İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi qələbəmiz təhsil proqramında necə əks olunmalı?

Ekspertlər hesab edir ki, 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatının tədrisi önəmlidir

Sentyabr ayı xalqımız üçün tarixi qələbələr ayıdır. Belə ki, 2020-ci ildə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi 27 sentyabrda başladı, 2023-cü ilin antiterror əməliyyatları da 19-20-də həyata keçirildi. Hər iki təqvim Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub.

Ekspertlər hesab edir ki, 44 günlük Vətən müharibəsi, həmçinin 2023-cü ilin antiterror əməliyyatı barədə məlumatların təhsil proqramlarına salınması çox önəmli və vacibdir.

Bundan başqa, Azərbaycan Ordusunun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəklində universitet və orta məktəblərdə tədris olunmasının önəmliyi vurğulanır. Həmçinin Zəfər tariximizin müxtəlif əlamətdar günləri ilə bağlı orta məktəblərdə, universitetlərdə müxtəlif dərs saatları da təşkil olunması təklif olunur.

Onu da qeyd edək ki, Vətən müharibəsində qazandığımız Böyük Zəfərdən, uğurlu qələbədən, onun hərbi-siyasi və strateji əhəmiyyətindən bəhs edən kitab artıq hazırdır və məktəblərdə tədris olunur.

Xatırladaq ki, 2020-ci ildə qəhrəman generalımız Polad Həşimov erməni diversiya hücumu nəticəsində şəhadətə qovuşandan sonra onminlərlə vətəndaşımız onun qisasının alınması üçün küçələrə axışdı. Ardınca Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi, minlərlə gənc hərbi komissarlığa üz tutaraq döyüşə getməyə hazır olduğunu bildirdi.  Baxmayaraq ki, həmin günlər dünya koronavirus pandemiya ilə mübarizə aparırdı. Azərbaycan xalqı həm pandemiya ilə, həm də məkrli düşmənlə savaşmağa başladı. 27 sentyabrda Füzulinin kəndlərinin işğaldan azad edilməsi ilə başlayan savaş bir-birinin ardınca Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Ağdamın azad edilməsi ilə nəticələndi. Şuşa əməliyyatı xüsusi olaraq dünya hərb tarixində bir imza qoydu. Hətta bir sıra ölkələr Şuşa əməliyyatını öz hərbi dərsliklərinə saldılar.

10 noyabr birgə bəyanatında Ermənistan Azərbaycan qarşısında ilk kapitulyasiyaya imza atdı. Vətən müharibəsi nəticəsində erməni separatizminə böyük zərbə vuruldu, Qarabağın qondarma statusu məsələsi müzakirə masasından götürüldü. Bununla belə, zaman-zaman Qarabağda qalan bir sıra separatçı qüvvələr Vətən müharibəsindəki qələbəmizə kölgə salmağa, təxribatlar törətməyə çalışdılar.

Tam bir il öncə, sentyabrın 19-da Müdafiə Nazirliyi xəbər paylaşdı - Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Bu xəbər Qarabağdakı həmin erməni separatçılarına qarşı həlledici əməliyyatın keçirilməsinə zəmin yaratdı. Bir neçə saat sonra nazirlik Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinin başlandığını elan etdi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular və əməliyyat ordumuzun qələbəsi ilə başa çatdı. Antiterror tədbirlərində ordumuzun ələ keçirdiyi hərbi qənimətlərinin statistikası düşmənin arsenalında çoxlu sayda silah-sursatın olduğunu göstərirdi. Ələ keçirilən silahların bəziləri Bakıdakı Hərbi Qənimətlər Parkının yeni eksponatlarına çevrildi. Antiterror tədbirləri müharibə olacağı təqdirdə Bakıya qədər gələcəklərini deyən sözdə “prezidentlər”, “nazirlər” və “generallar” bir-bir həbs edildi.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

Bunun nəticəsidir ki, builki tədris ilində Xocalıda 32 ildən sonra 1 saylı tam orta məktəbin açılışı oldu, Xankəndidə isə bir neçə gün sonra məktəbin açılışı bir neçə gün sonra baş tutacaq.

Beləliklə, Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən, zəfərindən sonra bizi informasiya müharibəsində qələbə qazanmaq gözləyir. Mütəxəssislər qeyd edir ki,  bunun üçün davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Yəni postmünaqişə dövründə və bundan sonra həmrəyliyimiz və birliyimiz daha da güclənməlidir.

Yazını hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR