Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Taxıl Şurası(BTŞ) 2023-2024-cü il mövsümündə dünya üzrə taxıl istehsalı proqnozuna azalma istiqamətində dəyişiklik edib.
Musavat.com-un məlumatına görə Şura hesab edir ki, bu mövsümdə dünya üzrə taxıl istehsalı 2 milyard 291,9 milyon ton(may proqnozunda 2 milyard 293,7 milyon ton) təşkil edəcək. Ümumi taxıl istehsalı azalsa da, buğda istehsalında artım olacaq. Belə ki, Şuraya görə, bu mövsümdə dünyada 786,7 milyon ton (may proqnozu 782,7 milyon ton) buğda toplanacaq.
BTŞ Rusiyada buğda yığımı proqnozunu dəyişməyərək 83,6 milyon ton həcmində saxlayıb. Lakin ötən mövsümdən qalan çoxlu ehtiyatlar imkan verəcək ki, Rusiya yeni mövsümdə 44,7 milyon ton (may proqnozu 43,7 milyon ton) buğda ixrac etsin. Ümumilikdə taxıl məhsullarının ixracı isə 53,6 milyon ton deyil, 54,6 milyon tona bərabər olacaq.
Buğda bazarında Rusiyanın ən yaxın rəqibi olan Avropa Birliyi 100 min ton az – 36,2 milyon ton buğda ixrac edə biləcək. Birliyin ümumi taxıl məhsulları ixracı proqnozu 50,6 milyon tondan 50,4 milyon tona endirilib.
Xatırladaq ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə ölkədə ümumi taxıl istehsalını 123 milyon ton həcmində gözləyir. Bunun 78 milyon tonunu buğda təşkil edəcək. Nazirliyə görə, mövsüm ərzində 50-55 milyon ton taxıl ixraca yönəldiləcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ