən, onilliklər boyu büdcə subsidiyalarına oturan, zərərdən çıxa bilməyən bir sıra təbii inhisar subyektinə yanaşmada özəlləşdirmə, ya da özəl idarəçiliyə verilməni yeganə çıxış yolu kimi qiymətləndirirlər. Bu subyektlər arasında “Azərişıq” ASC, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs və digərləri var.

Təbii inhisarçılar cəzalandırılıb: “Hərəsi bir qərar verə, tarif  müəyyənləşdirə bilməz” - Ayna.az

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə internet xidmətlərinin təqdimi sahəsində dövlətin payının kəskin artdığını bildirir: “Baxmayaraq ki, son illərdə provayderlər üçün biznes mühiti nisbətən liberallaşıb, provayderlərin sayı kəskin artıb, amma pərakəndə internet satışı bazarında dövlətin xüsusi çəkisi yüksəkdir. Son üç ildə bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq xeyli yaxşılaşsa da, dövlətin payı da hədsiz yüksəlib.

Aztelekom, "Baktelekom", "AzEuroTel", "Azercell", hətta yetərincə müştəri sayı olan "Azeronline" provayderinin də "Azercell" dövlət şirkətinə aid olduğunu nəzərə alsaq, pərakəndə bazarda dövlətin xüsusi çəkisinin xeyli artdığını görmək olar".

Ekspert bu artımın zərərli tərəfi kimi avqustun 15-dən bütün Azərbaycan üzrə internet tariflərinin artırılmasını qeyd edir: “İndi dövlət və özəl provayderlər razılığa gəliblər ki, 15 avqustdan minimal tarifləri qaldıracaqlar. Ehtiyac olub-olmamasından asılı olmayaraq istifadəçilərə aşağı sürətlər üçün tarif seçimi imkanı verilməyəcək. Hazırda mövcud olan tarif, 15-18 manat (40 Mbit/s), avqustun 15-dən başlayaraq  25 manat (100 Mbit/s ) müəyyən olunacaq. Antiinhisar və İKTA hələlik istifadəçilərin seçim imkanlarının məhdudlaşdırılmasına və minimal tariflərin 40 faiz qaldırılmasına münasibət bildirməyiblər. İKTA gərək tənzimləyici qurum olaraq internet sektorunda dövlətin xüsusi çəkisinin yuksəlməsini də nəzarətdə saxlasın.

Düşünürəm ki, "Aztelekom"un, "Azercell" dövlət sirkətinin özəlləşdirilməyə çıxarılması məqamı yetişib".

Qeyd edək ki, əksər dövlət təbii inhisarlarının zərərlə işləməsi, yaxud mövcud potensial müqabilində cüzi gəlir əldə etməsi onların idarəçiliyində radikal dəyişiklikləri zəruri edir.

Yazını hazırladı: Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR