İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB sədrindən yeni tibbi xidmətlər haqqında önəmli açıqlama  

 

"Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılmasından öncəki icbari tibbi sığorta təminatına alınmış 2550 sayda tibbi xidmətin 80%-i TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilib, bunlar ambulator tibbi xidmətlər, laborator xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, stasionar terapevtik xidmətlər, həmçinin ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətləridir". 

Musavat.com xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün İcbari Tibbi Sığorta Agentliyinin media nümayəndələri üçün yenilənmiş "Xidmətlər Zərfinin" təqdimatına dair tədbirində çıxış edərkən deyib. O qeyd edib ki, TƏBİB-n tabeliyində icra edilməyən xidmətlər isə vətəndaşlara İcbari Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrinə TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən göndəriş vərəqəsi verilməklə təmin edilir:

"Ümumiyyətlə, xüsusi olaraq vurğulamaq istəyirəm ki, əvvəllər mürəkkəb əməliyyatları biz özəl tibb müəssisələrinə göndəriş etməklə icra edirdik, amma artıq əməkhaqqı sistemində aparılan islahatlar, xarici ölkələrdə təhsil almış və çalışmış həkimlərin tibb müəssisələrimizə cəlb olunması hesabına əlavə və dəyişikliklərdən öncəki 2550 tibbi xidmətin hamısını təqdim edə bilirik. Xidmətlər Zərfinə yeni daxil olan tibbi xidmətləri, çətin əməliyyatları da icra edə bilmək üçün əlimizdən gələni edirik. Məsələn, hazırda Yeni Klinikada orqan köçürülməsi, süni mayalanma, mürəkkəb fizioterapiya əməliyyatları, robotik cərrahiyyənin icrasını planlaşdırırıq. Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq. Məsələn, Abşeron Mərkəzi Xəstəxanasına gün ərzində 3000-dən çox xəstə müraciət edir, təqdim etdiyimiz tibbi xidmət sayı artıqda bu sayda artım müşahidə olunacaq. Bu səbəbdən tabeli tibb müəssisələrimizdə daha yaxşı və operativ xidmət göstərə bilmək üçün randevu sistemini, növbəli poliklinik sistemini tətbiq etmək zərurəti yaranıb. Həm gündüz, həm axşam saatlarında poliklinika xidmətini tətbiq etmək effektiv olar".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR