Onlayn ictimai-siyasi qəzet
Bu gün TƏBİB İran həbsxanasından yenicə çıxmış azərbaycanlı tələbə Fərid Səfərlinin yaşadığı ünvana səyyar tibbi briqada göndərib.
Bu barədə Musavat.com-a açıqlamasında TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
O əlavə edib ki, briqada həkim-terapevt, psixiatr, radioloqdan ibarət tibbi heyətdən təşkil olunub:
"Portativ USM cihazı vasitəsilə daxili orqanların, qarın boşluğunun müayinəsi həyata keçirilib. Biokimyəvi və ümumi qan analiz nümunələri götürülüb. Psixatrın konsultasiyası təşkil olunub, profilaktik söhbətlər aparılıb. Nəticələrə uyğun olaraq, yekun diaqnoz təyin olunacaq. Zərurət yaranarsa, ixtisaslı tibbi xidmət göstəriləcəyi bildirilib”.
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.
Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.
Sonradan ona qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. F.Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.
Fərid Səfərli 2025-ci il yanvarın 18-i azadlığa buraxılıb.
Afaq Mirayiq,
Musavat.com
25 Yanvar 2025
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ